Səhabələr

Elçilər və yayılma dövrü

Mühüm bir yol ayrıcına gəlirlər və Herakl Usqufdan soruşur:

– Yaxşı bu vəziyyətdə mənə nə tövsiyə edir, necə davranmağı məsləhət görürsən?

–Ona tabe olmağın məsləhətdir, –deyir gözü yaşlı yepiskop. Ancaq Heraklın qorxusu var idi:

–Mən sənin dediyini çox yaxşı başa düşürəm, – deyir, – fəqət Ona tabe olmağa gücüm çatmaz. Çünki bu vəziyyətdə həm hökmdarlığım əldən gedər, həm də rumlular məni öldürərlər!

Bu an ulduzlara baxarkən gördüyü mənzərə yadına düşür və Hz.Dıhyəni çağırıb sünnət olub-olmadığını soruşur. Cavab gözlədiyi kimi idi; Allah Rəsulu sünnəti əmr edir, əshabı da sünnət olunurdu.

Hökmdar üçün zaman daralırdı. Əvvəlcə Allah Rəsulunun məktubunu alıb başının üstünə qoyur, sonra da öpməyə başlayır, ardından da onu ipək və məxmər qumaşlara büküb gizlədir.

Çox keçmədən Romanın münasibətini öyrənmək üçün bir məktub yazır. Orada Dağatır adlı özü kimi bir dostu var idi; onun da fikrini bilmək istəyirdi. Ancaq bu məktubun cavabı gələnəcən bir xeyli vaxt keçəcəkdi, ona görə də o vaxtadək məsələyə aydınlıq gətirəcək başqa bir dəlil tapmalı idi. Yanındakılardan soruşur:

– Peyğəmbər olduğunu deyən bu adamın qövmündən burada kimsə varmı?

Bu, bir axtarış idi və qısa zamanda Qəzzə yaxınlığında Qureyşə məxsus bir karvanın olduğunu öyrənirlər. Əbu Sufyan da karvanda idi və hökmdar onu hüzuruna gətirdib suallar verir, aldığı cavablar əsasında Rəsulullahın (s.ə.s.) risaləti ilə öncəki peyğəmbərlərin vəzifələrini müqayisə edir, Onun gözlənilən Peyğəmbər olduğunu dilə gətirməkdən çəkinmir. Sonra da ətrafındakı Rum böyüklərinə əmr edərək nüfuzlu adamları öz malikanəsinə yığdırır. Hamı gələndən sonra malikanənin qapılarını bağlatdırır. Özü də hündür bir yerdən onlara xitab etməyə hazırlaşır. Sözlərinə necə reaksiya veriləcəyindən narahat idi:

– Ey Rum camaatı, – deyə sözə başlayır, – mənə Əhmədin (Rəsulullahın) məktubu gəldi. İsanın şəxsən Onu müjdələməsinə şübhə yoxdur və hamımızın da gözlədiyi peyğəmbərdir! Kitablarımızda xüsusiyyətlərini görüb gələcəyi günü gözlədiyimiz Nəbidir O. Ona görə gəlin sizlər də Ona iman edib təslim olun, Ona tabe olub arxasında dayanın ki, dünya və axirətiniz də qurtulmuş olsun!

Heraklın bu sözləri Rum əyanlarını özündən çıxarır, sarayın içində böyük bir gurultu qopur; hər kəs söylənə-söylənə Herakla etirazını bildirir. Hökmdara kin və nifrətlə baxır, onun dəvətini qəbul etməmək üçün oranı tərk etməyə çalışırlar. Ancaq qapılara yönələrkən bunun mümkün olmadığını görəndə hiddətləri bir az da artır.

Mənzərəni seyr edən Heraklın iman məsələsində narahatlığı get-gedə artır, təşvişə düşür. Bu insanlarla münasibtələri düzəltmədiyi təqdirdə səltənətin və canı üçün təhlükə yaranacağını hiss edir. Buna görə:

– Buraya gəlin, – deyə arxadan onlara səslənir. Adamlarına da əmr edir ki, qaçanları geri qaytarsınlar. Onsuz da çıxmağa yol tapmayan əyanlar hökmdarın bu təlaşlı dəvətini qəbul edib yenidən geri dönür və onun nələr söyləyəcəyini maraqla gözləməyə başlayırlar. Yenə:

– Ey Rum camaatı, – deyə sözə başlayır, – bunları ona görə dedim ki, sizin dininizə olan bağlılığınızı yoxlayım. İndi görürəm ki, sizin barədə yanılmamışam!

Hökmdarın bu sözlərindən Rum əyanları olduqca məmnun olurlar. Buna görə də təzim və hörmətlə onun qarşısında səcdəyə qapanırlar.

İşlərin tərs getdiyini, hökmdarın da geri çəkildiyini görən rahib Usquf insanların bilə-bilə bunu qəbul etmək istəməməsinə dözmür və:

– Mən şəhadət edirəm ki, O, Allahın Rəsuludur, – deyə hayqırır.

Bir anda nəzərlər ona zillənir. Nifrətlə baxıb şiddətlə etiraz edirlər! Kin və nifrətləri o dərəcəyə çatır ki, Usqufa hücum çəkib oradaca öldürürlər.[6]

Davamı: 1 2 3 4 5 6 7 8 9