- Səhabələr - https://sehabe.meneviyyat.az -

Fiqh biliyi ilə tanınan səhabə

Abdullah ibn Məsud, Hüzeyfə ibn Yəman, Əbu Musa əl-Əşari və bir neçə səhabə bir evdə yığışır. İqamə verib namaza durmaq istəyirlər, amma heç kim qabağa keçib imamlıq etmək istəmir. Bunu görən ev sahibi üzünü İbn Məsuda tutub “Camaata namazı sən qıldır, Əbu Əbdürrəhman” – deyə xahiş edir. O da irəli durub onlara namaz qıldırır. İbn Sultan bu hadisəni danışandan sonra əlavə edir. “İbn Məsud imamlığa keçdi. Çünki o, onların ən fəzilətlisi idi”. Belə ki, o, “dörd xəlifədən sonra ən bilikli səhabə” hesab olunurdu.[1]

 “Abadilə” (“Abdullah”lar)[2] adlanan səhabələrdən bəhs edən “Qamus” kitabının müəllifi (Abdullah) ibn Məsudun onlardan sayılmadığını bildirmişdir.[3] Əli əl-Qari bunu belə izah edir: “Çünki İbn Məsud Abadilədən daha fəzilətli hesab olunmuşdur. Bu səbəbdən mühəddislər arasında Abdullah deyəndə o (Abdullah ibn Məsud), nəzərdə tutulur.” 

Fiqh elmini (İslam hüququ) yaxşı bilən bəzi səhabələrin adı Abdullah olduğu üçün onların hamısı “Abadilə” adı ilə yad edilmişdir. “Abadiləyə” daxil olan sahabələr bunlardır: Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Abdullah ibn Ömər ibn Xəttab, Abdullah ibn Zübeyr və Abdullah ibn Amr ibn As. Bunlar İslamın fiqh alimlərindəndir. Abdullah ibn Cəfər ibn Əbu Taliblə Abdullah ibn Əbu Bəkir əs-Siddiq də iti ağlı ilə seçilən səhabələrdəndir.

Əhməd ibn Hənbəl “Abadilə kimlərdir?” sualının cavabında belə demişdir: “Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Abdullah ibn Zübeyr və Abdullah ibn Amr”. “Bəs İbn Məsud?” sualına isə “Xeyr! (O, Abadilə deyil)” cavabını vermişdir. Beyhaqi bunu belə izah edir: “İbn Məsud onların hamısından qabaq vəfat emişdi. Digər Abdullahlar isə onun ölümündən sonra yaşadılar və onların elminə böyük ehtiyac vardı”.



[1] Əli əl-Qari, Şərhü-Müsnədi Əbu Hənifə, səh. 127.

[2] Bax.: Raşit Küçük, “Abadile”, DİA., I, 7.

[3] əl-Qamus, “Əbd” məqaləsi.