Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Həbib ibn Zeyd (r.a)

Tarix: 16.05.2013 | Bu məqalə 491 dəfə oxunub.

Əsri Səadətdə nurlu bir ailədə, nur üzlü bir uşaq dünyaya gəlmişdi: Həbib ibn Zeyd . Atasi Asim əl-Ənsari Rəsulullaha Aqabədə beyət edən ilk insanlar arasında idi. Anası Nəsibə binti Kab İslam yolunda müşriklərə qarşı silahdan istifadə ilk qadın idi. Həbib ibn Zeyd bele bir evdə, belə bir ananın tərbiyəsi altında böyüyüb boya-başa çatdı. Bu evdən iman, İslamiyyət və həqiqət nuru yüksəlirdi.   Bu nur daha uşaq vaxtlarından Həbib ibn Zeydin bütün mənliyini əhatə etmişdi. O dünyaya imanlı gəldi və imanla da böyüdü. Yaşının az olması səbəbi ilə Bədir və Uhudda iştirak edə bilməsə də geri qalan bütün qəzvələrdə iştirak etmişdir. İştirak etdiyi müharibələrdə İslam düşmənlərinə göz açmağa imkan vermirdi. Onun şücaəti və cəsarəti dillərə dastan idi.[1]

Hicrətin 9-cu ilində, Allah Rəsulu daha həyatda ikən Ərəbistan yarımadasının cənubunda peyğəmbərlik iddia edən yalançılar  ortaya çıxır və müsəlmanları narahat edirdilər.  Bu nadanlar  bütün güc-qüvvələrini insanları haqq yolundan azdırmağa sərf edir və onları zəlalətə doğru sürükləyirdilər. Sənada əl-Əsvəd əl-Ansi , Yəmamədə Müseylimətu-l-Kəzzab peyğəmbərlik iddiası ilə ortaya çıxmışdı . Yalançı Müseyləmə , Həzrəti Peyğəmbərə  elçi göndərərək peyğəmbərlik iddia edirdi. Yer üzünün iki yerə bölünməsini istəyir, yarısının özünə , o biri yarısının da Qureyşin olmasını Rəsulullaha təklif edirdi. Rəsulullah isə ona, yer üzünün bütünü Allaha aiddir, deyə bir cavab göndərmişdi.

Müseyləmə getdikcə çirkin fikirlərini adamları vasitəsi ilə xalqın arasında yayırdı. Buna görə Peyğəmbərimiz (s.a.s) Müseyləməyə xəbərdarlıq məktubu göndərmək istəyirdi. Amma bu məktubu ona kim aparacaqdı deyə fikirləşirdi. Çünki Müseyləmə kimi bir zalıma belə bir məktub aparmaq ölümə getmək kimi bir şey idi. Peyğəmbərimiz (s.a.s) səhabələri arasında bu vəzifəni yerinə yetirə biləcək fədakar birini axtarırdı. O bu vəzifəni şücaət və cəsarəti ilə tanınan Həbib ibn Zeydə vermək istəyirdi. Səhabələrlə də məsləhətləşincə bu vəzifə Həbib ibn Zeydə verildi.

Həbib ibn Zeyd böyük həvəs və həyəcanla Rəsulullahın  qüdsi mesajını çatdırmaq üçün yola çıxdı. Peyğəmbərin(s.ə.s.) əmrini yerinə yetirmək onun üçün dünyanın ən böyük xoşbəxtliyi idi. O Yəmaməyə getdi və məktubu Müseyləməyə verdi . Məktubu oxuduqdan sonra Müseyləmə əsəbləşdi ,gözlərindən kin və nifrət yağırdı. Bütün intiqamını Həbib ibn Zeyddən almaq istəyirdi. Əsgərlərinə əmr verdi, Həbib ibn Zeydi əli-qolu bağlı şəkildə yanına gətizdirdi. Həbib ibn Zeydi zəncirlə bağlı şəkildə xalqın önünə çıxartdılar. Onun bədənində və üzündə işgəncə izləri olsa da, qorxu və tərəddüdün izi qətiyyən yox idi. Başı dik və əzəmətli idi. Allaha inandığı üçün müşriklərin zahirindəki güc və qüdrətlərinin heç bir əhəmiyyəti yox idi. Müseyləmə ona suallar verməyə başladı:” Sen Məhəmmədin peyğəmbər olduğuna inanırsan?”  Bir yandan ona ağır işgəncələr edilir digər yandan da imanından döndərməyə çalışırdılar. [2]Amma o Rəsulullaha inandığını və Ona bağlılığını ucadan dilə gətirdi. Müseyləmə bu dəfə daha da irəli gedərək dedi: “Mənim peyğəmbər olduğuma inanırsanmı?”  Həbib ibn Zeyd bu suala qətiyyətlə yox cavabı verdi. Onun təhdidlərinə heç əhəmiyyət vermədi. Təkrar soruşduqda isə  Həbib ibn Zeyd onu ələ salırmış kimi : “Qulağımda karlıq var, səni eşitmirəm,”– cavabını verdi. Müseyləmə bu cavaba  da çox əsəbləşdi və onun parçalara ayrılmasını əmr elədi.  Cəlladlar onu əzab-işgəncə ilə öldürərkən o bədənindən qanlar axa-axa şəhadət gətirirdi. Ruhunu Cənabı Haqqa təslim edərkən dilində Rəsulullahı (s.ə.s.) adı tərənnüm edirdi.[3]

Bu xəbər anası Nəsibəyə (r.a) çatdıqda qəhrəman ana belə dedi:” Mən oğlumu belə bir gün üçün böyütmüşdüm. Onun Allah qatında şəhidlər mərtəbəsinə daxil olduğuna inanıram”.

Daha sonra Hz.Əbu Bəkir Müsəylimənin fitnəsini aradan götürmək üçün bir ordu təşkil etdi. Həbib ibn Zeydin anası Nəsibə (r.a) də bu ordunun içində idi. O Müseyləmənin müsəlmanlar tərəfindən öldürüldüyünü öz gözləri ilə gördü.

Allah onlardan razi olsun..



[1] İbn Əsir, Üsdül-Ğabə, 1/370.

[2] İbn Həcər, Əl-İsabə, 1/306.

[3] İbn  Sad, Təbəqat, 4/316

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.