- Səhabələr - https://sehabe.meneviyyat.az -

Həlimlik abidəsi

Həlimlik xoşxasiyyətlilik və ağırtəbiətlilik mənasına gəlir. Əbnəf ibn Qeys əl-Təmimi əs-Sədi həlim xasiyyəti ilə insanların rəğbətini qazanmışdı. O, çox təvazökar və həlim insan idi. Özü haqqında belə deyirdi: “Mən ağır təbiətli, həlim xasiyyətli deyiləm. Sadəcə belə görünürəm”.[1] Bu sözlər belə onun necə ağır təbiətli və təmkinli insan olmasından xəbər verirdi.

Həlimliyinə görə barmaqla göstərilən digər səhabə isə Qeys ibn Asim idi. O, Bəni-Təmimin elçi heyətinin tərkibində Pey­­ğəmbərimizin yanına gəlmişdi. Allah Rəsulu (s.a.s.) onu görən kimi belə buyurmuşdur: “Bu çadırlarda yaşayanların (bədəvilərin) böyüyüdür”.

Qeys ağıllı və həlim insan idi. Əhnəf ibn Qeys “Həlimliyi kimdən öyrəndin” sualına bu cavabı vermişdi: “Qeys ibn Asimdən. Qeys ibn Asim bir dəfə evinin həyətində oturub tayfası ilə söhbət edirdi. Bu vaxt iki adam gətirdilər. Biri ölü idi, birinin isə əlləri arxadan bağlanmışdı. Ona: “Qardaşın oğlu sənin oğlunu öldürdü” – dedilər. And olsun ki, o, nə yerindən tərpəndi, nə də sözünü yarımçıq kəsdi. Sözünü deyib qurtarandan sonra, üzünü qardaşı oğluna tutub: “Qardaşoğlu, nə pis iş gördün. Rəbbinin yanında günah işlədin, qohumluq haqqını pozdun və əmin oğlunu öldürüb öz sayını azaltdın, öz qılıncınla özünü vurdun”. Sonra isə digər oğluna belə dedi: “Oğlum, dur əmin oğlunun əllərini aç, qardaşını dəfn et, anana da oğlunun diyəsi olaraq 100 dəvə apar, o da tək qaldı” – dedi”.[2]

Cahiz səhabələrin həlim xasiyyəti haqqında deyir: “Loğmanın (ə.s.) həlimliyinə şeirlər həsr olunub. Qeys ibn Asimin, Müaviyənin, Əbu Süfyanın və b. insanların həlimliyi dillərdən düşmür. Ancaq Əhnəf ibn Qeys qədər həlim və həlimliyi ilə məşhur insan görməmişik. Fitnəkarlarla mübarizədə böyük rol oyanmışdır. Avam camaat, ürfan əhli, zahid, fitnəkar, rəşid xəlifələr, hakimiyyəti ələ keçirən hökmdarlar – xülasə hər kəs ona rəğbət bəsləmişdir. O, sağlığında və ölümündən sonra həmişə xeyirlə və təqdirlə yad edilmişdir. Rəvayətə görə, Rəsulullah onun haqqında dua etmiş, duası da qəbul olunmuşdur”.

Həqiqətən də Allah Rəsulu: “Allahım, Əhnəfi bağışla!”, − de­yə dua etmişdi. Əhnəf də belə demişdi: “Bu dua qədər heç bir əməlimə ümid etmirəm”. Bir rəvayətdə xəbər verilir: “İki nə­fər Əhnəfə Rəsulullahın (s.a.s.) ona dua etdiyini dedi, o da səcdə etdi”.[3]

Həlimliyi ilə dillərə dastan olan səhabələrdən biri də Əbu Zərr əl-Qifaridir. O ümmətin həlimi, imamların incisi, Suriya (Şam) xalqının müftisi və Şamın ilk qazısı idi.[4]



[1] Əhməd ibn Hənbəl, Zühd, səh. 286; İbn Həcər, əl-İsabə, 1/102.

[2] Nəvəvi, TəHəzrət ibül-əsma, 1/1, 62-63.

[3] İbn Həcər, əl-İsabə, 1/100-101.

[4] Kəttani, Ət-təratibül-idariyyə, 3/185.