Dostunuz Hənzələni mələklər yudu.(Hədisi-Şərif)
Övs qəbiləsinin zadəganlarından olan və ilk Müsəlmanlar arasında yer alan bu səmimi və fədakar sahəbə Rəsulullahın Suffə mədrəsəsində təlim almışdı.
Həyatının ən çox gözə çarpan anı Uhudda atası ilə qarşı-qarşıya gəldiyi an olmuşdu. Hənəzlənin atası ilk dövrlərdən etibarən İslama qarşı çıxan, üsyan edən, İslam nurunu inkar edən Əbu Amir idi. Allah Rəsulu Mədinəyə hicrət etdikdən sonra orayı tərk edərək Məkkəyə yerləşmişdi. Əbu Amir oğlunun əksinə İslamı qəbul etməməkdə israrlı olmuş, Uhud döyüşündə Rəsulullaha qarşı döyüşmüş, ondan fasiq damğasını almış azğın müşriklərdən idi. Ömür boyu kafir kimi yaşamış və kafir kimi ölmüşdü. [1]
Hənzələ qəhrəman və cəngavər bir sahəbə idi. Uhud döyüşünə çağırılanda düşmən cərgələrində atası və qardaşı da iştirak etdiyini bilə-bilə dərhal döyüşə qatılmışdır. İman və İslamiyyət həqiqətini hər şeydən üstün tutub atası ilə qarşı-qarşıya gəlməkdən çəkinməmişdi. Rəsulullahın yanına gəlib atasını öldürmək üçün izin istəsə də, Allah Rəsulu onu öldürməyə icazə verməmişdi.[2]
Hənzələ İslam tarixində “Qasilətül-Məlaikə” ləqəbi ilə tanınır. Rəvayətə görə, Hənzələ Uhud döyüşündə şəhid olanda Rəsulullah onu mələklər tərəfindən yuyulduğunu bəyan etmiş, Hənzələ də bu ləqəblə yaddaşlara həkk olmuşdu.
Hadisə belə olmuşdu:
Uhud döyüşündə müşriklərə qan udduran Hənzələ Əbu Sufyan ibn Hərblə qarşılaşır. Artıq Əbu Sufyanı öldürmək istəyirdi ki, onu gizli-gizli izləyən Şəddad ibn Əsvəd üstünə hücum edir və onu şəhid edir.[3]
Rəsulullah Hənzələ haqqında belə buyurur: “Dostunuz Hənzələni mələklər yudu. Gedib yoldaşından öyrənin, bu məsələyə aydınlıq gətirərsin”. Sahəbələr Hənzələnin yoldaşına Uhud düzündə baş vermiş bu hadisəni danışanda ondan bu cavabı alırlar: “Uhud döyüşünə çağırılanda dərhal evdən çıxdı. Qüslü alması gərəkirdi, ancaq imkan tapıb qüsl ala bilmədi. Yuyunsa idi, qoşuna çata bilməyəcəkdi. Ona görə də vaxt itirmədən döyüş meydanına qaçdı”. Bu hadisəni eşidən Rəsulullah belə buyurdu: “Məhz buna görə də mələklər onu yudular”.[4]
Onun başqa ləqəbi də vardı. Çox ibadət və Rəbbinə gecə-gündüz dua etdiyinə görə ona “Təqi” ləqəbini vermişdilər.
Vəfatından sonra Hənzələnin bir oğlu dünyaya gəldi.[5]Uşağın adını Abdullah qoydular. Rəsulullah vəfat edəndə hələ yeddi yaşı olan Abdullah da İslam tarixində “Qasilətül-Məlaikənin oğlu” ləqəbi ilə tanınmışdı. O da atası kimi İslam dininə ömrünün sonuna kimi sədaqətlə xidmət etdi. Atası haqqın müdafiəsi uğrunda şəhid olmuş, oğlu da Mədinən müdafiəsində Yezidə qarşı igidliklə vuruşmuşdu.
Allah onlardan razı olsun.
[1] Üsdul-Ğabə,2:59
[2] Sirə, 3:79
[3] adı keçən əsər
[4] Hilyətül-Övliya, 1:357
[5] İbn Sad, Təbəqat,