- Səhabələr - https://sehabe.meneviyyat.az -

Haram ibn Milhan (r.a.)

O ər ki yoldaşından razı qalıb dünyasını dəyişirsə, həmin mömin qadın cənnətə girəcək. (Hədisi-Şərif)

Uhud döyüşündən dörd ay keçmişdi… Nəcid bölgəsində yaşayan Bəni-Amir qəbi­lə­si­nin başçısı Əbu Bəra Peyğəmbərimizin hüzuruna gəlib qövmünə İslamiyyəti öyrətmək üçün bir neçə səhabə göndərməsini xahiş etdi. Rəsulullah da göndərəcəyi səhabələri himayə etməsi üçün Əbu Bəradan söz alıb Suffə səhabələrindən 40 (bir rəvayətə görə, 70) nəfər göndərdi. Məhz Hz. Haram ibn Milhan (r.a.) da bu heyətin tərkibində yer alırdı.

Hz. Haram Hz. Ənəs ibn Malikin dayısı idi. Ümmü Süleym və Ümmü Haramın (r.a.) qardaşı idi. Bədir və Uhud döyüşlərində olmuş, böyük qəhrəmanlıqlar göstərmişdi. Gözəl Quran oxumağı vardı. Eyni zamanda yaxşı natiq idi.

Heyət hazırlıqlarını tamamlayandan sonra yola çıxdı. Əbu Bəra öndə gedir, qarşısına çıxanlara Rəsulullahın səhabələrini toxunmamalarını və onları şəxsən özü himayə etdiyini deyirdi. Bir müddətdən sonra heyət Maunə quyusunun yanına gəlib çıxdı. Səhabələr orada yerləşib istirahət etdilər. Bu vaxt: “İndi bu bölgədə yaşayan insanları hansımız İslama dəvət edək?” ‒ deyə bir-birinin aralarında sual verdilər. Hz. Haram: “Mən dəvət edərəm, ‒ dedi, sonra da dostlarına,  ‒ mən xəbər gətirənə qədər buradan ayrılmayın. Əgər onlar mənə təbliğ etməyə imkan versələr, çox yaxşı olar! Yox, əgər xəyanət etsələr, onsuz da, siz də məndən uzaqda deyilsiniz, tədbirinizi alarsınız”, ‒ deyə əlavə etdi.

Haram ibn Milhan (r.a.) onlara yaxınlaşınca: “Rəsulullahın əmrini deməyə mənə imkan verəcəksinizmi?” ‒ dedi. İcazə verincə onları İslama dəvət etdi: “Mən Rəsulullahın sizə göndərdiyi elçiyəm. Mən şahidlik edərəm ki, Allahdan başqa ilah yoxdur. Muhəmməd də Onun qulu və Rəsuludur. Elə isə siz də Allah və Rəsuluna iman edin”, ‒ dedi.

Sonra da Rəsulullahın göndərdiyi məktubu Amir ibn Tufeylə uzatdı. Amir məktubu heç oxumadı da. Adamlarından birinə işarə verdi, Hz. Haram ibn Milhana arxadan nizə zərbəsini vurdular. Arxadan batan nizə bu şanlı səhabənin sinəsindən çıxdı. O vaxt Hz. Haram: “Allahu əkbər! Kə­bənin Rəbbinə and olsun ki, mən qazandım!” ‒ dedi. Şəhidlik kimi uca bir mərtəbə­yə ucaldı…

Müşriklər Haram ibn Milhandan (r.a.) sonra digər səhabələri də şəhid etdilər. Yalnız Amr ibn Ümeyyəni (r.a.) sərbəst buraxdılar. Səhabələr şəhid olmamışdan əvvəl: “İlahi, burada başımıza gələnləri Rəsuluna yalnız Sən xəbər verə bilərsən. Salamımızı ona Sən çatdır. İlahi! Rəsulun vasitəsilə qövmümüzə xəbər ver ki, biz Rəbbimizə qovuşduq. Biz Rəbbimizdən razıyıq, Rəbbimiz də biz­dən razıdır” , ‒ dedilər.

Peyğəmbərimiz (s.ə.s.) o əsnada Mədinədə idi. Cəbrail (ə.s.) gəl­di, onların salamını çatdırdı. Peyğəmbərimiz də onların başına gələnləri səhabələrinə xəbər verdi və belə buyurdu: “Qardaşlarınız müşriklərlə qarşılaşdılar. Müşriklər onları qılıncdan keçirdilər. Onlar şəhid olarkən: “Ey Rəbbimiz, Rəbbimizdən məmnun olduğu­muzu, Rəbbi­mizin də bizdən məmnun olduğunu qövmümüzə Sən çatdır”, ‒  dedik­lərini sizə mən bildirirəm. Onlar üçün Allahdan bağışlanma diləyin. Onlar mənə salam göndərdilər”.

Peyğəmbərimiz daha sonra qatillərə bəddua etdi. Bu bəd­duanın nəticəsində zalım müşriklər quraqlıq və qıtlığa məruz qaldılar. Pərişan oldu­lar…[1]

[1] Təbəqat, 3: 514; Üsdül-Ğabə, 1: 395; Müstədrək, 2: 110-111.