Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hassan bin Sabit (r.a.)

Tarix: 28.06.2013 | Bu məqalə 499 dəfə oxunub.

İnsanın namusu və şərəfi heç bir ləkə və yaraya dözə bilməz. Bir şüşə qırılsa, onu təmir etmək necə çətindirsə, insanın namusu və şərəfi də elədir.

Hassan bin Sabit

Ərəblərin ən böyük şairlərindən biri olan Hassan bin Sabit hələ təzə Müsəlman ol­muşdu. Həmin vaxtda müşrik şairlər həcvləri ilə Müsəlmanları narahat edirdilər. Müsəlmanların bu müşrik şairlərə cavab verəcək bir şairə ehtiyacları vardı. Çünki o zamanlar ərəblər şeirə çox əhəmiyyət verirdilər. Belə bir şairin axtarıldığını eşidən Hassan bin Sabit dərhal Rəsulullahın hüzuruna gəldi. Dilini əli ilə tutaraq: “Ya Rəsulallah! Mən sizə dilimlə kömək etməyə hazıram, on­ları həcv edərək öhdələrindən gələrəm!” ‒ dedi.[1]

Lakin onun həcv edəcəyi insanlar Peyğəmbərimizin də mənsub olduğu Qureyş qəbiləsindən idilər. Onları həcv edərkən Rəsulullaha nəsə aid ola bilərdi. Allahın Rəsulu Hassana belə dedi:

‒ Sən onları necə həcv edəcəksən? Bilirsən, mən də Qureyş qəbiləsindənəm.

Hassan bin Sabit belə cavab verdi:

‒ Ya Rəsulallah, mən şeirlərimdə müqəddəs zatınızı Qureyş müşriklərinin arasından elə nəzakətlə çəkib ayıraram ki, heç nə hiss olunmaz.[2]

Nəticədə, Rəsulullah (a.s.m.) ona icazə verdi. Lakin ona müşriklərin əsli-nəcabətini öyrənmək üçün Hz. Əbu Bəkirdən məsləhət almağı tapşırdı. Çünki səhabələr arasında əsli-nəcabəti tanıma elmini ən yaxşı bilən Hz. Əbu Bəkir idi. Hz. Hassan bundan sonra həcvləriylə müşriklərə hücum etməyə və Müsəlmanları rahatlaşdırmağa başladı. Yalnız müşrikləri həcv etməklə kifayətlənmir, oxuduğu gözəl şeirlərlə Peyğəmbərimizi və İslamı mədh edərək möminlərin qəlblərində ülvi həyəcan dal­ğaları meydana gətirirdi. Bir şeirində belə deyirdi:

 Rəsulullahın pak alnı qaranlıq içində görünəndə

Hər tərəfə nur saçan, qaranlığı yox edən bir çıraq kimi görünər.

 Hassan bin Sabit Müsəlman olanda 60 yaşı vardı. Mədinənin köklü qəbilələrindən biri olan Xəzrəc qəbiləsinə mənsub idi. Ata-babları isə Yəmən tərəfindən gəlmişdilər. Digər tərəfdən Peyğəmbərimizə uzaqdan qohumluğu çatırdı.

İslamı qəbul edəndən sonra şeirlərində qeyri-islami mövzuları tərk etmiş, tamamilə İslami mövzularda şeir deməyə başlamışdı. Onun istər müşrikləri həc­v, istərsə də Rəsulullahı müdafiə və mədh edən şeirləri o qədər uğurlu idi ki, artıq “Rəsulullahın şairi” ləqəbi ilə tanınmağa başlanmışdı.

Rəsulullah onun üçün məsciddə xüsusi yer hazırlatmışdır. Bəzən ora­da şeirlər oxuyaraq möminləri şənləndirərdi. Rəsulullah da onun bu gözəl şeirlərini təbəssümlə dinləyərdi.

Bir dəfə Rəsulullah:

‒ Əbu Bəkir haqqında da bir şeirin varmı? ‒ deyə soruşdu. O:

‒ Bəli, ya Rəsulallah, ‒ dedi. Peyğəmbərimiz də:

‒ Onu da eşitmək istərdim, ‒ buyurdu.

Hassan bir Sabit Hicrət əsnasında Hz. Əbu Bəkrin Peyğəmbərimizlə birlikdə keçirdiyi anları təsvir edən, Rəsulullahın Hz. Əbu Bəkrə olan səmimiyyətini dilə gətirən şeirini oxudu. Rəsulullah şeiri dinlədikdən sonra: “Çox doğru söylədin, ey Hassan, o, həqiqətən də, dediyin kimidir”, ‒ buyurdu.[3]

Peyğəmbərimiz onun müdafiə xarakterli şeirlərini təqdir edər, bəzən də belə deyərdi:

“Ey Hassan, Allahın Elçisi adına cavab ver. Ya Rəbbi, onu Ruhul-Qudusla təsdiq et”.

Bir dəfə də Hassan diliylə etdiyi böyük xidmətlərinə görə onun üçün belə dua etdi:

“Allahım, onu Cəbraillə qüvvətləndir”.[4]

Müsəlman olduqdan sonra Hassan bin Sabitin şeirlərində bəzi dəyişikliklər oldu. Artıq şeirlərində yalan və mübaliğə kimi ifadələrə yer verilmirdi. Hətta buna görə onun şeirlərində nisbətən zəifələmə olduğunu deyənlər də çıxdı. O isə bunlara belə cavab verirdi:

“İndiki şeirlərim əvvəlkilər qədər güclü olmadığını qəbul edərəm. Çünki İslam yalan danışmağı qadağan edir. Halbuki şeir yalan, xəyal və mübaliğə ilə gözəlləşər”. [5]

Həyatı boyunca Rəsulullahı şeirləri ilə məmnun edən Hassan bin Sabit onun vəfatının eşidən kimi dərin kədərini yazdığı mərsiyələrlə dilə gətirirdi:

 Artıq sənin vücudunu torpaqlarmı örtdü?

Kaş ki sənin yerinə quru torpaqlara girən mən olaydım!

Sənin vəfatından sonra Mədinədə insanlar arasında yaşayacağammı?

Ah, kaş ki doğulmaz, dünyaya gəlməz olaydım!

 Müsəlman şairlər arasında Hassan bin Sabitdən başqa Abdullah bin Rəvaha və Kab bin Malik də məşhur idi. Onlar da şeirləri ilə İslamı müdafiə etmişdilər. Quran bu şairlərin mübarizəsini tərifləyərək onları müşrik şairlərdən belə ayırır:

“(Müşrik və kafir) şairlərə gəlincə onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyil edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!). Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!) Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!” [6] Hassan bin Sabit 120 il yaşadı. Bu 120 ilin 60-ı Cahiliyyə dövründə, 60-ı da İslamiyyətlə şərəfləndirdikdən sonra keçmişdi. Maraqlıdır ki, atası, babası, babasının atası da 120 il ömür sürmüş­dülər…

Hassan bin Sabit Hz. Müaviyə dövründə 120 yaşındaykən əbədi aləmə köçdü. Son olaraq onun şeirlərindən bir-iki misra tərcümə edib təqdim etməyi məsləhət gördük:

“Zənginlik mənə həyanı unutdurmaz”.

“Dünyanın müsibətləri hüzurumu pozmaz”.

“İnsanın namusu və şərəfi heç bir ləkə və yaraya dözə bilməz”.

“Bir şüşə qırılsa, onu təmir etmək necə çətindirsə, insanın namusu və şərəfi də elədir”.

[1] Üsdül-Ğabə, 2: 4

[2] adı keçən əsər., 2: 5.

[3] Təbəqat, 3: 174

[4] Təcrid Tərcüməsi, 2: 360

[5] Üsdül-Ğabə, 2: 4

[6] “Şuəra” surəsi, 224-227

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.