- Səhabələr - https://sehabe.meneviyyat.az -

Heybəti dillərdə dolaşan səhabə

“Ömərin qamçısı, Həccacın qılıncından daha qorxulu idi”.[1] Bu cümlə təbiunun böyük alimlərindən Şabinin sözləri olub Həzrət Ömərin heybətindən xəbər verir.

Xorasan hakimi Hörmüz əsir edilərək Həzrət Ömərin evinə gətirilmişdi. Ancaq o əsnada Həzrət Ömər evdə yox idi. Hörmüzü gətirən əsgər Həzrət Öməri axtarmış, onu bir məsciddə qamçısını başının altına qoyub yatmış halda tapmışdı. Həzrət Öməri görən Hörmüz belə demişdi: “Allaha and olsun ki, ey xoşrəftar hökmdar, ədalətli hərəkət etdin. Mən İranın dörd şahına xidmət etmişəm, amma heç birindən bu qamçının sahibi qədər qorxmamışam”.[2]

Bir gün Həzrət Ömər bir yerə gedirdi. Səhabələr də onun arxasınca gəlirdi. Həzrət Ömər birdən dönüb geri baxdı, səhabələr onun heybətindən sarsılıb özlərini itirdilər. Bunu görən Həzrət Ömər özünü saxlaya bilməyib ağladı və belə dedi: “Allahım, Sən bilirsən ki, mən Səndən onların məndən qorxmasından çox qorxuram”.[3]

Bir dəfə həcəmətçi (qan alma işi ilə məşğul olan) Said ibn Eyləm Həzrət Ömərin saçlarını qısaldırdı. Bu vaxt Həzrət Ömər öskürüb boğazını arıtladı. Said ibn Eyləm onun heybətindən qorxaraq dəstəmazını pozdu (paltarını islatdı). Həzrət Ömər buna çox pis oldu və ona 40 dirhəm verilməsini əmr etdi.[4]

Abdullah ibn Abbasdan rəvayət edilir: “Ömərə bir ayə ilə bağlı sual vermək istəyirdim. Bir il keçdi, amma onun heybətindən cəsarət edə bilmədim”.[5]

İbn Asakirdən: Həzrət Aişə ilə Allah Rəsulu arasında bir söhbət oldu. Allah Rəsulu “Əbu Bəkrin hakim olub hökm verməsinə razı olarsan?” – deyə soruşdu. Hz. Aişə də “Xeyr” – dedi. Allah Rəsulu: “Bəs Ömərin necə?” – deyə soruşdu. Hz. Aişə “Hansı Ömərin” – deyə suala sualla cavab verdi. Allah Rəsulu (s.a.s.): “Xəttabın oğlu” – dedi. Hz. Aişə: “Vallah, mən Ömərdən qorxuram” – dedi. Bunu eşidən Peyğəmbərimiz “Şeytan da Ömərdən qorxur” – dedi”.


[1] İbn Şəbbə, 2/686.

[2] İbn Sad, 3/293; İbn Şəbbə, 2/692.

[3] İbnül-Cəvzi, Sirətü-Ömər, səh. 134.

[4] İbn Sad, 3/287.

[5] İbnül-Cəvzi, Sirətü-Ömər, “Heybəti” bölümü.