Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hubeyb bin Adiyy (r.a.)

Tarix: 28.06.2013 | Bu məqalə 519 dəfə oxunub.

Hubeyb şəhidlərin böyüyüdür. Cənnətdə mənim qonşumdur.                                                                

Tövhid inancının düşmənləri gözlərini qamaşdıran İslam nurunu söndürməyə gücləri çatmayınca müxtəlif hiylələrə əl atmağa başladılar. Xüsusilə, Bədirdə olduğu kimi, Uhudda da nüfuzlu adamlarını itirincə intiqam hissi ilə yanıb-alışdılar.

Bəni-Lihyanla aralarında razılığa gələn Adal və Qare qəbiləsinin bəzi mənsubları Müsəlman olduqlarını deyib Peyğəmbərimizə müraciət etdilər: “Ya Rəsulallah, İslamiyyət qəbiləmizdə yavaş-yavaş yayılmağa başladı. Səhabələrindən bir neçəsini bizimlə göndər, bizə Quran öyrətsinlər, İslamiyyəti başa salsınlar”.

Peyğəmbərimiz də Hz. Mərsəd bin Əbu Mərsədin (r.a.) başçılığı altında Suffə səhabələrindən 10 nəfəri onlarla birlikdə yolla saldı.

Uhud döyüşündən dörd ay keçmişdi. Hic­rətin 4-cü ili, səfər ayının əvvəlləri idi… Karvan “Rəci” quyusunun başına çatınca xəyanətə tuş gəldilər. Bəni-Lihyandan 100 nəfər bu günahsız və müdafiəsiz insanlara hücum etdilər. Vəziyyətin çətin olduğunu hiss edən Hz. Mərsəd yoldaşlarına yaxınlıqdakı dağa sığınmağı əmr etdi. Düşmənlər onları mühasirəyə alıb sıxışdırmağa başladılar. Onlar da qılınclarını çəkib özlərini müdafiə etməyə çalışdılar. Lakin çox keçmədən yeddi səhabə şəhid oldu. Hubeyb bin Adiyy, Zeyd bin Dəsinnə və Abdullah bin Tariq (r.a.) müşriklərdən onları öldürməyəcəklərinə dair söz alıb təslim oldular.

Soyğunçular bu üç səhabəni bərk-bərk bağladılar. Məkkənin yolunu tutdular. Onları Məkkə müşriklərinə əsir kimi satacaqdılar. Müqavimət göstərib getmək istəməyən Hz. Abdullah bin Tariq etiraz etdi. Əlini açıb qılıncına sarıldı. Lakin müşriklər fürsət vermədilər, bu uca insanı daşa tutub şəhid etdilər.

Əllərində qalan Hz. Hubeyb ilə Hz. Zeydi Məkkəyə apardılar. Hz. Hubeyb Hicrətdən əvvəl Müsəlman olmuşdu, Ənsarın öndə gələnlərindən idi. Bədir döyüşündə böyük qəhrəmanlıqlar göstərmiş, müşriklərin böyüklərindən Haris bin Amiri öldürmüşdü. Uhudda da böyük fədakarlıqlar göstərmişdi.

Bəni-Lihyan Hz. Hubeybi Haris bin Amirin övladlarına 100 dəvəyə satdı. Harisin ögey qardaşı Huceyr də Hz. Hubeybi nökəri Maviyənin evində həbs etdi. Məqsədləri bir müddət işgəncə verəndən sonra öldürmək idi.

Güclü imana sahib olan Hz. Hubeyb İlahi təqdirə boyun əyərək dərin səbir və tam təvəkküllə Rəbbinə qovuşacağı gü­nü gözləyirdi. Çünki o, Rəsulullah tərəfindən ali məqsəd üçün vəzifələndirilmişdi. Yeni Müsəlman olanlara Allahın kəlamını öyrətmək, İslamın gözəlliklə­rindən danışmaq üçün yola çıxmışdı. Bu yolda başına gələn hər işi səbirlə qarşılamalı idi. Ömrünü davam etdirib vəzifəsini yerinə yetirsə də, mükafatı vardı, xəyanətə qurban getsə də… Çünki şəhidlik mərtəbəsini qazanacaqdı.

Hz. Hubeybi tək, aç-susuz saxlayırdılar. Qaçmasın deyə əlinə-ayağına zəncir vurmuşdular. Lakin Hubeybi mərhəmətli Rəbbi ac qoymadı. Ev sa­hibi Mavi­yə bir gün Hz. Hubeybin qaldığı yerin qapısını açınca təəccübdən ağız aralı qaldı. Hu­beybin əlində dünyada misli görülməyən böyük üzüm salxımı vardı. Sakit şəkildə oturub, dənə-dənə onu yeyirdi. Daha sonra Müsəlman olan Maviyə bu hadisəni belə nəql edir:

“Mən Hubeybdən daha xeyirli bir əsir görmədim… O mövsümdə yalnız Mək­kədə deyil, dünyada belə bir üzüm dənəsi tapılmazdı. Əli-ayağı zəncirlənsə də, əlində insan başı böyüklüyündə üzüm salxımı vardı. Hər halda bu ruzini ona Allah verirdi…”

Maviyə bir dəfə gəlib gizli şəkildə Hz. Hubeybdən nəyəsə ehtiyacı olub-olmadığını soruşdu. Hubeyb heç vaxt nəfsini düşünmürdü. Yalnız imanına xələl gəlməməsini fikirləşirdi: “Mənə şirin su içirdib bütlər adına kəsilməyən heyvanların ətin­dən yedir, bir də məni öldürəcəkləri günü əvvəlcədən xəbər ver, başqa səndən heç nə istəmirəm”, ‒ dedi.

Maviyə davam edir: “Hubeybin öldürüləcəyi gün artıq bəlli idi. Vallah, ölüm xəbərini eşidincə onun üzündə zərrə qədər kədər, narahatlıq hissi görmədim. Yalnız ölməmişdən əvvəl təmizlik etmək üçün məndən ülgüc istədi. İstəyini yerinə yetirdim”.

Bütün Məkkə müşrikləri toplaşıb Hz. Hubeybi öldürəcək, vəhşiliklə bu günahsız insandan intiqam alacaqdılar.

Günəş doğmuş, səhər açılmışdı. Mənfur əməllərinə qovuşmaq istəyən bir dəstə Qu­reyş bütpərəsti Hz. Hubeybin zəncirə vurulduğu evə gəldi. İntiqam odu ilə yanan gözlərini Hz. Hubeybin üzünə dikdilər. Bu böyük səhabə təmkinlə onları gözləyirdi. Çox rahat və sa­kit idi. Onun üzündə ölüm qorxusundan əsər-əlamət yox idi. Müşriklər onun əlini açıb qaldığı yerdən çıxardılar. Hz. Hubeybi Məkkədən iki fər­səx uzaqlıqda olan Tənim bölgəsinə aparıb edam etmək üçün yola çıxdı­lar.

Müşriklər ovunu ələ keçərmiş ac canavar kimi mənhus sevinclə irəliləyir, Hz. Hubeyb də məzlum əda, lakin mətin və ağır addımlarla Allaha qo­vuşacağı məkana gedirdi. Yolda Hz. Zeyd bin Dəsinnə ilə qarşılaşmış, bir-bir­inə təsəlli vermişdilər.

Tənim sanki bir yarmarkaya çevrilmiş, uşaq-muşaq, gənc-qoca, qadın-kişi oraya toplaşmışdı. Bu iki məzlumun edamını seyr edəcək, guya Bədrin və Uhudun ağrısını dindirəcəkdilər…

Dərin çuxur qazdılar. Ora böyük dirək basdırdılar. Bu, dar ağacı idi. Hz. Hubeybi dar ağacının yanına apardılar. Hz. Hubeyb bir anlıq ayaq saxladı. Müşriklərdən heç bir istəyi olmamışdı. Ancaq son dəfə Rəbbinin hüzuruna çıxmaq istəyirdi: “İcazə verin, iki rükət namaz qılım”, ‒ dedi. Ona icazə verdilər.

Hz. Hubeyb ədəb-ərkanla xüşu içində iki rükət namaz qıldı. Salam verdikdən sonra müşriklərə yönəlib: “Vallah, əgər “ölümdən qorxdu, namazı uzatdı” deyə fikirləşməsəniz, namazı uzadardım!” ‒ dedi. Belə bir vəziyyətdə də iman əqidəsinə zidd olan qorxaqlıqdan uzaq olmağa çalışırdı.

Beləcə İslam tarixində edamdan əvvəl iki rükət namaz qılma adətini Hz. Hu­beyb başlatdı…

Müşriklər Hz. Hubeybi tutub dar ağacına bağladılar. Üzünü isə Mədinəyə çevirdilər. Müşriklər fikirləşdilər ki, bəlkə, ölümdən qorxar və dinindən dönər, ona görə də axırıncı dəfə ona belə bir təklif verdilər:

‒ Məhəmmədin dinindən dön, səni azadlığa buraxaq.

Hz. Hubeyb bu təklifi heç gözləmirdi. Bunu qəbul etmək onun üçün ölümdən betər idi. Böyük mətanətlə hayqırdı:

‒ Əsla, vallah, bütün dünyanı da mənə versəniz, yenə dinimdən dön­mərəm!

Müşriklər onunla istehza etməyə başladılar:

‒ Düzünü de, indi istərdin ki, əvəzində Məhəmməd öldürülsün, sən evində ailə-uşağınla sağ-salamat yaşayasan, elə deyilmi?

Peyğəmbər sevgisi ilə alışıb-yanan Hz. Hubeybin verdiyi cavab canilə­ri ürkütdü:

‒ Vallah, Peyğəmbərimin ayağına bir tikan batmaqdansa, canımdan olmağa razıyam! ‒ daha sonra belə davam etdi, ‒ Allah yolunda həyatımı qurban verməyə hazıram. Vallah, mən dinimə görə öldürülməkdən qorxmuram. Çünki bunların hamısı Allah uğrundadır. O diləsə, parça-parça olan vücudumu feyzə çatdırar.

Müşriklər fədakarlığın nə olduğunu bilməzlər. Ortalığı bir ölüm səssizliyi bürümüşdü. Bu sözlərə yalnız istehza ilə gülüb qarşılıq verirdilər. Onların üzündə şirkin çirkinliyi öz mənfur tərəfləri ilə əks olunmuşdur.

Haqsız yerə canına qıydıqları üçün Hz. Hubeyb onlara bəddua etdi: “Allahım, Qureyş müşriklərini məhv et! Birliyini darmadağın et! Bi­r-bir canlarını al, heç birini sağ buraxma!” Bu bəddua Tənim bölgəsində əks-səda verincə müşriklərin kimisi qulağını yumdu, kimisi üzüstə yerə uzandı.

Hz. Hubeybin imanındakı səbatını görən müşriklər Uhudda ataları öldürülən əli nizəli 40 gəncə hücum əmrini verdilər. Dörd tərəfdən atılan nizələr Hz. Hubeybin bədəninə batırdı. Bağlandığı ağac qı­mıldayınca üzü Kəbəyə döndü. Hələ də dua edirdi: “Allahım, əgər mən Sənin qatında xeyirli bir qulamsa, üzümü qiblədən başqa tərəfə çevirmə!” ‒ deyirdi. Artıq heç kəs ondan sonra ü­zünü başqa tərəfə çevirə bilmədi.

Ruhunu təslim edəcəyini anlayan Hz. Hubeyb Rəsulullaha salam göndərmək istədi. Lakin Hubeyb orada salamını çatdırmağa adam tapa bilmədi. “Allahım, Sən bizə Rəsulunun peyğəmbərliyini təbliğ etdirdin. Bizə rəva gö­rüləni səhər açılınca Rəsuluna çatdır. Allahım, salamımı Rəsuluna çatdırmağa bir kimsə tapa bilmədim. Nə olar, salamımı Sən çatdır!” ‒ deyə dua etdi.

Peyğəmbərimiz o səhər səhabələri ilə söhbət edirdi. Birdən qeybdən səs eşitdi, “Və əleyhissalam”, ‒ dedi. Səhabələr: “Kimin salamını aldın, ya Rəsulallah?” ‒ deyə soruşduqda Peyğəmbərimiz: “Qardaşınız Hubeybin salamını… Müşriklər onu şəhid etdilər!” ‒ buyurdu. Salamı çatdıran Cəbrail idi (ə).

Bütün müşrik gəncləri əllərindəki nizələri atıb qurtardılar. Ən axırda Haris bin Amrın oğlu Uqbə nizəsini Hz. Hubeydin sinəsinə batırdı, nizənin ucu kürəyindən çıxdı. Hz. Hubey kəlmeyi-şəhadət gətirərək cənnətə uç­du.

Müşriklər gələn-keçən görsün deyə Hz. Hubeybin cəsədini dar  ağacından endirmədilər. Bu vəziyyətdən xəbərdar olan Peyğəmbərimiz Hubeybin cəsədini dar ağacından endirmək üçün Hz. Amr bin Umeyyəni (r.a.) göndərdi və ona cənnəti müjdələdi.

Cəsədin yanında gözətçilər vardı. Bir gecə gizli-gizli yaxınlaşan Hz. Amr cəsədi dar ağacından açıb aşağı endirdi, kürəyinə alıb uzaqlaşmaq istədi. Birdən gözətçilər Hz. Amrin arxasınca düşdülər. Hz. Amr Hz. Hubeybin cəsədini kürəyindən yerə qoydu. Cəsəd ye­rə düşüncə nə gözətçilər gördü, nə Hz. Amr… Cənabı-Haqq müşriklərin əli­nə keçməməsi üçün böyük şəhidin cəsədini gizlətmişdi!

Hz. Hubeybi “şəhidlərin böyüyü” kimi səciyyələndirən Peyğəmbərimiz: “O, mənim cənnətdə qonşumdur”, ‒ buyurmuşdu.

Allah ondan razı olsun! [1]


[1]Sirə, 3: 178-179; Üsdül-Ğabə, 2: 103-105; Təbəqat, 2: 55-56; 4: 249; 8: 301-302; İstiab, 1: 432; Buxari, Məğazi: 30

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.