- Səhabələr - https://sehabe.meneviyyat.az -

Hubeyb bin Yəsaf (r.a.)

Pis söz danışanla onu yayan eyni dərəcədə günah qazanır.

Hz. Əli

Rəsulullah Bədir müharibəsinin hazırlıqların görürdü. Hazırlıqlar tamamlanandan sonra səhabələr yola çıxdılar. Bu əsnada bir nəfər arxadan təngnəfəs qaça-qaça gələrək döyüşə qatılmaq istədiyini bildirdi. Hz. Aişə bu hadisəni belə rəvayət edir:

Rəsulullah Bədir hərbinə çıxanda Harrətül-Vəbrədə bir adam gəlib çatdı. Bo­ylu-buxunlu olan bu adamın cəsarət və qəhrəmanlığı dillərə dastan idi. Səhabələr onu görüncə sevindilər. Bu insan Rəsulullahın yanına gəlib “Sizinlə bir yerdə düşmənlərə qarşı vuruşmaq üçün gəldim!” ‒ dedi. Rəsulullah “Sən Allaha və Rəsuluna inanırsanmı?” ‒deyə soruşdu. Bu adam“Xeyr”, ‒dedi. Bu cavabı eşidən Rəsulullah “Geri qayıt! Biz müşriklərdən kömək istəmirik”, ‒buyurdu.

Rəsulullah Şəcərə adlı yerə çatanda həmin adam yenə gəldi. Rəsulullaha öz istəyini bildirdi. Rəsulullah ona eyni cavabı verdi. Bəydə adlı yerə çatanda yenə gəlib Rəsulullahın qoşununa yetişdi. Döyüşə qatılmaq, Rəsulullahın tərəfində vuruşmaq istədiyini söylədi. Rəsulullah yenə ona Allaha və Rəsuluna inanıb-inan­madığını soruşdu. Bu dəfə “Bəli”,‒dedi. Nəticədə, Rəsulullah ona “Buyur, bizimlə birlikdə gəl”, ‒buyurdu. Və belə­cə Bədir müharibəsinə qatılma şərəfinə nail oldu.[1]

Bu şəxsin adı Hubeyb bin Yəsaf idi (r.a.). Cəsarət və qəhrəmanlığa ilə tanınan bu səhabə müsəlman olmamışdan əvvəl də Məkkə müşriklərinin Rəsulullaha etdiyi zülmlərə dözə bilmir və bunun intiqamını almaq istəyirdi. Haqsızlığa qarşı mübarizə aparan bu qəhrəman insanın ruhundakı ən­gin haqpərəstlik hissini ancaq İslami həqiqət və prinsiplər doyura və inkişaf etdirə bilərdi. Yalnız İslamı qəbul etməklə Bədir döyüşündə iştirak edə bilərdi. Çünki “Bədrin aslanları” Quranda mədh edilən mücahidlər birliyi idi.  Rəsulullah onu İslama və tövhidə dəvət etdi. Və Hu­beyb qəlbindəki həqiqət işığının Allaha iman nuruyla birləşdiyini gördü, bəxtiyarlar zümrəsinə qoşuldu.

Bədir döyüşündə aslanlar kimi vuruşdu. İki dünya səadətinin doğru yolunu göstərən, kainatın yaradılış səbəbi olan, haqqı təbliğ edən Peyğəmbəri susdurmaq istəyən Məkkə müşriklərinə qan qusdurdu. İslam günə­şini üfürməklə söndürmək istəyib insanlığı həqiqət və iman nurundan məhrum etməyə can atan din düşmənlərinə qarşı döyüşdü.

Döyüşdə Hz. Hubeybin qılıncı zərbələrin təsiri ilə bükülmüşdü. Hu­beyb çarəsiz qalıb Rəsulullahın yanına gəldi.  Rəsulullah bükülmüş və hətta bir hissəsi çatlamış qılıncı ağız suyu ilə yumşaltdı və düzəldib Həzrəti Hubeybə verdi.[2]

Hubeyb bir müharibə xatirəsini belə xatırlayır “Rəsulullahla birgə iştirak etdiyim bir döyüşdə müşriklərdən biri boyuma bir zərbə vurdu. Mən də onu öldürdüm. Daha sonra onun qızı ilə evləndim… Yoldaşım bəzən mənə “Kaş ki (qızını verərək) sənə bu qədər yaxşılıq edən bir kimsəni itirməsəydim!” ‒ deyərdi. Mən də ona “Sən onu unut, atanı o biri aləmə tez göndərən insanı itirməmək üçün dua elə!” ‒ deyərdim”.[3]

Hubeyb (r.a) Bədir, Uhud, Xəndək başda olmaqla, Rəsulullahın qatıldı­ğı digər bütün döyüşlərdə iştirak etdi. Yalnız müharibə işləriylə deyil, bəzi təftiş (yoxlama) məsələləriylə də məşğul olduğu nəql edilir. Səid ibn Müsəyyəbin rəvayətinə görə, Hz. Ömər Hubeybi bəzi işlərin təftişi üçün vəzifələndirmişdir.[4]

Bir rəvayətə görə, Hz. Osman digər bir rəvayətə görə isə, Hz. Ömərin dövründə vəfat edən Hubeyb ibn Yəsafın İmam Malikə müəllimlik edən Hubeyb ibn Əbdürrəhman adlı nəvəsi var idi.[5]

 Allah ondan razı olsun!


[1] İbn Sad, Təbəqat, III, 535.

[2] İbn Həcər, əl-İsabə, I, 418.

[3] İbn Həcər, əl-İsabə, II, 102.

[4] İbn Həcər, əl-İsabə, I, 418.

[5] İbn Sad, Təbəqat, III, 535.