- Səhabələr - https://sehabe.meneviyyat.az -

Hündür boyu ilə seçilən səhabələr

Həzrət Ömər (r.a.) hündür boylu idi. Ayaq üstə dayananda bir heyvanın üstündə oturmuş kimi görünürdü.[1] Addiy ibn Hatim də onun kimi uzun idi, bir miniyə minəndə az qala ayaqları  yerlə sürünürdü.

Tər-təmiz, saf simalı və ədəb timsalı Cərir ibn Abdullah da hündür boylu idi.[2] Cəririn ayaqqabısının bir arşın (təqribən 68 sm.) uzunluğunda olması haqda rəvayət var.[3]

Əli ibn Abdullah ibn Abbas çox hündür idi. Atası Abdullah ondan, babası Abbas da atasından uzun idi.[4]

Həzrət Abbas Bədir döyüşündə müsəlmanlara əsir düşəndə onun üçün köynək axtardılar. Mədinədə bircə Abdullah ibn Übeyin köynəyi onun əyninə gəldi. Abdullah ibn Übey köy­nəyini ona verdi.[5] Mənbələrdə Abdullah ibn Übey haqda “Qulağı göyə ən yaxın olan insan” təyini işlədilir.[6]

Qeys ibn Sad ibn Ubadə də hündür boylu idi. Bizans hökm­darı Müaviyəyə “Mənə ən uzun boylu ərəbin paltarını göndər” demişdi. Müaviyə Qeysin paltarını götürüb ən hündür bizans döyüşçüsünün burnundan aşağı tutmuş və paltarın ucu yerə dəymişdi.[7]

Belə bir rəvayət də var: Bizans hökmdarı ən güclü və ən hündür boylu iki döyüşçüsünü Müaviyənin düşərgəsinə gön­dərmişdi: “Əgər göndərdiyim döyüşçülərdən birindən gücdə, o birindənsə boyda üstün döyüşçün olsa, mən sənə filan qədər əsir verəcəm. Yox əgər ordunda bunlardan üstün döyüşçü olmasa, mənimlə üç illik müqavilə bağlayacaqsan!”[8] Müaviyə qolu qüvvətli Məhəmməd ibn Hənəfiyyəni ça­ğırdı. Məhəmməd yerə oturub əlini Bizans döyüşçüsünə verdi. Bizans döyüşçüsü nə qədər əlləşib vuruşsa da, onu yerindən tərpədə bilmədi. Sonra Bizans əsgəri oturdu və əlini Məhəmməd ibn Hənəfiyyəyə uzatdı. Məhəmməd ibn Hənəfiyyə onu bir göz qırpımında havaya qaldırıb yerə çırpdı. Müaviyə buna çox sevindi. Sonra Qeys ibn Übadənin paltarını istəyərək ən uzun Bizans döyüşçüsünə verdi. Paltarı sinəsinə qədər çəksə də, ətəkləri yerə dəydi. Bizanslılar onun üstünlüyünü etiraf etdilər.[9]

Digər hündür boylu səhabə isə Zübeyr ibn Avvamdır. O, miniyə minəndə ayaqları yerlə sürünürmüş.

Məhəmməd ibn Rəbi deyir: “İslamda on nəfərin boyu on qarış idi. Bunlar Übadə ibn Samit, Sad ibn Muaz, Qeys ibn Sad ibn Übadə, Cərir ibn Abdullah əl-Becəli, Addiy ibn Hatim ət-Tai, Amr ibn Madikərib əz-Zübeydi, Əşas ibn Qeys əl-Kindi, Ləbid ibn Rəbiə, Əbu Zeyd ət-Tai və Amr ibn Tufeyl idi. Tuleyha ibn Huveylidin də uzun boylu olması haqda rəvayət var.[10]

Munaqqa ibn Husayn rəvayət edir: “Mən Allah Rəsulunun yanına gəldim, o bir dəvənin üstündə idi. Əsəd (r.a.) isə yerdə dayanmışdı. Onun başı Rəsulullahın (s.a.s.) başı ilə bərabər səviyyədə idi. Onun kimi hündür boylu insan görməmişəm. Ona yaxınlaşanda elə bildim yuxarıdan üstümə aşır”.[11]



[1] Üsdül-ğabə, 4/180.

[2] Qalaqaşəndi, Sübhül-əşa, 1/447.

[3] İbn Əsakir, Müxtəsərü-tarixi Dəməşq, 6/35.

[4] Qalaqaşəndi, Sübhül-əşa, 1/447-448.

[5] İbn Sad, Təbəqat, 4/13.

[6] İbn Sad, Təbəqat, 4/23

[7] Bu səhabənin Qeys ibn Übadə olduğunu da rəvayət edirlər.

[8] İbn Əsakir, Müxtəsərü-tarixi-Dəməşq, 21/113-114.

[9] İbn Əbdülbərr Qeysin paltarı ilə bağlı deyilənlərin uydurma olduğunu irəli sürür. İstiab, 3/231; Üsdül-ğabə, 4/427

[10] Üsdül-ğabə, 3/95

[11] Heysəmi, Məcməüz-zəvaid, 3/505; İbn Sad, Təbəqat, 7/63.