Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hüreym ibn Fatiq (r.a.)

Tarix: 01.08.2013 | Bu məqalə 624 dəfə oxunub.

Ey Hüreym, həqiqətən də, sən çox yaxşı bir insansan.

Hədisi-Şərif

Peyğəmbərimiz (s.ə.s) bütün insanlığa haqq və həqiqəti təbliğ etməklə yanaşı, özündən sonra İslam həqiqətini əbədiyyətə qədər müdafiə edən, in­sanları nura çağıran nəsil yetişdirirdi.

Rəsulullah bu məqsədlə qurduğu Suffə mədrəsəsində səhabələrin təliminə yüksək həssaslıq göstərmişdir. Özü yeməmiş, onlara yedir­miş, geyməmiş, onlara geydirmişdir. Hüreym ibn Fatiq də Suffə səhabələrinin arasında adı çox hallanmasa da, Rəsulullahın öyrətdiyi möhtərəm tələbəsidir.

Hüreymin İslamı qəbul etməsi çox maraqlı olmuşdu. “Siyər” kitabla­rında Hüreymin qeybdən bir səs eşitdiyi və bu səsin müsəlman olmasına səbəb olduğu qeyd edilir. Rəvayətə görə, Hz. Hüreym İraq tərəflərə gedir. Gecə vaxtı idi. Zülmət qaranlıq çökmüşdü. Hz. Hüreym qaranlığın sirli zülmətindən bir az qorxdu, bir az narahat oldu. Elə bu əsnada qeybdən bir səs eşitdi:

‒ Vay, vay! Allahın sənə rəhmi gəlsin (Ey Hüreym), Allaha sığın. O, izzət və cəlal sahibidir. Əbədiyyət və şərəf Onundur. “Ənfal” surəsindəki ayələri oxu. Allahın varlı­ğını elan et və qəm çəkmə.[1]

Bu səs onun qəlbində böyük fərəh hissi doğurdu və Mədinəyə yollandı. Eşitdiyi sözlərin eynisini Peyğəmbərimizin də danışdığını öyrənir. Və bunu Rəsulullaha bildirmək istəyir. Rəsulullahın hüzuruna gedəndə sözlə­rinə başlamadan Peyğəmbərimiz Hz. Hüreymin qeybdən eşitdiklərini şeir şəklində minbərdə oxudu. Hüreymin ürəyi indi yalnız həqiqət üçün döyünürdü.

Hüreym artıq dərk edirdi ki, hər kəsin ürəyi bir həqiqət naminə döyünürdü. Qardaşı Sibrətlə birgə Bədir döyüşünə qatıldı, orada böyük qəhrəmanlıqlar göstərdi.

Siyər qaynaqlarında onun Bədir döyüşünə qatıldığı və birlikdə Suffə mədrəsəsinin tələbələrindən olduğu qeyd edilir. Bəzi hədisi-şəriflərdən öyrənirik ki, Peyğəmbərimiz onun təhsilinə böyük əhəmiyyət verirdi. Rəsulullaha həmişə onun ən xırda səhvlərini belə tutar, onu düzəltməyi tapşırardı.

Bir gün Rəsulullah Hüreym bin Fatiqə belə buyurdu “Ey Hü­reym, həqiqətən, sən çox yaxşı bir insansan. Səndə bu iki xüsusiyyət olmasaydı, nə qədər yaxşı olardı”.

Hüreym həyəcanla “Ya Rəsulallah, bu iki xüsusiyyət hansıdır?”‒deyə soruşdu. Rəsulullah qürur əlamətindən sayılan iki xüsusiyyəti belə açıqladı “Birincisi paltarı, ikincisi də saçını çox uzadırsan”.

Hüreym “Düz deyirsən, ya Rəsulallah!” ‒ deyərək dərhal gedib paltarını qısaltdı, saçını təraş etdi.[2]

Hz. Hüreym Suffə mədrəsəsində yetişdikdən sonra evləndi. Böyütdüyü Eymən adlı oğlu həm şair, həm də pəhləvan idi.

Hz. Hüreym artıq vəfat etmiş, müsəlmanlar arasında fitnələr baş qaldırmışdı. Bir gün Mərvan ibn Hakim Hz. Hüreymi öz tərəfinə çəkmək üçün ona bir təklif göndərir, əvəzində isə bu cavabı alır “Atam və əmim Bədir döyüşündə iştirak etdilər. Müsəlmanlara qarşı da döyüşməyi qadağan etdilər”.[3]

Ardınca da şeiri oxudu:

Mən namaz qılan bir adamla döyüşə bilmərəm.

Başqa bir Qureyş ordusuna qatıla bilmərəm.

Onun gücü ona aiddir, bu günahı mən üstümə götürə bilmərəm.

Cəhalət və azğınlıqdan Allaha sığınıram!

Müsəlmanı necə öldürə bilərəm?!

Yaşadığım müddətdə faydasız işlərdən çəkincəm.[4]

Hüreym bin Fatiqin oğlu atasının verdiyi nəsihəti unutmaz və fitnələrə qa­rışmazdı. Hz. Hüreym Rəsulullahın gələcəkdə baş verəcək fitnələrlə bağlı hədisləri bildiyinə görə oğluna daim fitnələrdən uzaq olmaq üçün tövsiyələr verərdi.

Hüreym Rəsulullahdan bu hədisi rəvayət edir “Rəsulullah səhabələrə üz tutub “Mən yalançı şahidliyi Allaha şərik qoşmaqla eyni səviyyədə tuturam!” ‒buyurdu.”[5]

Buna bənzər bir çox hədisi-şəriflər nəql edən Hüreym Hz. Müaviyənin dövründə vəfat etmişdir.

Allah ondan razı olsun!


[1] Hilyə, I, 363.

[2] Üsdül-Ğabə, I, 112; əl-İstiab, I, 426

[3] Üsdül-Ğabə, I, 112;

[4] İbn Sad, Təbaqat, VI, 38-39.

[5] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 361.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.