- Səhabələr - https://sehabe.meneviyyat.az -

Hüzeyfə ibn Yəman (r.a.)

Mən dünyadan ayrılacağıma kədərlənmirəm. Əksinə, ölüm mənim üçün daha sevimlidir. Lakin Rəbbimin rizasına uyğun yaşayıb-yaşamadığımı dəqiq bilmirəm.

Huzeyfə ibn Yəman

Rəsulullahın (s.ə.s) sirr ortağı idi. Rəsulullah münafiqlərlə bağlı bütün sirlərini ona danışardı. “Qiyamət gününə qədər baş verəcək hadisələri Rəsulullah mənə xəbər verdi”, ‒deyərdi Huzeyfə ibn Yəman. Ona görə də Hz. Ömər həmişə Huzeyfəni izləyərdi. Bir nəfər öləndə Hz. Huzeyfəni insanların arasında görməsə, onun cənazə namazına getməzdi. Çünki Huzeyfənin o kimsənin cənazə namazına getməməsi Hz. Ömər üçün bir dəlil idi. Hz. Ömər bir dəfə valiləri arasında münafiq olub-olmadığını öyrənmək istəyirdi. Hz. Ömər ondan xahiş edir ki, münafiqlərin adını desin Huzeyfə (r.a.) sirr vermir, lakin deyir ki, aralarında bir münafiq var, onun da adını verməyəcək. Hz. Ömər daha sonra bu şəxsin kim olduğunu öyrənir və vəzifədən kənarlaşdırır.[1]

 Hz. Ömər və bir çox səhabələr bir araya gəlib Allaha dua edirdilər. Kimisi ev dolusu qızıl istəyir, kimisi bağ-bağça və ərazi istəyir, bə­ziləri də daha qiymətli şeylər verməsi üçün Allaha dua edirdilər. Lakin Hz. Ömərin duası hamısından fərqli idi. “Mən, ‒ deyirdi, ‒ Allahdan Əbu Ubeydə, Muaz ibn Cəbəl və Huzeyfə ibn Yəman kimi mücahidlər istəyirəm ki, onlarla Allah yolunda xidmət göstərim, özümə köməkçi seçim”. Bəli, o, bütün varlığını din uğrunda qurban verməyə hazır olan qəhrəmanlar istəyirdi. Elə əsl mücahidlər də bunlar deyilmi?[2]

Atasının adı Hisl bin Cabir idi. Çox yaşlı olduğuna görə Uhud döyüşünə qatıla bilməmişdi. Rəsulullaha ona Mədinədə qalıb qadın-uşaqlara baxmağı tapşırmışdı. Uhud döyüşündən gələn məğlubiyyət xəbəri ruhunu həyəcana gətirmişdi. Döyüşə qatılmalı, İslam düşmənlərinə qan qusdurmalı idi. “Ya bu gün, ya sabah, onsuz da, qəbirə girəcəyik, burada ölməkdənsə hərb meydanında ölüb şəhidlik mərtəbəsini qazanaq!” ‒deyirdi. Oğlu Huzeyfə Allahın kəlamını ucaltmaq üçün cihad edərkən, evdə oturmaq onun heysiyyətinə toxunurdu. Qılıncını qurşanıb mücahidlərə qoşuldu. Ata-oğul bir­likdə döyüşəcəkdilər. Döyüşün ən dəhşətli anında Hisl (r.a.) müşriklərin arasına qarışdı. O günkü döyüşün parolunu bilmirdi. Döyüş əsnasında müsəlmanlar onu tanıya bilməmiş və üstünə cummuşdular. Atasını təhlükədə görən Huzeyfə “Siz nə edirsiniz? Bu, mənim atamdır!” ‒ desə də, iş işdən keçmiş, atası şəhid olmuşdu…

Hz. Huzeyfə bu vəziyyətdə nə etməli idi? Atası səhvən dostları tərəfindən şəhid edilmişdi. Huzeyfə (r.a.) ən böyük fədakarlıq nümunəsini göstərirdi. Səhabələrə yönəlib bircə bunu dedi “Allah rəhmət və mərhəmət sahibidir. Bu səhvinizi əfv edər, inşallah…”

Bu cür böyük bir fədakarlıq nümunəsini göstərən Huzeyfə (r.a.) Rəsulullahın təyin etdiyi qan pulunu da Müsəlmanlar arasında sədəqə  kimi paylanmasını istədi.

Hz. Huzeyfə döyüşlərdə çox əhəmiyyətli vəzifələr görərdi. Xəndək döyüşündə də müşrik ordularının vəziyyətini öyrənməklə vəzifələndirildi.

Gecə zülmət qaranlıq idi. Külək və soyuq iliklərə qədər işləyirdi. Rəsulullahın ətrafında yalnız 10 adam qalmış, digərləri dağılmışdı. Bunlardan biri Hz. Huzeyfə idi. Bu hadisəni özü belə nəql edir:

“Rəsulullah gecənin bir hissəsini namazla keçirdi, sonra bizə yönəl­di “Kim müşriklərin arasına gedib onların nə ilə məşğul olduğunu öyrənə bilər? Mən onun üçün Allaha dua edərəm ki, cənnətdə mənim qonşum olsun…”, ‒buyurdu. Heç kəsdən səs çıxmadı. Hamımız qorxudan, aclıqdan və şiddətli soyuqdan ayağa qalxmaq iqtidarında deyildik. Susduq. Rəsulullah sözlərini təkrar­ladı. Yenə cavab verən çıxmadı. Rəsulullah yavaş-yavaş yanıma gəldi. Mənim düşməndən qorunmağa nə qalxanım, nə də qızınmağa paltarım vardı. Əynimdə yalnız dizimə kimi örtən bir köynəyim vardı. Rəsulullah yanıma gəlincə utandım, diz üstə çöküb büzüldüm. Rəsulullah məni göstərib “Bu, kimdir?” ‒deyə soruşunca mən: “Huzeyfəyəm, ya Rəsulallah”, ‒ dedim. “Məni eşitmədinmi? Nə üçün qalxmadın?”‒deyə soruş­du. “Səni haqq ilə göndərən Allaha and içərəm ki, aclıq və soyuqdan dəvətinizə cavab verə bilmədim”.[3]

Rəsulullah bu əmri verdi “Get, müşriklər haqqında məlumat topla. Yanıma qayıdıb gələnə qədər də onlara qarşı heç bir silah çəkmə”.

Peyğəmbərimiz (s.ə.s) təminat vermişdi. Ona heç bir zərər toxunmayacaqdı. Nə aclıq, nə soyuq və nə də öldürülmə təhlükəsi olmayacaqdı. Huzeyfə qılıncını belinə qurşadı, yayını çiyninə aldı, müşriklərə doğru yönəldi. Onda narahatlıq hissi tamamilə yox olmuşdu. Nəhayət, gəlib müşriklərin arasına girdi, bütün məlumatları toplayıb Rəsulullahın yanına gəldi. Onların da şiddətli aclıq və soyuğa məruz qaldığını, Əbu Sufyanın başında toplanmış bir neçə adamdan başqa hamısının dağılıb getdiyini bildirdi. Peyğəmbərimiz ona xoş sözlər söylədi.

Hz. Huzeyfə qatıldığı bütün döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Rəsulullah Huzeyfəyə cənnətdə onunla qonşu olacağı müjdəsini vermişdi. Nəhavənd döyüşündə də qoşun başçısı Numan ibn Muqarrin şəhid olunda bayrağı əlinə aldı, Həmədan, Rey, Dinor kimi mühüm şəhərləri fəth elədi.

Hz. Huzeyfənin ən çox fitnələrdən çəkinirdi. Şeytandan Allaha sı­ğındığı kimi, fitnə və fəsaddan da yenə Ona sığınırdı. Müsəl­manların zehnini bulandıran, onların mənəvi həyatlarını alt-üst edən fit­nələrə qarşı axırzamanda daha da oyanıq olmaqdan danışırdı.

Bu əziz səhabənin bəsirətli, uzaqgörən olduğunu bilən Rəsulullah onun haqpərəstliyi haqqında belə buyurmuşdur “Məndən sonra sizin başınıza bir nəfəri xəlifə təyin edə bilərəm, lakin siz ona itaət etməsəniz, əzaba düçar olarsınız. Ancaq Huzeyfə nə desə, onu qəbul edin”.[4]

Həqiqətən də, Hz. Huzeyfənin çox güclü uzaqgörənliyi vardı. Peyğəmbərimiz gələcəkdə baş verəcək hadisələri ona bildirməklə yanaşı, hadisələrin necə, nə şəkildə meydana gələ biləcəyini əvvəlcədən hiss edərdi. Ona görə də Hz. Ömər fitnələr haqqında onun fikirlərini öyrənmək istəyirdi. Çünki təhlükəni əvvəlcədən sezib tədbir görmək bir idarəçinin ən başlıca vəzifələrindən idi. Bununla bağlı bir hadisəni Hz. Huzeyfənin öz dilindən dinləyək. Buxaridə nəql olunur: “Bir gün Möminlərin Əmri Ömərin (r.a.) yanında otururduq. “Rəsulullahın (a.s.m.) fitnə haqqındakı sözlərini kim yadında saxlamışdır?”,‒deyə soruşdu. Mən: “İnsanın ailəsi, malı, övladı, qonşusu üzündən məruz qaldığı fitnəyə (imti­hana) namaz, oruc, sədəqə, yaxşılığı tövsiyə etmək, pislikdən uzaqlaşdırmaq kəffarə olar”,‒dedim. Ömər (r.a) “Xeyr, soruşmaq istədiyim bu fitnə deyil. Dənizin dalğalanıb qabardığı kimi qabaran fitnədən danışıram”,‒dedi. Ona görə də Ömərə “Ey möminlərin əmri!‒dedim,‒o fitnəni sən görməyəcəksən. Çünki şübhəsiz, səninlə onun arasında bir qapı var”. Hz. Ömər: “O qapı qırıla­caqmı?”‒deyə soruşanda mən “Qırılacaq”,‒dedim. O da “Deməli, ta qiyamətə qədər o qapı bağlanmayacaq”,‒dedi. O əsnada bir nəfər Hz. Huzeyfədən soruşdu “Ömər o qapı haqqında bilirdimi?” Hz. Huzeyfə “Bəli, sabahdan əvvəl bu axşamın gələcəyini bildiyi kimi bilirdi. Mənim ona dediyim sözdə yanlış yoxdur”,−dedi.  “Bəs qapı kimdir?” deyə soruşanda mən “Ömərin özüdür”, ‒ deyə cavab verdim”.[5]

Hz. Ömər möhkəm qala qapısı kimi fitnə və fəsadın İslam sarayına girmə­sinə mane olmuşdu. Lakin vəfatından sonra fitnə qazanı qaynamağa başlamış, münafiqlər böyük məsafə qət edərək müsəlmanların birliyini sarsıtmağa çalışmışdı­lar.

Hz. Huzeyfə təqvalı bir ömür sürmüşdü. Hz. Ömər bu sadiq dostunu Salman Farisidən sonra Mədainə vali təyin etdi. Yeni valinin gələcəyini xəbər alan şəhər əhalisinin varlı zadəganları onu qarşılamaq üçün yola çıxdılar. Bir də gördülər ki, vali bir miniyin üstündə oturub yavaş-yavaş gəlir. Şəhərə daxil oldu. Özü ilə heç nə gətirməmişdi, yalnız yolda yemək üçün quru çörək, az qurudulmuş sümüklü ət götürmüşdü.

Toplanan camaat xəlifənin məktubunu və əmrnaməsini oxudu. Şəhər əhalisi ondan nəsə istəyib-istəmədiyini soruşdu. O “Mənə az miqdarda ərzaq və heyvanıma yem versəniz, kifayət edər”,‒dedi. Rəsulullahdan dərs alan bu nümunəvi idarəçilərin ortaq xüsusiyyəti bu idi ki, onlar məsuliyyətli bir işin başına keçəndə öz rahatlığını düşünmür, sıravi insanlar kimi yaşamağa üstünlük verirlər.

Hz. Huzeyfə bəzən müsəlmanlara nəsihət verərdi. Bir gün insanlara belə müraciət etdi “Fitnələrdən çəkinin, heç biriniz fitnəyə bulaşma­sın. Allaha and olsun ki, kim fitnəyə doğru gedərsə, sellərin pislikləri sürüyüb apardığı kimi, fitnə də o kimsəni eləcə sürüyüb aparacaq. Fitnə əvvəlcə haqq libasına bürünür. Belə ki, cahil insan onu haqq zənn e­dir… Belə bir vəziyyətdə evlərinizdə oturun, qılınclarınızı qırın və yaylarınızın ipini kəsin”.

Hz. Ömər digər valilər kimi Hz. Huzeyfənin vəziyyətini araşdırır, onda bir dəyişikliyin olub-olmadığını öyrənmək istəyirdi. Uzun müddət vəzifəsini müvəffəqiyyətlə icra edən Hz. Huzeyfəyə xəlifə gözəl şəkildə iltifat etmişdir “Ey Huzeyfə, mən sənin, sən də mənim qardaşımsan!”

Allah qorxusu və Rəsulullaha olan həsrət Hz. Huzeyfəyə o qədər təsir edi­rdi ki, axirət yurduna yaxınlaşdığını duyurdu.

Bəzən çox ağlayırdı. Ondan soruşdular “Ey Peyğəmbər dostu, niyə ağlayırsan?” Cavab verdi “Mən dünyadan ayrılaca­ğıma kədərlənmirəm, əksinə, ölüm mənim üçün daha sevimlidir! Lakin Rəbbimin rizasına uyğun yaşayıb-yaşamadığımı dəqiq bilmirəm…”

Fani aləmdən ayrılacağı əsnada isə belə dua edirdi: “Bu gün dünyadakı son, axirətdəki ilk günümdür. Allahım, Səni nə qədər çox sevdiyimi bilirsən, Sənə qovuşmağı mənim üçün xeyirli və mübarək et, məndən mərhəmətini əsirgəmə”.[6]

Hz. Huzeyfə Hicrətin 36-cı ilində (miladi 658-ci ildə) dünyasını dəyişdi. Son olaraq, onun rəvayət etdiyi bir hədisi nəql edək “İnsanın ailəsi, malı, övladı, qonşusu üzündən məruz qaldığı fitnəyə (imti­hana) namaz, oruc, sədəqə, yaxşılığı tövsiyə etmək, pislikdən uzaqlaşdırmaq kəffarə olar”.[7]

Allah ondan razı olsun!


[1] İbn Əsir, Üsdül-Ğabə, I, 391.

[2] İbn Əsir, Üsdül-Ğabə, I, 392.

[3] İbn Hişam, Sirə, III, 242-243.

[4] Tirmizi, Mənaqib, 39.

[5] Buxari, Məvaqit, 4.

[6] İbni Əsir, Üsdül-Ğabə, I, 391.

[7] Buxari, Məvaqit, 4.