Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hüzeymə ibn Sabit (r.a.)

Tarix: 01.08.2013 | Bu məqalə 815 dəfə oxunub.

Hüzeymənin şahidliyi iki nəfərə bərabərdir.

Hədisi-Şərif

Rəsuli-Əkrəmin feyzli söhbətində iştirak edib hələ bu dünyada cənnət həyatını yaşama bəxtiyarlığına çatan nurlu nəslin hər fər­dinin bizə yol göstərən xüsusi cəbhəsi, nümunəvi həyatı, hikmətli sözü vardır. Peyğəmbərimizlə uzun müddət birlikdə olan, məsciddə, şəhərdə, cihad meydanlarında heç vaxt yanından ayrılmayan səhabələrinin, çox təəssüf ki, həyatları haqqında tam məlumatımız yoxdur. “Təbəqat” və “Siyər” kitabları bəzi səhabələr haqqında bir neçə sətirlik məlumat verir, bəziləri də yalnız məşhur olan bir-iki hadisəsini qeyd edir. Bu hadisələrin bir qismi ilk baxışda nə qədər sadə görünsə də, burada Allah Rəsulu iştirak etdiyinə görə çox mühümdür və nurludur.

Peyğəmbərimiz Mədinədə olarkən Onun yanından heç vaxt ayrılmayan, bütün varlığı ilə ona bağlanan ənsarın öndə gələnlərindən biri də Hüzeymə ibn Sabit idi. O, həm elmi, həm də qılıncı ilə İslamın yayılmasına, imanın könüllərə yerləşməsinə xidmət etmiş bir məna əridir. Hicrətdən bir az əvvəl İslamı qəbul edir və mətanətlə, böyük şövqlə bu dinin yayılmasında böyük xidmətlər göstərir. Bədir döyüşü də daxil olmaqla, bütün döyüşlərdə iştirak etmiş, Məkkənin fəthi əsnasında da öz qəbiləsi­nin bayraqdarı olmuşdu. Şirkə və bütpərəstliyə o qədər düşmən idi ki, qəbiləsi Bəni-Hatmaya aid bütləri qırma vəzifəsini Peyğəmbərimiz ona tapşırmışdı.[1]

Hz. Hüzeymə İslam tarixində Züşşəhadəteyn kimi şöhrət tapmışdır. Yəni onun şahidliyi iki nəfərə bərabər idi… Onun bu ləqəbi qazanmasına səbəb Peyğəmbərimizlə aralarında olan bu hadisədir:

Peyğəmbərimiz Səva bin Qeys adlı bir bədəvidən bir at satın almış, pulunu vermək üçün də onu evinə aparmışdı. Peyğəmbərimiz tez evə gedib adamın pulunu vermək üçün tələsir, bədəvi də arxasından gəlirdi. Bədəvinin əlindəki atı görüb onu Peyğəmbərimizin satın aldığını bilməyən bir neçə adam yanına yaxınlaşıb atı satıb-satmadığını soruşdular. Bədəvi atını satacağını söyləyincə bir qiymət verdilər. Bu qiymət Peyğəmbərimizin verəcəyindən çox idi. Pulun çox olması bədəvinin fikrini dəyişdirməyə səbəb oldu. İrəlidə gedən Peyğəmbərimizə səsləndi:

‒ Bu atı satın alacaqsansa, al, yoxsa başqasına sataram!

Peyğəmbərimiz bədəvinin səsini eşidər-eşitməz yanına gəldi:

‒ Mən bu atı səndən satın almadımmı? ‒ buyurdu. Bədəvi inkar etdi:

‒ Xeyr, vallah, mən bu atı hələ sənə satmamışam! ‒ de­di. Peyğəmbərimiz israr etdi:

‒ Sən yaxşı bilirsən ki, mən bu atı səndən satın al­dım.

Səs-küyə toplaşan camaat Peyğəmbərimizin nə edəcəyini gözləyirdi. Bədəvi danışmağa davam edirdi:

‒ Bu atı sənə satdığıma dair iki şahid gətir, mən də səninlə razılaşım, ‒ dedi.

Bu dəfə səhabələr müdaxilə etdilər. Çünki bədəvi artıq ağını çıxartmışdı.

‒ Əfsuslar olsun sənə! Nəbi (a.s m.) yalan danışmaz, o, nə desə, doğ­rudur, ‒ desələr də, bədəvi yenə də israrla şahid tələb edirdi. Alış-veriş əsna­sında kimsə olmadığı üçün Peyğəmbərimiz də bir şahid göstərə bilmirdi.

Məhz bu anda Hz. Huzeymə irəli atıldı. Bədəviyə belə dedi:

‒ Sən bu atı Rəsulullaha (s.ə.s) satdığına dair mən şahidlik edərəm.

Peyğəmbərimiz Hz. Huzeyməyə tərəf çevrildi:

‒ Ya Huzeymə, sən nəyə əsaslanıb şahidlik edirsən? Halbuki sən bazarlıq əsnasında orada deyildin, ‒ dedi, Huzeymə belə cavab verdi:

‒ Ya Rəsulallah, mən səni təbliğ etdiyin həqiqətlərə əsaslanıb təsdiq edirəm. Çünki dəqiq bilirəm ki, sən haqdan başqa bir şey danışmazsan.

Huzeymənin bu cəsarətindən və təslimiyyətindən çox məmnun qalan və sevinən Peyğəmbərimiz belə buyurdu:

‒ Huzeymənin şahidliyi iki nəfərin şahidliyinə bərabərdir.[2]

    Səhabələr sədaqətdə elə bir uca mərtəbəyə yüksəlmişdilər ki, şəksiz-şübhəsiz, könül verdikləri o uca insana bü­tün səmimiyyətləriylə bağlanırdılar. Bu təslimiyyətindən dolayı hər işdə uğur qazanırdılar.

Bir gecə Hz. Hüzeymə Peyğəmbərimizi yuxusunda gördü. Yuxuda Peyğəmbərimizin mübarək alnından öpmüşdü. O qədər sevinmişdi ki, dərhal səhər tezdən gəlib yuxusunu Peyğəmbərimizə danışdı. Səhabələrlə söhbət edən Peyğəmbərimiz “Doğru yuxu görmüsən, ey Huzeymə”, ‒buyurdu, yanına çağır­dı, mübarək alnını uzatdı, öpməsi­ni söylədi. Bir anda həyəcanlanan Hz. Hu­zeymə sevincindən yerə-göyə sığmadı. Yaxınlaşdı və Peyğəmbərimizin nurlu alnın­dan öpmə şərəfinə nail oldu.[3]

Hz. Əbu Bəkir, Ömər, Osman dövründə böyük xidmətlər göstərən Hz. Hu­zeymə Siffində Hz. Əlinin tərəfində vuruşaraq şəhid olmuşdur.

Allah razı olsun!


[1] İbn Əsir, Üsdül-Ğabə, II, 114.

[2] Əhməd ibn Hənbəl, Müsnəd, V,  215-216.

[3] Əhməd ibn Hənbəl, Müsnəd, V,  525.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.