Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hz. Hüseyn (r.a)

Tarix: 03.09.2013 | Bu məqalə 7. 518 dəfə oxunub.

Müslim ibn Aqil on səkkiz min nəfərdən gizlicə beyət aldı.[21] İbn Ziyad bir müddət Müslimin harda olduğunu öyrənə bilmədi. Köləsi Maqilə üç min dirhəm verdi ki, Müslimin yanındakılara versin və beləcə onların içərisinə girərək bir xəbər gətirsin. Maqil özünü Əhli-Beyt tərəfdarı kimi göstərərək məsciddə Müslim ibn Əsvəcə ilə tanış oldu və onunla bərabər Müslim ibn Aqilin qaldığı yerə getdi. Beləcə Müslim ibn Aqilin bütün işlərini öyrənib İbn Ziyada çatdırdı. İbn Ziyad Hanini cəzalandıraraq zindana saldırdı. Haninin həbsindən sonra xalqı məscidə toplayaraq onları hədələdi. İbn Ziyad minbərdən enəndə Müslim və tərəfdarları hərəkətə keçdi. İbn Ziyad sarayına çəkilərək qapıları bağlatdırdı. İbn Ziyad gördüyü tədbirlər nəticəsində xalqın əksəriyyətini Müslimdən uzaqlaşdırmağa müvəffəq oldu. Hətta Müslimin yanındakı beş yüz nəfər azalaraq üç yüz, sonra da otuz nəfər oldu.[22] Çox keçməmiş bu otuz nəfər də Müslimi tərk elədi. Tək-tənha qalan Müslim Kində məhəlləsi tərəfdə Tava adlı bir qadının evinə sığındı. İbn Ziyadın adamları Müslimin yerini öyrəndilər və onu tutaraq valiyə  təslim etdilər. İbn Ziyad da Müslim ibn Aqili öldürtdü.[23]

Müslim ibn Aqil Haninin evində on səkkiz min kufəlinin beyətini alanda Hz. Hüseynə məktub göndərmişdi.[24]

Hz. Hüseyn Müslimin məktubunu alıb yol hazırlıqlarına başladı. Bunu eşidən Abdullah ibn Abbas Hz. Hüseynin yanına gələrək onun Kufəyə getməsinin təhlükəli olduğunu, atasının başına gələnlərin onun da başına gələ biləcəyini söylədi. Hz. Hüseyn: “Ey əmimin oğlu! Dediklərini nəzərə alaram. Mən Allahdan xeyirlisini istəyirəm”, ‒ dedi.[25]

Abdullah ibn Zübeyr də Hz. Hüseyni fikrindən döndərməyə çalışdı. Lakin israrları heç bir nəticə vermədi.

Qardaşı Məhəmməd ibn Hənəfiyyə isə Məkkəyə gəlib Hz. Hüseyndən Kufəyə getməməsini xahiş etdi. İbn Abbas ertəsi gün yenə Hz. Hüseyni fikrindən döndərmək üçün gəldi. Ancaq bütün cəhdlərinin heç bir nəticə vermədiyini görüb israrından əl çəkdi.[26]

Abdullah ibn Ömər də Kufəyə getməyə hazırlaşan Hz. Hüseyni bu fikrindən daşındırmaq üçün əlindən gələni elədi. Hətta ona məktub da yazdı. Hz. Hüseyn isə İbn Ömərin məktubunu oxuyandan sonra: “Əlbəttə mən şəhid ediləcəyim yerə gedirəm”,− dedi.[27]

Əbu Səid əl-Xudri də Hz. Hüseyni Kufəyə getməməyə çağırdı.[28] Lakin bütün bu məsləhət və tövsiyələr, xahişlər, yalvarışlar Hz. Hüseyni yolundan döndərə bilmədi.

Müslimin edamından və baş verənlərdən xəbərsiz olan Hz. Hüseyn hicri 60-cı il zilhiccə ayının 8-də (9 sentyabr 680-cı il, şənbə günü) ümrəsini tamamladıqdan sonra bütün ailəsi, qohumları və bəzi tərəfdarları ilə birlikdə Məkkədən Kufəyə yola düşdü.[29] Onun qafiləsinə ərəblərdən qatılanlar da oldu.

Mədinədə olan Məhəmməd ibn Hənəfiyyə Hz. Hüseynin Məkkədən çıxması xəbərini eşidəndə göz yaşlarını saxlaya bilmədi.[30]

Abdullah ibn Cəfər və Məkkə valisi Amr ibn Səid ibn As məktub yazaraq Hz. Hüseyni geri qayıtmağı çağırsalar da, yenə bir nəticə vermədi.[31]

Yolda şair Fərəzdəq onunla qarşılaşdı. Hz. Hüseyn iraqlılar haqqında soruşduqda Fərəzdəq:

Xalqın qəlbi səninlə, fəqət qılıncı Ümeyyəoğulları ilədir. Allah istədiyini edər[32]  cavabını verdi.

Hz. Hüseyn də:

‒  Düz deyirsən, Allahın dilədiyi olacaq. Bizə zəfər nəsib olarsa, nemətlərindən ötrü Allaha şükür edərik. O, şükür edənləri darda qoymaz. Əgər qədərin hökmü başqa cür çıxarsa, yenə də təslim olarıq, ‒  deyərək yoluna davam etdi.[33]

Hz. Hüseyn Rummə vadisinə çatanda kufəlilərə məktub yazaraq tezliklə onlarla görüşmək istədiyini və dayandığı mənzilin yerini bildirdi. Rummədən Kufəyə sarı hərəkət edərkən İraqdan qayıdan Abdullah ibn Muti ilə qarşılaşdı. Abdullah ibn Muti Hz. Hüseyni fikrindən döndərib geri qaytarmağa çalışdı. Kufəyə gedərsə, öldürlüəcəyini söylədi. Hz. Hüseyn isə bütün deyilənləri dinlədikdən sonra: “Başımıza gələn hər şey Allahın hökmü ilədir. Onun hökmü olmadan heç nə baş verməz” , ‒ deyərək yoluna davam elədi.[34]

Nəhayət Zerod adlı yerə çatdıqda Əsədi qəbiləsindən iki nəfərlə qarşılaşdılar. Həmin şəxslər Hz. Hüseynə Müslim ibn Aqil və Hani ibn Ürvənin öldürüldüyünü, tərəfdarlarıının  da dağıldığını söylədilər. Zübalə adlı yerə tərəf irəlilədilər. Bu vaxt İyas ibn Asəl adlı elçi eyni xəbərlə gəldi. Hz. Hüseyn elçidən məktubu alaraq oxudu və eşitdiklərinin doğru olduğunu biləndə çox kədərlənərək “Allah nəyə hökm edirsə, mütləq olur. Biz özümüz üçün Allah qatındakı mükafatı istəyirik”, − dedi.[35]

Davamı: 1 2 3 4 5 6 7

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.