Səhabələr

İbn Ərkamınn evində

Hz. Həmzənin müsəlman olması

Hz. Həmzə qardaşı oğlu Məhəmmədül-Əmindən iki yaş böyük idi və həmçinin Onun süd qardaşı idi. Anası Halə Rəsulullahın (s.ə.s.) anası Əminənin bibisi qızı idi.  Həmzə xeyli vaxt idi ki, baş verən hadisə­lə­­ri kənardan müşahidə edir, qardaşı oğlu haqqında deyilənlərə qulaq asıb beynində götür-qoy edir, amma heç cür qəti qərar verib Onun hüzuruna gələ bilmirdi.

Peyğəmbərliyin başlamasından hələ iki il ötmüşdü.[7] Yenə həcc mövsümü, zilhiccə ayı idi. Bir gün Əbu Cəhil Səfa təpəsində olan Allah Rəsulunun (s.ə.s.) yanına gəlmiş və nalayiq  sözlərlə Ona sataşmışdı. Əbu Cəhil həmişəki kimi Allah Rəsulunun könlünü qırıb ruhunu incidəcək hərəkətlər etmişdi. Bütün bunlara baxmayaraq, Allah Rəsulu susmuş və cavab verməyi də münasib bilməmişdi. Qarşılıq görməyən Əbu Cəhil oradan uzaqlaşmış və Kəbəyə, onun kimi düşünən qureyşlilərin olduğu yerə gəlmişdi. Abdullah ibn Cüdanın xidmətçisi də yerində dayanıb bütün bu baş verənlərə şahid olmuşdu.

Çox keçmədən Peyğəmbərimiz (s.ə.s.) də oradan uzaqlaşıb evinə gəlir.

Bu vaxt Peyğəmbərimizin başqa əmisi Həmzə ibn Abdulmuttalib ox-yayına qurşanmış halda ovdan qayıdırdı. Həmzə heybətli və güclü bir insan idi. Qureyşlilər ondan çəkinir və cəsarəti qarşısında heyranlığını gizlədə bilmir, qarşısında olmaqdansa, onunla birgə hərəkət etməyə üstünlük verirdi. Ovçuluq işini də ibadət nəşəsi ilə görər, tam təchizatla hazırlanıb ova çıxar, ovdan qayıdarkən hamı ilə salamlaşar və o günkü işini evinə getməmiş Kəbəyə baş çəkməklə (ziyarətlə) yekunlaşdırardı. O gün də Həmzə həmişə olduğu kimi, ovdan qayıdarkən qabağına çıxanlara salam verir, hal-əhval tuturdu. Yolda Abdullah ibn Cüdanın xidmətçisi ilə qarşılaşır. Zülmə seyrçi qalmaq da başqa bir zülmdü və bu gün qardaşı oğlunun başına gələnləri mütləq əmisi Həmzəyə çatdırmalı idi. Buna görə də əvvəlcə:

− Ey Əba Uməra! Bir az əvvəl qardaşın oğlu Məhəmmədə Əbul Hakəm ibn Hişamın (Əbu Cəhil) etdiklərindən heç xəbərin varmı? Bax, burada Onu görən kimi üstünə yeriyib nalayiq sözlərlə Ona çox əziyyət verdi. Onu həqarətləri ilə cavab verməyə təhrik etdi, amma Məhəmməd  heç iltifat da göstərmədi, onunla danışmadı da! − deyir.

Həmzə bir anda qəzəblənmiş, hirsindən damarları şişmişdi. Bəli, qardaşı oğlu yeni bir dinlə gəlmişdi, amma Onu çox istəyirdi. Bu günə kimi Ona edilənlərin müqabilində səsini çıxarmamışdı, bəlkə də, zülmün ölçüsündən xəbərsiz idi. Günahı olmayan müdafiəsiz bir adama bu qədər zülm verilərdimi heç? Ox-yayını götürüb çölə çıxır, bəlli ki, hədəfi Əbu Cəhil idi. Artıq qarşısına çıxan adamlara salam verməyi də unutmuşdu. Görünür, Həmzə yeni bir ova çıxmışdı! Yolda gedərkən Həmzə ilə qarşılaşan adamlar onun hiddətlə gəldiyini görüb təşvişə düşmüş, işin sonunu maraqla gözləməyə başlamışdılar. Həmzə heç kimin yanında dayanmır, adətinin əksinə olaraq heç kimə salam vermir və müəyyən bir hədəfə bağlanıb mütəmadi olaraq sürətli addımlarla irəliləyirdi.

Nəhayət, Kəbəyə gəlir. Gözləri bir adamı axtarırdı və axtardığı adamın insanların arasında oturduğunu görür. Sürətlə yanına gəlir. Oturanların ürəkləri ağızlarına gəlmişdi. Onun gəlişini görən kimi Əbu Cəhil bu gün etdiklərinə min dəfə peşman olmuşdu, amma artıq iş işdən keçmişdi. Birbaşa Əbu Cəhilin yanına gəlir, yayını qaldırır və bərk-bərk vurmağa başlayır. Bir tərəfdən də:

−  Sən necə olur ki, Ona sataşır, pis sözlər danışırsan? Mən də Onun dinindənəm, Onun dediklərini deyirəm. Gücün çatırsa, mənim qabağıma çıx, görüm səni! − deyirdi.

Əbu Cəhil al qanın içində idi. Onu bu vəziyyətdə görən Mahzumoğulları Hz. Həmzəyə mane olmaq istəmişdilər. Ancaq Əbu Cəhil buna etiraz edir:

− Əbu Uməraya (Hz. Həmzəyə) toxunmayın! Həqiqətən də, mən bu gün onun qardaşı oğluna ağır söyüşlər  söydüm,[8] − deyir. Bəlkə də, məqsədi, “əlindən çıxan”, yəni İslamı qəbul edən Hz. Həmzəni geri qaytarmaq idi. Bəlkə də, hələ səhəngin qırıldığından xəbəri yox idi. Amma artıq çox gecikmişdi.