Səhabələr

İbn Ərkamınn evində

Hz. Əbu Bəkrin təşəbbüsü

Aradan bir müddət də ötmüşdü. Peyğəmbərimizin (s.ə.s.) ətrafında hələ ki, otuz səkkiz mömin var idi. Gələn vəhyin aydınlığında könül zənginliyinin zirvəsinə yüksələn Hz. Əbu Bəkir (r.a.) ruhundakı fırtınaları sakitləşdirə bilməmişdi və Əbu Zər kimi Kəbədə Allahın adını hayqırmaq istəyirdi. Allah Rəsulu (s.ə.s.) əvvəlcə qüvvələr nisbətinin bərabər olmadığını vurğulayıb:

− Biz say etibarilə çox azıq, − desə də, Hz. Əbu Bəkirin qəlbini qırmır. Sonra da onu tək buraxmamaq üçün birlikdə Kəbəyə gəlirlər. Hərə bir tərəfdə oturub onları açıq-aşkar İslama dəvət edən Hz. Əbu Bəkirə qulaq asırdı. Beləliklə, o, eyni zamanda ilk xətiblik vəsfini də almış olurdu.

Ancaq öz iradəsi xaricində başqa bir yeniliyə əsla dözməyən Qureyş hər tərəfdən onlara hücum çəkir. Onları hədəf seçmişdilər, əllərinə nə keçsə, rəhmsizcəsinə vururdular. Bu vaxt Hz. Əbu Bəkri ayaqları altına alıb əzişdirirdilər. Xüsusilə də, Utbə ibn Rabiə bitib-tükənməyən intiqam hissi ilə Hz. Əbu Bəkri amansızcasına döyürdü. Hz. Əbu Bəkir o qədər döyülmüşdü ki, üzü al-qan içində idi, burnu üzünə yapışmışdı. Taqəti kəsilən Hz. Əbu Bəkir hərəkətsiz qalır. Nəhayət, “öldü” deyə əl çəkirlər.

Bu zaman hadisədən xəbər tutan qohumları Hz. Əbu Bəkri evinə aparırlar. Vəziyyətin ciddi olduğunu görüb yenidən Kəbəyə qayıdırlar və and içib oradakılara belə deyirlər:

− Əgər Əbu Bəkir ölərsə, vallah, biz də Utbəni öldürəcəyik.

Sonra Hz. Əbu Bəkrin evinə qayıdırlar. Bütün qohum-əqrəbası həyat nişanəsi olub-olmadığını öyrənmək istəyirdilər.Danışmasına çalışırdılar.

Axşama yaxın Əbu Bəkir bir balaca hərəkət edib özünə gələn kimi olur. Bəli, o yaşayırdı!.. Başına yığışan qohumları bununla da rahat nəfəs almış, illərlə davam edəcək bir qan davasından ucuz qurtulmuşdular.

Hz. Əbu Bəkir nəyə görə yaşadığını çox yaxşı bilən bir insan idi. Həyatını Onun sevgisi ilə doldurmuşdu. Hələ ilk gündən malını və canını fəda edən Hz. Əbu Bəkir bu günlərə də hazır idi. Çətinliklə özünü toplamağa çalışır; özünü məcbur etsə də, ayağa dura bilmirdi. Nəsə demək istəyirdi. Titrəyən dodaqlarından eşidilən ilk söz bu olur:

− Rəsulullahın vəziyyəti necədir?

Yanındakıların bu həyəcanı başa düşməsi mümkün deyildi. Ölümdən dönən bir adamın ayılan kimi ilk olaraq başqasını fikirləşib Onun halını soruşması onlar üçün anlaşılmaz idi. Buna heç əhəmiyyət də vermədilər və ardınca da  yemək-içmək verməyə çalışdılar.