Sad ibn Muazla qarşılaşması
Birbaşa Sad ibn Muazın yanına getdi. Onlar da bir yerə yığılıb onun gəlməsini gözləyirdilər. Sad Useydin gəlişini görəndə:
– And içirəm ki, getdiyi kimi gəlmir, – dedi. Başa düşmüşdü. Gələn kimi təlaş içində:
– Nə etdin? – deyə soruşdu. Əvvəlcə heç bir anlaşılmazlıq olmadığını vurğulayıb:
– Vallah, o iki nəfərlə söhbət etdim. Heç bir hərəkətləri bizim üçün zərərli deyil. Əvvəlcə onları qovdum. “İstədiyini edərik” dedilər, – dedi Useyd. Məqsədi Sad ilə Musabı görüşdürmək idi, yəni “ipləri bizim əlimizdədir, istəyirsən, bir dəfə də sən dinlə” demək istəyirdi. Çünki gözəlliyi bütün parlaqlığı ilə görmək üçün vasitəsiz görüşə ehtiyac vardı.
Meydanın bu qədər sakitləşməsi, əlbəttə, bəzilərinin işinə yaramırdı. Meydanı qızışdırmaq istəyənlər də vardı. Elə oradaca Sadın damarına toxunan sözlər deməyə başladılar. Görünür, iş cığırından çıxırdı və olanlara mütləq müdaxilə edilməli idi.
***
Sad qövmün böyüyü idi. Belə bir qarışıqlığa izin verə bilməzdi. Əsəbdən damarları şişmiş, az qala partlayacaqdı. Useydə də çox əsəbiləşmişdi. Onu məsələni kökündən həll etmək üçün göndərmiş, amma o təslim olub geri dönmüşdü, hələ üstəlik dinlədiklərinin gözəlliyindən bəhs edirdi. Məsələni özü həll etməli idi. Nizəsini götürüb düz Musabın yanına getdi. Nəfəsi təngiyirdi qəzəbindən. Hətta sözünə sərhəd qoymadan danışırdı. Əvvəlcə Musabı aralarına gətirən xalası oğlu Əsada hirsləndi:
– Qohum olmasaydıq, əlimdən qurtula bilməzdin, – deyirdi. Musaba da hədə-qorxu gəlib bir müddət çığırdı. Tufanlar qopan dünyasında dalğalar sakitləşmək bilmirdi. Musab isə heç təmkinini pozmamışdı. Çünki ölüm qorxusu yox idi. Onu öldürməyə gələnlərə belə, həyat vermək üçün fürsət axtarırdı:
– Nə olar, bir qulaq as! – dedi eyni həlimanə, – xoşuna gəlsə, qəbul edərsən. Xoşuna gəlməsə, bax o zaman istədiyini edərsən.
Doğru idi. Dəyişən bir şey olmayacaqdı. Qərar yenə Sadın əlində idi.
– Haqlısan, – dedi. Axı istəmədiyi şeyi ona zorla qəbul etdirən bir insan hələ andan olmamışdı. Nizəsini bir kənara qoydu, oturub Musabı dinləməyə başladı. Elə sözün başında Musabın “bismillah”ına vuruldu. Üzündə nur doğurdu. Sözü qurtarmadan Useyd kimi soruşmağa başladı:
– Bu dini qəbul etmək istədiyiniz zaman nə edirsiniz?
Eyni şeyləri Musab ona da başa saldı: qüsl, təmizlik, kəlmeyi-tövhid və namaz! Bəli, haqpərəstlik bu idi! Hər şey açıq-aydın meydanda idi və doğrunu gördüyü yerdə qəbul etməyi bacarırdı. Küfrün bəhanə tapmağa məntiqi yox idi, qalmamışdı, ola bilməzdi də! Artıq o da Musabın yanında idi.
***
O da getdiyi kimi qayıtmırdı, halını çoxdan anlamışdılar. Eyni təlaşı o da keçirməyə başlamışdı. O günə qədər bilmədikləri bir xəzinə tapmışdılar və onu bütün tanıdıqları ilə bölüşməli idilər. Maraq dolu baxışlara bir cavab vermək lazım idi. Qəbiləsindən bircə nəfərin də iman halqasından kənarda qalmasını istəmirdi. Əvvəlcə onlardan soruşdu:
– Məni necə tanıyırsınız?
Hamı bir ağızdan onu təriflədi. Məqamından, gördüyü hörmətdən iman naminə istifadə edəcəkdi. Sad Musabdan öyrəndiklərini bölüşüb onları imana dəvət etdi:
– Əgər Allah və Rəsuluna inanmasanız, qadın-kişi – hamınızla danışmaq mənə haram olsun!
Useyd və Sad kimi öndər insanlar qəbul edəndən sonra geridə kim qalardı?! Mədinə əhli bir-birinə baxırdı. Bu günə qədər onlara rəhbərlik edənlər gedib müsəlman olmuşdusa, onlara geridə qalmaq yaraşmazdı.
– Gəlin Musabın yanına gedək. Biz də təslim olaq! – səsləri yüksəlirdi artıq Mədinədə.