- Səhabələr - https://sehabe.meneviyyat.az -

İlk müəllim- Həzrəti Musab ibn Umeyr (r.a.)

Zəngin və əsilli-nəcabətli bir ailədə dünyaya gəlmişdi. Ana-atası üstündə tir-tir əsir, bir dediyini iki etmirdi. Xüsusilə, anası Hünas oğluna gözü bəbəyi kimi baxır, gözündən uzağa getməsini istəmirdi. Gənclik illərinə çatanda Musab artıq yaraşıqlı bir gənc idi. Geyim-keciminə fikir verir, bir dəfə geydiyini ikinci dəfə geyinmir, gözəl ətirlər vururdu. Onu heyranlıqla seyr edirdilər. Keçdiyi küçələrdə pəncərələr aralanır, görüb seyr edə bilmək üçün pərdələr çəkilir və uzun müddət arxadan süzülürdü. Onun yolunda hər şeyini verməyə hazır olan neçə qadın vardı. Etibarlı idi, məclislərdə iştirakı şərəf sayılır, həmişə izzət-ehtiram göstərilirdi. Qapılar da, qəlblər də ona taybatay açıq idi.

İbn Ərkamın evində

Bir gün onun da qulağı bəzi şeylər eşitmiş və güclü maraq hissi bürümüşdü içini. Bir yol tapıb onu özünə cəzb edən insanı tapmalı idi. Artıq İbn Ərkamın evində idi. Bəşəriyyətin Əmini orada Quran oxuyub söhbət edir, dua edib yalvarırdı. Bir müddət qulaq asdı, məftun olmağa layiq insandı. Şirin bir hikmət bulağı ilə üz-üzə idi. Eşitdiyi sözlərin bütün əzalarına işlədiyini hiss edirdi. Qəlbində xoş titrəyiş başlamış, vücudunu hərarət bürümüşdü.

Bu hal Rəsulullahın (s.ə.s.) gözündən qaçmadı, yanına yaxınlaşdı və əlini köksünə qoyub sığallamağa başladı. Mübarək əllərin hərəkəti ilə imanın iliklərinə qədər işlədiyini hiss edirdi. Elə oradaca da Musab yaşından böyük kamilliklə İslamı qəbul etdi. Axını dəyişdirəcəkdi bu kamillik! Yerə-göyə sığmırdı. Nura qərq olmuş, sevincdən uçurdu. Firavan həyatın ona səadət bəxş etmədiyini, edə bilməyəcəyini indi daha yaxşı başa düşürdü. Onun üçün hər şey yeni və əvəzsiz idi. Təkcə bədəninin istəklərini yerinə yetirmirdi, eyni zamanda ruhunu da doydururdu.

Evdəkilərə nə deyəcəkdi

Artıq Musab da Bilallar kimi İbn Ərkamın evində iman halqasına bağlanmışdı, ora baş çəkmədən dayana bilmirdi. Allah Rəsulunun şirin, incə sözləri iliklərinə qədər yağ kimi yayılır, belə bir dəyəri anlamayan, hətta Ona qarşı çıxan məkkəlilərə qəzəblənirdi. Belə bir xəzinənin dəyərini bilməmək olmazdı?!

Müsəlman olmuşdu, amma bunu ailəsinə, xüsusən, anasına necə deyəcəkdi? Ondan çəkindiyi qədər heç kimdən çəkinmirdi. Məkkə bütün qüvvəsi ilə üstünə gəlsə, qorxmazdı, amma anasının necə rəftar edəcəyini düşünəndə az qala ağlını itirirdi. Bu səbəbdən imanını gizlətmək qərarına gəldi; heç kimə bir şey deməyəcək, anası ilə də üz-üzə gəlməkdən uzaq olacaqdı.

Ancaq o vaxtlar Məkkədə bir şey gizlətmək qeyri-mümkün idi. Sanki, hər kəs Qureyşin casusu olub bir-birinə xəbər ötürürdü.

Hər kəsi təəccübləndirən hal

Bir gün Osman ibn Talha onun İbn Ərkamın evinə girdiyini görmüşdü. İkinci dəfə görəndə Musab namaz qılırdı. Musabın da yeni axına qoşulduğuna şübhəsi qalmamışdı. İnana bilmirdi: onun kimi zəngin bir insan necə ola bilərdi ki, Ammar, Bilal, Habbab kimi kasıblarla bir yerdə oturub-durur? Onlara qoşulub ata-babalarının adət-ənənələrindən – bütlərdən necə imtina etmişdi? O dəqiqə Musabın anasının yanına gəldi və vaxt itirmədən vəziyyəti xəbər verdi. Belə ki, bu gedişə bir çarə tapılmalı, axının qarşısı alınmalı idi!

***

Musabın “yenidən doğulduğunu” eşitməyən qalmamışdı Məkkədə. Gözlədiyi kimi, anasının kəskin etirazı ilə qarşılaşdı. Bir vaxtlar heç kimin qəlbini qırmayan gənc Musab artıq “Allah” deyib, ”Peyğəmbərə” heyran olduğu üçün hər gün döyülürdü. “Gedib-gəlməsin, əlaqə saxlamasın” deyə onu həbs etmişdilər. Üstünə də bir gözətçi qoymuşdular. Ağlı, qəlbi Allah Rəsulunun yanında, bədəni evində həbsdə idi artıq!

Bəli, anasının istəkləri çox əhəmiyyətli idi. Amma bir ana da göz görə-görə oğlunun qəlbinə qıfıl vurmamalı idi. Musab anasını incidə bilməzdi, üstündə haqqı vardı. Ancaq Könlünün Gülü ilə əlaqəsinin kəsilməsini heç cür qəbul edə bilmirdi. Vüsal anında məhrumiyyətlə üzləşmişdi?

Həbəşistana hicrət var…

Bu ərəfədə Musab Məkkədə zülm görən Müsəlmanların Həbəşistana hicrət xəbərini almışdı. Bir yol tapıb əsarətdən xilas oldu və ilk mühacirlərin arasına qatıldı. Əxlaqı ilə insanlara örnəkdi. Dinini yaşamaqda qüsursuz mömin olmuşdu. Həbəşistan hicrəti uzun sürmədi və ara bir az sakitləşən kimi, yenidən Məkkəyə qayıtdılar.

Küfrdə inadın, imanda təkidin bir mübarizəsi

Anası qərarında qətiyyətli idi. Geri dönən kimi, Musabı yenidən həbs etmək istədi. İkisi də göz yaşı tökürdü; anası öz övladını bir “xəyal” uğrunda itirməyin kədəri ilə ağlayır, oğul isə qəlbinin qapısını haqqın üzünə bağlayıb üstünə gələn anasının lüzumsuz inadına yanırdı. Qəlbi imanla dolub-daşan bir gəncin imana qarşı çıxan bir ana ilə sınağı idi bu. Küfrdə inadın, imanda təkidin bir mübarizəsi idi bu!

***

Bu vəziyyət anasının doğma övladı Musabı evindən çıxarana qədər davam etdi. Onu dinləməyən övlada oğul nəzəri ilə baxmağı düşünmürdü Hünas bintü Malik yenə belə günlərin birində çox əsəbiləşmişdi. Təkidlərində qərarlı idi, amma Musabın Allahı inkar edib bütlərə yaxın durmaq fikri yox idi. Kini övlad sevgisini kölgədə qoyurdu və:

– Nə istəyirsən, et. Artıq mən sənin anan deyiləm, – dedi. Hər şeydən məhrum etmişdi Musabı. Öz oğlunu qovub evin qapılarını bağlamaqla qəlbinin qapılarını da imana bağlamış olurdu.

Bir ananın oğlundan ayrılması nə qədər çətindirsə, iman etmiş bir övladın da anasını “əbədi yoxluq” içində qoyub kömək edə bilməməsi o qədər dözülməz idi. Ancaq dünya üçün ibadət vəzifəsini bir kənara qoymaq niyyəti yox idi Musabın. Gözündə nə dünya nemətləri, nə də gələcək qayğısı vardı. Başda anası olmaqla, bütün bəşəriyyətin imanı gözlərini tutmuş, bir dərd olmuşdu ürəyinə! Anasına yalvarırdı:

– Ana, nə olar, bir mənə qulaq as! Gəl sən də yeganə ilahın Allah, Məhəmmədin də onun qulu və Rəsulu olduğuna inan.

Dəvət nə qədər şirin və mülayim idisə, ona verilən cavab da bir o qədər sərt və kəskin idi:

– Ulduzlara and olsun ki, əsla! Sənin dininə girəcək qədər nə ağlımı itirdim, nə də şüurumu.

***

  Səyləri nəticə vermirdi və çarəsiz qalıb vidalaşaraq evindən ayrıldı. İsti yuvadan qovulmuşdu, amma dünyanın ən isti könlündə taxtını quracaqdı. Rəsulullahın hüzuruna gəldi və bir daha Ondan ayrılmadı! Artıq Musab da digər səhabələr kimi, köhnə libaslar içində idi, yarı ac, yarı tox günlər keçirirdi. O da artıq Habbabların, Bilalların arasına qatılmışdı. Gözəl ətirlərə alışmış dərisi aclıq və əziyyətdən qabar-qabar olmuş, qopub tökülürdü.

Hər şeyini Allah və Rəsulunu uğruna tərk etdi

Bir gün uzaqdan məscidə gəlirdi. Yaxınlaşarkən səhabələrlə gəlişini seyr edirdi Allah Rəsulu (s.ə.s.). Musabın yorğun, amma hüzurlu halını süzən gözlərə çoxdan yaş dolmuş, başı önə əyilmişdi. Birlikdə qüssələnmişdilər. Musab əyninə köhnə bir libas geyinmişdi. İslamdan əvvəl necə yaşadığını bilənlərə bu halı çox təsir etmişdi. Bilal onsuz da kasıb idi. Habbab və Ammarın da imkanı yaxşı deyildi. Onlar yoxluğa alışmışdılar. Amma Musab belə deyildi! Allah Rəsulu onun bu halına tab gətirməyib buyurdu:

– Bu gələn Musabı əvvəllər də görmüşdüm. Ana-atasının yanında Məkkədə ondan dəyərli bir insan yox idi. O, bunların hamısını Allah və Rəsulu üçün tərk etdi və buraya gəldi!

O isə başına gələnlərə əhəmiyyət vermirdi. İnsana səadəti, xoş­bəxtliyi libas vermirdi ki! İmansız qəlb bədən üçün işgəncədən   başqa bir şey deyildi. Onun bir hədəfi vardı. İman uğrunda uca sə­ma­lara uzanan bu yola ayaq basmış, gündən-günə dərinləşir, uzun məsafələr qət edirdi. Hər gün gələn ayələri əzbərləyir, Kamil Mür­şidindən dinin incəliklərini öyrənib layiqincə yaşamağa çalışırdı.

İlk müallim

Bir gün Peyğəmbərimizin həyəcanlarına Aqabə təpələrindən bir cavab gəlmişdi. On iki mədinəli müsəlman olmuş, Aqabədə  beyət etmişdi. Geri qayıdanda da bir məktub yazmış, onlara dini öyrətmək üçün bir müəllim göndərməyi xahiş etmişdilər.

Bu vəzifə üçün Allah Rəsulu (s.ə.s.) Musabı seçdi. Rəsulullahı orada o təmsil edəcək, Mədinənin yeni tanış olduğu dini əhaliyə öyrədəcəkdi. Necə şərəfli bir vəzifə idi ki, Hicrətdən əvvəl Mədinəni müqəddəs köçə Musab hazırlayacaq, mədəni Mədinənin təməlini atacaqdı.

Allah Rəsulundan müvəqqəti ayrılsa da, tərəddüdsüz yola düşdü. Tək idi, amma təmsil etdiyi davanın gücü ilə birlikdə gedirdi. Mədinədə onu Əsad bin Zürarə qarşıladı. Evinə apardı və İslamın  gözəlliklərini Mədinəyə yaymaq üçün qollarını çırmaladılar.

Dostum, əvvəlcə məni dinlə

Musab dini elə gözəl təmsil edirdi ki, görən heyran qalırdı. İxlası, səmimiyyəti, təvazökarlığı və gözəl əxlaqı ilə qısa müddətdə Mədinənin diqqətini çəkmişdi. Hər gün Mədinə böyüklərindən biri yanına gəlir, o da onlara dinin incəliklərini öyrədirdi. Özünü Mədinəyə həsr etmiş, təkbaşına bir ümmət olmuşdu.

Əlbəttə, çətinliklərlə də qarşılaşdı bu yolda. İnsanlar İslamı o qədər  asan qəbul etmirdilər. Yanına qılıncla gələnlər imanla gedirdilər. Düşmənçiliklə gələn gələcəyin bu böyük səhabələrinə Musab elə mülayim davranırdı ki, ən qəzəblilər belə bu həlimlik qarşısında uzun müddət inad edə bilmirdi!

– Dostum, əvvəlcə məni dinlə. Sonra istərsən, boynumu vur. Vallah, sənə müqavimət  göstərməyəcəyəm, – deyirdi Musab. Bəli, canını bu qədər düşünməyən və insanlara həqiqəti çatdırmaq üçün bütün səylərini ortaya qoyan bir insan qarşısında buzlar yavaş-yavaş əriyir və gündən-günə Musabın ətrafındakı iman halqası genişlənirdi.

***

Əsad ibn Zürarə bir gün onu qohumları yaşayan məhəlləyə apardı. Bir quyunun başına gəlib dayandılar. Onların gəlişini eşidən Sad ibn Muaz və Useyd ibn Hudayr hadisələrin gedişatından narahat olmuş, oturub danışmağa başlamışdılar. Sad Useydə tezliklə onların ikisini də bölgələrindən qovmasını söyləyəcəkdi.

Useyd nizəsini əlinə alıb  birbaşa onların yanına gəldi. Onun gəl­di­yini görən Əsadla Musab nə olacağını təxmin edə bilərdi. Ancaq onların dərdi tamam başqa idi. İmanlı insan onu öldürmək istəyənlərə belə abi-həyat verməli, imanın fərqini ortaya qoymalı idi. Qulağına əyilib Useydin kim olduğunu dedi. Axı təbliğdə xitab olunan şəxsi tanımaq əhəmiyyətlidir. Useyd qövmün böyüyü idi, Musab bunu nəzərə almalı idi.

Useyd çatan kimi özündən çıxıb qəzəblə:

– Nə üçün bura gəlib zəiflərimizin ağlını oğurlayırsınız? Əgər sağ­ qalmaq istəyirsinizsə, buradan çıxın gedin, – deyirdi. Musab ya­vaş səslə bunları dedi:

– Bir az oturub məni dinləyərsən? Əgər xoşuna gəlsə, qəbul edər­sən. Xoşuna gəlməsə, biz sənin istədiyini edərik.

Ağıllı cavab idi. İnsaflı olmaqdan başqa çarəsi yox idi. Useyd mühakimə qabiliyyətli insan idi. Nəticə aydın idi, dinləsə də, dəyişən bir şey olmayacaqdı. Elədirsə, nə zərəri vardı? Xoşlasa, nə gözəl, xoşlamasa, oranı tərk edəcəkdilər. Nizəsini yerə qoyub Musabı dinləməyə başladı.

Dilindəki hikmət

  Musabın dilindən hikmət süzülürdü. Çox təsirlənmişdi. Useyd də qəbul etmək üzrə idi. Qəlbinin coşqun həyəcanına hakim ola bilmirdi. Üzünün ifadəsi qəlbindəki dəyişikliyin müjdəsini çoxdan xəbər vermişdi. Musab sözünü bitirmədən danışmağa başladı:

– Nə inanılmaz, gözəl sözlərdir bunlar!

Ardınca da əlavə etdi:

– Bu dinə girmək istəyən nə etməlidir?

Musab qüsldən danışdı. Libasın təmiz olmasından, kəlmeyi-tövhiddən, namazdan bəhs etdi.

Bir müddət sonra Useyd gözdən itdi. Bir az sonra gələndə islanmış saçlarından damcı-damcı su tökülürdü. Useyd inanmışdı, elə oradaca kəlmeyi-tövhidi söylədi. İman onu o qədər çox və sürətlə dəyişdirmişdi ki, elə oradaca Musabın təlaşını hiss etdi:

– Bir nəfər var ki, əgər o da iman etsə, onun sözünü dinlə­yən­lərin hamısı qəbul edər. Gözləyin, mən onu sizin yanınıza gön­dərəcəyəm.

Sad ibn Muazla qarşılaşması

Birbaşa Sad ibn Muazın yanına getdi. Onlar da bir yerə yığılıb onun gəlməsini gözləyirdilər. Sad Useydin gəlişini görəndə:

– And içirəm ki, getdiyi kimi gəlmir, – dedi. Başa düşmüşdü. Gə­lən kimi təlaş içində:

– Nə etdin? – deyə soruşdu. Əvvəlcə heç bir anlaşılmazlıq olmadığını vurğulayıb:

– Vallah, o iki nəfərlə söhbət etdim. Heç bir hərəkətləri bizim üçün zərərli deyil. Əvvəlcə onları qovdum. “İstədiyini edərik” de­dilər, – dedi Useyd. Məqsədi Sad ilə Musabı görüşdürmək idi, yəni “ipləri bizim əlimizdədir, istəyirsən, bir dəfə də sən dinlə” demək istəyirdi. Çünki gözəlliyi bütün parlaqlığı ilə görmək üçün vasitəsiz görüşə ehtiyac vardı.

Meydanın bu qədər sakitləşməsi, əlbəttə, bəzilərinin işinə yaramırdı. Meydanı qızışdırmaq istəyənlər də vardı. Elə oradaca Sadın damarına toxunan sözlər deməyə başladılar. Görünür, iş cığırından çıxırdı və olanlara mütləq müdaxilə edilməli idi.

***

Sad qövmün böyüyü idi. Belə bir qarışıqlığa izin verə bilməzdi. Əsəbdən damarları şişmiş, az qala partlayacaqdı. Useydə də çox əsəbiləşmişdi. Onu məsələni kökündən həll etmək üçün göndərmiş, amma o təslim olub geri dönmüşdü, hələ üstəlik dinlədiklərinin gözəlliyindən bəhs edirdi. Məsələni özü həll etməli idi. Nizəsini götürüb düz Musabın yanına getdi. Nəfəsi təngiyirdi qəzəbindən.  Hətta sözünə sərhəd qoymadan danışırdı. Əvvəlcə Musabı aralarına gətirən xalası oğlu Əsada hirsləndi:

– Qohum olmasaydıq, əlimdən qurtula bilməzdin, – deyirdi. Musaba da hədə-qorxu gəlib bir müddət çığırdı. Tufanlar qopan dünyasında dalğalar sakitləşmək bilmirdi. Musab isə heç təmkinini pozmamışdı. Çünki ölüm qorxusu yox idi. Onu öldürməyə gələnlərə belə, həyat vermək üçün fürsət axtarırdı:

– Nə olar, bir qulaq as! – dedi eyni həlimanə, – xoşuna gəlsə, qə­bul edərsən. Xoşuna gəlməsə, bax o zaman istədiyini edərsən.

Doğru idi. Dəyişən bir şey olmayacaqdı. Qərar yenə Sadın əlin­də idi.

– Haqlısan, – dedi. Axı istəmədiyi şeyi ona zorla qəbul etdirən bir insan hələ andan olmamışdı. Nizəsini bir kənara qoydu, oturub Musabı dinləməyə başladı. Elə sözün başında Musabın “bis­mil­lah”ına vuruldu. Üzündə nur doğurdu. Sözü qurtarmadan Useyd kimi soruşmağa başladı:

– Bu dini qəbul etmək istədiyiniz zaman nə edirsiniz?

Eyni şeyləri Musab ona da başa saldı: qüsl, təmizlik, kəlmeyi-tövhid və namaz! Bəli, haqpərəstlik bu idi! Hər şey açıq-aydın meydanda idi və doğrunu gördüyü yerdə qəbul etməyi bacarırdı. Küfrün bəhanə tapmağa məntiqi yox idi, qalmamışdı, ola bilməzdi də! Artıq o da Musabın yanında idi.

***

O da getdiyi kimi qayıtmırdı, halını çoxdan anlamışdılar. Eyni təlaşı o da keçirməyə başlamışdı. O günə qədər bilmədikləri bir xəzinə tapmışdılar və onu bütün tanıdıqları ilə bölüşməli idilər. Maraq dolu baxışlara bir cavab vermək lazım idi. Qəbiləsindən bircə nəfərin də iman halqasından kənarda qalmasını istəmirdi. Əvvəlcə onlardan soruşdu:

– Məni necə tanıyırsınız?

Hamı bir ağızdan onu təriflədi. Məqamından, gördüyü hör­mət­dən iman naminə istifadə edəcəkdi. Sad Musabdan öyrəndiklərini bölüşüb onları imana dəvət etdi:

– Əgər Allah və Rəsuluna inanmasanız, qadın-kişi – hamınızla danışmaq mənə haram olsun!

Useyd və Sad kimi öndər insanlar qəbul edəndən sonra geridə kim qalardı?! Mədinə əhli bir-birinə baxırdı. Bu günə qədər onlara rəhbərlik edənlər gedib müsəlman olmuşdusa, onlara geridə qalmaq yaraşmazdı.

– Gəlin Musabın yanına gedək. Biz də təslim olaq! – səsləri yük­səlirdi artıq Mədinədə.

Mədinə nura qərq olurdu

Mədinə çox bərəkətli idi. Hər gün gözəl hadisələr yaşanırdı. Musabın xəbəri sürətlə yayılırdı. Qısa vaxtda bir neçə qəbilədən başqa Mədinədə elə bir ev qalmamışdı ki, içində bir nəfər müsəlman olmasın. Bir-bir evləri ziyarət edir, qəlbinin zənginliklərini onlarla bölüşüb insanları “Ənsar” məqamına hazırlayırdı. Bu gedişlə Mədinə sürətlə mədəni ab-havaya bürünürdü.

Nur artıq Mədinədən kənara da çıxmağa başlamışdı. Ətraf qəbilələrə yayılır, onları da eyni gözəlliklərlə süsləyirdi.

Allah Rəsuluna bir gün məktub yazdı Musab. Bu vəziyyətdə ne­cə hərəkət etməyi soruşurdu Rəsulullahdan. Cavabında Peyğəmbərimiz (s.ə.s.) cümə namazını məsləhət görmüşdü. Onlar da Sad ibn Heysəmənin evində bir yerə yığışıb ilk dəfə cümə namazını qılacaqdılar.

Allah Rəsulunu sevindirən müjdə

Bir il sonra Musabın Məkkəyə ikisi qadın olmaqla yetmiş beş möminlə gəlmişdi. Mənzərəni görən Allah Rəsulu çox sevinmişdi. On üç il idi ki, Məkkə qapılarını bu qədər açıb imana “buyur!” deməmişdi. Bəlkə də, Məkkədəki əziyyətlər Mədinədə rəhmət olub yağmağa başlamışdı. Musab bir müjdəsi ilə Onu daha çox sevindirəcəkdi. Hər bir mömindən gözlənilən bir müjdə idi bu. Gedəndə bir nəfər idi, tək idi, Rəbbindən başqa arxası-dayağı yox idi. Amma o Mədinəni layiq olduğu məqama gətirirdi. Neməti şükür niyyəti ilə  dilə gətirərkən çox həyəcanlı idi:

– Mədinədə elə bir ev qalmadı ki, içində İslamdan danışılmasın, ya Rəsulullah!

Çünki bir inanan insanın bir diyarda olması İslamın o bölgəni fət­hi etməsi demək idi. Allah Rəsulu (s.ə.s.) hədəf göstərmiş, Musab­ da əmri anlamışdı. Başqa sözlə desək, atdığı addımlar hüsn-rəğbətlə, sevgi ilə qarşılanır, “əkdiyi” səmimiyyətin bəhrəsini “dərirdi”. Hər dövrdə Musab kimi, hədəfi doğru anlayan üç-beş qəhrəman olsaydı, bugünkü dünyanın rəngi Allah bilir, nə gözəl olardı?

Peyğəmbərimizin yanında Musab iki aya yaxın qaldı. Müqəddəs köçdən əvvəl yenə yola düşdü. Hicrətdən on iki gün əvvəl Mədinəyə çatdı. Məkkədən qopub gələnlərə Mədinə qucaq açdığı zaman Musab da Sad ibn Əbu Vaqqas və Əbu Əyyub əl-Ənsari ilə qardaş elan edilmişdi. Artıq Sad ibn Muazın evinə köçəcək, vəzifəsini orda davam etdirəcəkdi.

***

Bədr günü gəlib çatdı. Allah Rəsulu o gün ruhu kimi tərtəmiz ağ bayrağı Musaba tapşırmışdı. Bədri tərk edəndə üzləri gülürdü.Zəfər qazanmışdılar. Ancaq Məkkə müşrikləri məğlubiyyəti həzm  edəcək halda deyildilər. Kinlə dolub-daşır, Bədrin intiqamı­nı yerdə qoymamaq üçün and içirdilər. Hətta əhd edib yemək-içməkdən imtina edənlər, intiqam almadan rahatlığı özünə haram edənlər vardı.

Çox keçmədən Qureyş daha böyük qəzəblə Mədinəyə yönələcək və yollar Uhudda toqquşacaqdı. Hətta intiqam almaq üçün Uhuda gələnlər arasında Musabın anası Hünas və qardaşı Əziz ibn Umeyr də vardı.

Uhudun bayraqdarı

O gün Uhudun bayrağını da Musab daşıyırdı. Polad kimi imanlı Musabın qarşısında durmaq mümkün deyildi. Həqiqi imanı əldə etmiş, dünyaya meydan oxuyurdu. Onun igidliyinə hətta mələklər də qibtə edirdi. Bir ara yüngül qarışıqlıq oldu müsəlman cərgələrində. Musab dəli-divanə olmuşdu. Atını sağa-sola mahmızlayır, bütün səyi ilə ordunun əhval-ruhiyyəni qorumağa çalışırdı. Bütün gücünü Rəsulullahı qorumaq üçün səfərbər etmişdi. Təkbaşına ordu olmuşdu. Bir əlində bayraq, digərində qılınc döyüşürdü. Qureyş onu öldürmədən Rəsulullaha çata bilməyəcəyini anlamışdı. Musabı­ keçmək lazım idi. Və ən güclü adamlarını onun qarşısına çıxardılar. Bir də Rəsulullahı öldürməyə and içmişdi İbn Qamia. Musab da zirehdə Rəsulullaha çox bənzəyirdi. Musabın qarşısına çıxdı. Zərbələr zərbələri təqib edirdi. Ölüm-dirim mübarizəsi gedirdi. Sağ qoluna enən qılınc zərbəsi qolunu qopardı. Musab qolunu düşünmürdü,  hayqırdı dünyasını aydınladan Rəsulullahın adını:

– Muhammədən-Rəsulullah!

Rəsulullahın bayrağı yerə düşməməli idi. Onu sol əli ilə qaldırmağa  çalışdı. Bu zaman ona  da bir zərbə endirib qopardılar. Lap təlaşlanmışdı. Bayrağın üstünə əyilib dişləri ilə tutdu, yerdən sinəsinin köməyi ilə qaldırdı. Yenə eyni kəlmələri təkrar edirdi:

– Muhammədən-Rəsulullah!

Gözünü qan tutmuşdu ibn Qamianın, dayanmaq niyyəti yox idi. Nizəsini Musabın sinəsinə saplayıb boynuna qılınc zərbəsi endirdi. Və Musab İbn Ərkamın evində başladığı yeni həyatını ən yüksək zirvədə tamamladı. Cansız bədəni Uhudun qumları üstünə düşəndə əziz ruhu şəhidlərin arasına çoxdan pərvazlanmışdı. Musab getsə də, bayraq yerdə qalmayacaqdı.

İbn Qamia Rəsulullahı öldürdüyünü sanırdı. Qureyşə tərəf gəlib “Məhəmmədi öldürdüm!” deyə sevinc nərələri çəkdi. Bu söz Uhudun hər yerində eşidildi. Bu səsin eşidən səhabələrdən qılıncını yerə qoyanlar, kədərindən dəli-divanə olanlar vardı. Bu, Nəsibə kimi qəhrəman səhabə qadınlarını hərəkətə gətirəcək və Günəşin yenidən zühuruna qədər qismən belə davam edəcəkdi. Belə bir Günəşin zühuruna nə qədər ehtiyacımız var bu gün!

Boynu bükük Musab

Ancaq yaddan çıxan bir şey vardı. Mübarizə Musabın şəxsi mübarizəsi deyildi, Allahın mübarizəsi idi. Onun uğrunda yola çıxanların hansı tək və köməksiz qalmışdı?! Səbəblərin çarəsiz qaldığı yerdə bu mübarizənin Sahibi inayəti ilə imdada çatacaqdı. O gün də elə oldu. Bir mələk Musabın surətində onun döyüşünü davam etdirirdi. Axşamüstü Allah Rəsulu (s.ə.s.) ona müraciətlə:

– Musab! – deyə səslənəndə o:

– Mən Musab deyiləm, ya Rəsulallah! – demişdi. Musab çoxdan şəhid olmuşdu.

***

Artıq döyüş bitmiş, meydan da sakitləşmişdi. Peyğəmbərimiz (s.ə.s.) səhabələri ilə birlikdə Uhud meydanını gəzirdi. Musabın başı üstünə çatanda heç kəs özünü saxlaya bilmədi… Hıçqırıqlar göz yaşına qarışmışdı. İki qolu da qopmuşdu Musabın. Boynuna enən qılınc zərbəsi dərinə işləmişdi. Və sanki, Musab torpağa basdığı üzünü bir şeydən gizlətmişdi. Nə üçün bu vəziyyətdə olduğunu ancaq Allah Rəsulu anlayacaq və əshabına ibrətlə damışacaqdı!

Belə ki, Musab qollarını itirdiyi üçün Rəsulullahı qoruya bilməmişdi. Bu əsnada Allah Rəsuluna hücuma edilərsə, o nə edəcəkdi? Belə bir şey görməmək üçün üzünü gizlətmişdi. Eyni zamanda Rəbbinin hüzuruna gedərkən belə Rəsulullahı qorumalı olduğunu düşünür, Onun başına bir şey gələrsə, nə üzlə hüzura gedəcəyini götür-qoy edirdi. Gedərkən belə gələcək nəsillərə dərs verməyi unutmamışdı Musab! “Rəsulullahın davası ayaqlar altına alınıb tapdalandığı hər dövrdə bütün varlığınızla mübarizə aparın və siz də bir dastan yazın!” – deyir və bunu da edə bilməyənlərə halıyla yol göstərirdi sanki!

İzhir otu ilə kəfənləndi

Məkkədən sadiq dostu Habbabın dediyi kimi, Musab dünya nemətləri içində üzərkən hər şeyi tərk etmiş, Gül dövrünü görmədən getmişdi. Növbə son vəzifəyə gələndə üstünü örtməyə bir bez parçası belə tapılmadı. Bir vaxtlar zənginlik və dəbdəbə içində yaşayan bu dəyərli insanı kəfənləməyə bir örtük belə tapılmırdı. Köhnə bir xirqə vardı əynində. Saçları dağınıq, bədəni qılınc və nizə zərbələri ilə parça-parça idi. Geydiyi xirqə ilə başını örtəndə ayaqları, ayaqlarını örtəndə başı açıq qalırdı. Vəziyyətdən xəbər tutan Rəsulullah:  “Xirqə ilə başını, izhir otu ilə də ayaqlarının örtüb məzara qoyun,” – deyə  əmr edəcəkdi.

Fəryada boğulan ayrılıq

Şəhid olduğu zaman Musab qırx yaşında idi. Allah Rəsulu bibisinin qızı Hamnə ilə evləndirmişdi onu. Hamnə bintü Cahş Hz. Həmzənin bacısı qızı, Zeynəb anamızla Abdullah ibn Cahşın da bacısı idi. Qızına da xalasının adını vermişdi. Məkkənin varlı gənci Musabdan bir Hamnə, bir də olanlardan xəbərsiz kiçik Zeynəb qalmışdı. Təbliğ eşqi ilə dolub-daşan və hər bir mömin üçün gözəl örnək olan həyatı bütün miraslardan üstün idi. İnanan bir şəxsin əgər istəsə, nələr edə biləcəyinin dastanı idi bu!

Əvvəlcə Hamnə qardaşı Abdullahın şəhadət xəbərini eşitdi. Çox kədərlənmişdi, amma bu, bir mübarizənin təmsili idi. Lazım gəlsə qurban da veriləcəkdi. Mətin davrandı:

– Biz Allaha aidik və vaxtı çatanda da, əlbəttə, Ona dönəcəyik! – dedi və şəhid olan qardaşı üçün əfv dilədi. Arxasınca dayısı Həmzənin şəhadət xəbəri gəldi. Hamı kimi, o da hüzndən iki büklüm olmuşdu. Ancaq zaman dik dayanmağı tələb edirdi. Yenə əfv dilədi. Xəbərlərin ardı-arası kəsilmək bilmirdi. Əri Musabın xəbəri gələndə artıq dözməyə halı qalmamışdı. Bir fəryad qopardı. Özünü itirmişdi. Halını müşahidə edən Allah Rəsulu belə deyəcəkdi:

– Qadın üçün ərin yeri başqadır!

Verdiyi sözə əməl edən igid

Sonra Allah Rəsulu Mədinəyə göndərdiyi ilk elçisinin yanına gələcək, onu əbədi aləmə özü yola salacaqdı. Musabın baş tərəfində dayandı. Qəlbi hüznlü, gözləri yaşlı… Nur üzünü mübarək göz yaşları ilə yuyarkən “İlahi kəlam”dakı bu ifadələri təkrar edirdi:

– Möminlərdən elə igidlər var ki, Allaha verdikləri sözü yerinə yetirib sədaqətlərini isbat etdilər. Onlardan bəziləri vəzifəsini yerinə yetirib qəhrəmancasına getdi, bəziləri də o anın intizarındadır. Onlar verdikləri vəddən zərrə qədər də dönmədilər.

Sonra da Musabın yarı ot, yarı xirqə kəfəninə diqqətlə baxacaq və dodaqlarından bu cümlələr töküləcəkdi:

– Səni Məkkədə ilk dəfə gördüyüm zaman əynində qiymətli, bahalı libaslar vardı. Məkkədə heç kim səndən gözəl geyinmirdi. İndi isə yerdəsən, saçın-başın dağınıq, köhnə bir xirqənin içində, heç başını da örtməyib!

Sonra da Uhud meydanına qayıtdı. Budəfəki xitabı Musab da daxil olmaqla, bütün şəhidlərə idi. Allah üçün canını fəda edənlərə Allah Rəsulu şahidlik edirdi:

– Allah Rəsulu şahidlik edir ki, Qiyamət günündə siz Allah qatında da şəhidsiniz.

Hər kəsin üstünə bir vəzifəsi düşürdü və Allah Rəsulunun səha­bə­ləri deyəcəkləri vardı. Döndü və qulağa sırğa olacaq bu cümlələri söy­ləməyə başladı:

– Ey insanlar! Onları ziyarət edin və buralara gəlin! Onlara salam verin! Nəfsim əlində olan Allaha and olsun ki, bunlar Qiyamət gününə qədər onlara salam verən hər müsəlmanın salamını alacaq və salama cavab verəcəklər.

Eşitdik və itaət edirik, ya Rəsulallah!

Salam olsun sənə, ey Musab!

Salam olsun sizə, ey şəhidlər!

Salam Uhuda və Uhudun aslanlarına!

Və salam olsun, getdiyi yeri mədəni bir Mədinəyə çevirməyə and içmiş məfkurə mühacirlərinə!

“Səadət əsrində doğan ulduzlar” əsərindən iqtibas edilmişdir