Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

İmran bin Husayn (r.a.)

Tarix: 11.07.2013 | Bu məqalə 619 dəfə oxunub.

Allahım, səhvən və ya qəsdən, gizli və ya aşkar, bilərək və ya bilməyərək etdiyim bütün günahlarımı bağışla!

Hədisi-Şərif

Hz. İmran (r.a.) Peyğəmbərimizə iman edən ilk səhabələrdən idi. İslam davasına könül vermiş, əziyyət və iztiraba dözməyə razı olmuşdu. Husayn Müsəlman olsa da, atası hələ İslamı qəbul etməmişdi. İmran tərəddüdsüz atasından üz çevirdi. Lakin bir tərəfdən atasının da İslamı qəbul etməsini, bütlərə tapınmaqdan vaz keçib kainatın sahibi Uca Al­laha qul olmasını canu könüldən arzulayırdı.

Müsəlmanların sayı hələ qırxa çatmamışdı. Müşriklər ağlasığmaz işgəncə­lər verir, bəzən də şirin vədlər verib dinindən döndərməyə çalışırdılar.

Bir gün müşriklər Hu­sayna rast gəldilər. Husayn Məkkə zadəganlarından idi. Dərhal ətrafını dövrəyə aldılar və Pey­ğəmbərimizi ona şikayət etdilər. Onunla birlikdə Peyğəmbərimizin yanına getdi­lər. Müşriklər qapıda gözləməyə başladılar. Husayn Peyğəmbərimizin hüzuruna daxil oldu. Rəsulullah səhabələrinə: “Yaşlı adama yer göstərin”, ‒ buyurdu. Səhabələr Husayna qarşı çox soyuq davrandı­lar. Husaynın oğlu İmran da o əsnada Peyğəmbərimizin yanında idi. Atasının Peyğəmbərimizə nəsə eləyəcəyini düşünür və kədərlənirdi.

Peyğəmbərimiz Husaynı bütlərdən imtina edib Allaha iman etməyə dəvət etdi. Arala­rında keçən qısa söhbətdən sonra Husayn kəlmeyi-şəhadət gətirib Müsəlman oldu.

Atasının Peyğəmbərimizi narahat edəcəyini zənn edərək kədərlənən Hz. İmran onun kəlmeyi-şəhadət gətirdiyini eşidincə çox sevindi. Dərhal atasının yanına getdi, əllərini və ayaqlarını öpməyə başladı. Onun bu hərəkəti Peyğəmbərimizi riqqətə gətirdi. Gözlərini yaşartdı. Sonra belə buyurdu:

‒ İmranın hərəkətləri məni kövrəltdi! Atası içəri girəndə İmran nə ayağa qalxmış, nə də üzünə baxmışdı. Lakin Husayn Müsəlman olunca atalıq haqqını ödədi, ‒ buyurdu. (əl-İsabə, 1: 337-338.)

Çünki Hz. İmran Allahın razılığını qazanmaq üçün atasına bu cür hörmət göstərdi. Müşrik olduğu üçün onu sevmirdi. Allaha üsyan edənə hörmət edil­məzdi. Lakin nə vaxt tövhid halqasına girdi, qəlbində sevgi coşub daşmağa başladı.

Hz. İmran ömür boyu Peyğəmbərimizin söhbətlərindən feyz aldı. Alim səhabə­lər zümrəsinə daxil oldu. Hz. Ömər onu bəsrəlilərə İslam hüququnu, fiqhi öyrət­mək üçün göndərdi. (Üsdül-Ğabə, 4: 137.)

İmran geyim-keciminə çox diqqət yetirərdi. Gözəl və təmiz geyinərdi. Bunun səbəbi­ni soruşanlara Peyğəmbərimizin “Allah bir quluna sevdiyi neməti verəndə o nemətin əsər-əlamətini qulunun üzərində görmək istər” buyurduğunu deyərdi. (Təbəqat, 4: 291.) Çünki Müsəlman hər halı ilə nümunə olmalı idi. Hər cəhəti ilə təmiz olan dinini yaşamalı, nizam-intizama, təmizliyə diqqət yetirməli idi.

Hz. İmrana bir vəzifə veriləndə həmişə sünnəni əsas götürər və ona uyğun hərəkət edərdi. Xidmətini yerinə yetirərkən Rəsulullahın buyurduğu şəkildə davranardı.

Bəsrə valisi Ziyad bin Əbih ona zəkat məmuru vəzifəsinə təyin etmişdi. İmran vəzifəni yerinə yetirib geri qayıdanda özü ilə bir dirhəm belə gətirməmişdi. Ziyad bundan çox narazı qaldı.

‒ Niyə heç nə gətirmədin? ‒ dedi. İmran heç çəkinmədən belə cava­b verdi:

‒ Sən məni sənə mal gətirmək üçün göndərmişdin?! Peyğəmbərimizin dövründə zəkatları necə yığırdıqsa, o şəkildə yığdım və kimlərə verirdiksə, onlara verib gəldim.

Onun bu cavabı qarşısında Ziyadın deməyə bir sözü qalmadı.

Hz. İmran bəzən Bəsrə əhalisinə moizə oxuyar, Rəsulullahdan aldığı nurla onları işıqlandırardı. Bidətə və bidətçilərə göz açmağa imkan verməzdi. İslama uyğun olmayan fikir və əməllərlə əlindən gəldiyi qədər mübarizə aparar, sünnəni yaşa­mağa və yaşatmağa çalışardı. “Qurani Kərim nazil olmuş, Allahın Peyğəmbəri də bizə yol göstərib: “Arxamca gəlin. And olsun ki, əgər bizi dinlə­məsəniz, qarmaqarışıqlıq içində həlak olacaqsınız”, ‒ buyurmuşdur”, ‒ deyərdi.

Bir gün bir nəfər İmran bin Husaynın yanına gəlib: “Bizə yalnız Qurandan danış”, ‒ dedi. Bu sözləri eşidən Hz. İmran qəzəbləndi və belə dedi:

‒ Allahın Kitabında günorta namazının dörd rükət olduğu keçirmi? Günorta na­mazında səsli oxunmaz. Namaz, zəkat və buna bənzər əməllərin heç biri Quranda tam açıqlanma­mışdır. Allahın Kitabı bağlı xəzinədir. Onu açıqlayan və şərh edən isə Peyğəmbər sünnəsidir. (Həyatüs-Səhabə, 3: 183.)

Bu sözləri ilə Hz. İmran hər məsələnin izahını həmişə Quranda axtarmağın yersiz olduğunu, sünnənin də dini qaynaq olduğunu demək istəyirdi.

İmran (r.a.) haqqı və həqiqəti hər şeydən üstün tuturdu. Ona görə də Bəsrə valisi Ziyad bin Əbihin Xorasanda vali olmaq təklifini qəbul etmədi. Ondan Xorasanda vali olmaq təklifini qəbul etməməsinin səbəbini soruşanlara belə dedi:

‒ Vallah, mən onun atəşində yanarkən Xorasan xalqının onun kölgəsində sə­fa sürməsini istəmirəm. Məmurluğum əsnasında Ziyaddan mənə məktub gəl­məsindən qorxuram. Onun yanlış əmrini sırf onun xətri üçün yerinə yetirsəm, həlak olaram!

Ona görə də Ziyad Xorasan Hakim bin Amrı vali təyin etdi. Hz. İmran valiliyi qəbul etməmişdi, amma hələ vəzifəsi bitməmişdi. Vaxt itirmədən Hz. Hakimi axtardı. Tapınca ona belə məsləhət verdi:

‒ Yadındadır, səhabədən bir nəfər rəisinin əmri ilə özünü oda atmaq istəyərkən yanındakılar qolundan tutub buna mane olmuşdular. Peyğəmbərimiz bundan xəbər tutunca: “Əgər özünü oda atsaydı, həm özü həm də, rəisi cə­hənnəmə girəcəkdilər. Çünki Cənabi Allaha üsyan barəsində heç kimə itaət edilməz”, ‒ buyurmuşdu. Mən səni sırf bu hədisi xatırlatmaq üçün axtarırdım. (adı keçən əsər, 2:32)

Hz. İmran bu sözləri ilə Hz. Hakimə demək istəyirdi ki, əgər Ziyad Quran və sünnəyə zidd bir əmr versə, ona itaət etməsin.

İmran bin Husayn Bəsrədə çox böyük xidmətlər göstərdi. Bəsrə imamla­rından və Tabiunun böyüklərindən Muhəmməd ibn Sirin: “Bəsrədə Rəsulullahın səhabələri arasında İmran bin Husayndan üstün olanı az tapılardı”, ‒ deyib onun fəzilətini vurğulayırdı. 6 (Üsdül-Ğabə, 4:137.)

Cənabi Allah qullarını təcrübə etmək üçün onlara bəzi müsibətlər göndərir. Bununla onların səbir dərəcələrini ölçmək istəyir. İmran bin Husayna da çox ağır xəstəliyə tutuldu. Belə ki, Hz. İmran nə otura, nə də qalxa bilirdi. Lakin o bilirdi ki, bu müsibət onun başına nə üçün gəlib. Ona görə də bu xəstəliyi böyük səbirlə qarşıladı. Səbrin bu dünyada­kı mükafatını da aldı, mələklərin salamı­na layiq oldu. Mələklər onu gördükcə salam verərdilər. (Təbəqat, 4:288; Üsdül-Ğabə, 4:138)

“Vallah, əgər istəsəm, ara vermədən, heç birini təkrarlamadan iki gün Peyğəmbərimizdən hədis nəql edə bilərəm”, ‒ deyən Hz. İmran 120 hədisi-şərif rəvayət etmişdir. Bunlar Buxari, Müsnəd və digər hədis kitablarında mövcuddur. O hədislərdən biri belədir:

“Cənnətə baxdım, cənnətliklərin çoxunun yoxsullar olduğunu gördüm. Cəhən­nəmə baxdım, cəhənnəmliklərin çoxunun qadınlar olduğunu gördüm”. (Müsnəd, 4:437.)

Başqa bir həsis:

“Allahım, səhvən və ya qəsdən, gizli və ya aşkar, bilərək və ya bilməyərək etdiyim bütün günahlarımı bağışla!” (adı keçən əsər, 4:444.)

İmran bin Husayn Hicri 52-ci ildə Bəsrədə vəfat etmişdir.

Allah ondan razı olsun!

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.