Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

İrbad bin Sariyə (r.a.)

Tarix: 11.07.2013 | Bu məqalə 522 dəfə oxunub.

Məndən sonra bəziləriniz bir çox ixtilaflara şahid olacaqlar. Siz o zaman mənim və Xüləfayi-Raşidin sünnəsinə sarılın. Onların yolundan ayrılmamaq üçün əlinizdən gələni edin.(Hədisi-Şərif )

Təbuk döyüşü Müsəlmanların böyük çətinlik və əziyyətlərlə üzləşdiyi döyüş olmuşdur. Xüsusilə, bəzi ayə və hədislərdən onların maddi cəhətdən xeyli çətinlik çəkdiklərini öyrənirik. Hz. Osman (r.a.) ordunun təchizatı üçün min dinar ve­rəndə Rəsulullah (a.s.m.) çox məmnun olmuş və onun haqqında: “Ya Rəbbi, mən ondan razıyam, sən də ondan razı ol!” ‒ deyə dua etmişdi. (Sirə, 4:161.) Müsəlmanların bəziləri döyüşə qatılmaq üçün can atsalar da, silah-sursatı, miniyi olmadığı üçün döyüşdə iştirak edə bilməmiş və kədərlə göz yaşı tökmüşdü­lər. Quranda bu səhabələr belə xatırlanır:

“(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, ‒ deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!” (“Tövbə” surəsi, 92.)

Bu ayənin şərhi ilə bağlı İbn İshaq belə rəvayət edir:

“Bəzi Müsəlmanlar Rəsulullahın yanına gəldilər. Bunlar yoxsul idilər. Rəsulullahdan minik istədilər. Rəsulullahın onlara verməyə miniyi yox idi. Allah yolunda xərcləməyə heç nələri olmadığı üçün gözləri yaşlı və­ziyyətdə geri qayıtdılar”. (Sirə, 4:161.)

Bunların altısının ənsardan olduğunu qeyd edən İbn İshaq arala­rında Suffənin ən yaşlı səhabələrindən olan İrbad bin Sariyə də (r.a.) vardı.

Suffə mədrəsəsində Rəsulullahdan həqiqət dərsini alan bu qəhrəman səhabə Təbuk səfərinə qatıla bilməyən digər səhabələrlə birlikdə Quranın mədhinə layiq olmuşdurlar. Peyğəmbərimizin hədislərindən öyrənirik ki, onlar döyüşdə iştirak etməsələr də, döyüşdə iştirak edənlər qədər savab qazanmışdılar. Rəsulullah onlar haqqında belə buyurmuşdur:

‒ Mədinədə elə bir insanlar var ki, sizin qədər eyni dərəcədə savab qazanmışlar.

Səhabələr:

‒ Ya Rəsulallah, onlar Mədinədə olduqları halda da mı elədir?! ‒ de­yə soruşdular. Rəsulullah belə buyurdu:

‒ Bəli, Mədinədə olduqları halda da elədir… Çünki bəhanələri onları cihaddan saxladı. (İbni Macə, Cihad, 6)

İrbad bin Sariyə Rəsulullahın ən yaşlı səhabələrindən idi. Cənabi Allah ona uzun ömür bəxş etmişdi. Hətta Allaha qovuşmaq üçün tez-tez dua edərdi: “Ey Allahım, çox qocaldım, sümüklərim zəiflədi, məni hüzuruna al!” (Hilyə, 2:14)

İrbad bin Sariyə Rəsulullahın söhbətlərində daim iştirak edən və onun sadiq tələbələrindən idi. Bəzən Rəsulullahla bağlı xatirələrini danışan İrbad bin Sariyə bir sübh namazından sonra Hz. Peyğəmbərin səhabələrə üz tutub təsirli moizə oxuduğunu və səhabələrin qorxudan ağladıqlarını nəql edərdi.

Hz. İrbad hadisənin ardını belə nəql edir: “Səhabələrdən biri: “Ya Rəsulallah, həmişəlik vida edən bir insanın moizəsinə bənzədi! O halda bizə nə tövsiyə edərsiniz?” ‒ deyincə Rəsulullah ona belə cavab verdi: “Allahdan qorxmağı, həbəşli kölə də olsa, idarəçinizi dinləyib itaət etməyi tövsiyə edərəm. Məndən sonra bəziləriniz bir çox ixtilaflara şahid olacaqlar. Siz o zaman mənim və Xüləfayi-Raşidin sünnəsinə sarılın. Onların yolundan ayrılmamaq üçün əlinizdən gələni edin. Bidətlərdən uzaq olun. Sonradan ortaya çıxan hər şey bidətdir, hər bidət isə zəlalətdir”. (Əbu Davud, Sünnə, 6; Üsdül-Ğabə, 3:399)

Hicri 75-ci ildə vəfat edən bu böyük səhabə həyatının bir hissəsini Şam­da keçirmiş, bir hissəsini də Xumusda tamamlamışdır. Yaşlı olmasına baxmayaraq, di­nin uca həqiqət və gözəlliklərini son nəfəsinə qədər yaymağı məqsəd bilmiş­dir.

Allah ondan razı olsun!

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.