Səhabələr

İslamın xoşgörü zəmini

Bu ərəfədə Bizans höhmdarı Herakl yenə Hımsda idi. Rəsulullahın məktubunu alar-almaz məsələni vəzirləri və din xadimləri ilə müzakirə edir. Onlara əllərində olan məlumatları xatırladır və sürətlə inkişaf edən yeni dinin bir gün onların torpaqlarına da hakim olacağını bildirir! Ancaq vəzirlər və din xadimləri eyni qənaətdə deyildilər və onların kəskin şəkildə qarşı çıxdığını görən Herakl hökmdarlığını qorumaq üçün geri addım atır.[20] Buna baxmayaraq, Herakl nə Rəsulullahla (s.ə.s.) döyüşməyi, nə də Ona tabe olmağı seçir və Təbuka qədər gələn İslam ordusu qarşısında fikrini dilə gətirməkdən çəkinir, neytral münasibət sərgiləyir.

Bu arada Allah Rəsulu (s.ə.s.) Xalid ibn Vəlidə Bəni-Kində hökmdarı Ükeydər ibn Abdilməliyi əsir alıb qayıtmaq təlimatı vermiş və dörd yüz nəfərlik qüvvə ilə Dumətül-Cəndəl tərəfə göndərmişdi. Hətta həmin gün Rəsulullah (s.ə.s.) əsgərlərin sayca azlığını və getdikləri ərazinin böyük olduğunu əsas gətirib bu işin öhdəsindən gələ bilməyəcəyini deyən Hz.Xalidə:

– Sən onu yabanı sığır ovlayarkən tapacaq və yaxalayacaqsan. Ancaq onu öldürmə və Mənim yanıma gətir, – deyərək Ükeydəri harada və necə ələ keçirəcəyini belə təsvir etmişdi.

Həqiqətən, Ükeydər həmin gün sığır ovuna çıxmışdı. Ova çıxdığı halda özü ovlanmışdı! Bu vaxt bir neçə adamı və qardaşı Hassan da yanında idi. Allah Rəsulunun xəbər verdiyi hadisələrin bütün xırdalıqlarına qədər baş verdiyini görən Hz.Xalid bu həyəcanı bölüşmək üçün Ükeydərin boynundakı qızıl xaçı çıxarır və Rəsulullaha göndərir. Xaçın qiymət və gözəlliyi səhabələri heyran edir. Buna şahid olan Allah Rəsulu (s.ə.s.) onlara:

– Sizin xoşunuza gələn, diqqətinizi çəkən budurmu? – deyə soruşur və əlavə edir, – Allaha and olsun ki, cənnətdə Sad ibn Muaza ehsan edilən dəsmallar bundan olduqca gözəl və cazibədardır!

Bir qədər sonra Hz.Xalid əsirlərlə birlikdə Təbuka gəlir. Allah Rəsulu (s.ə.s.) Ükeyder və adamlarına İslamı təbliğ edir, ancaq onlar bunu qəbul etmirlər. İslamın hakimiyyəti altında qalmaqla illik cizyə ödəməyə razılaşırlar. Allah Rəsulu (s.ə.s.) da onlarla müqavilə bağlayıb, iki qardaşı azad edir.

Bu vaxt Ükeydər kimi hücuma məruz qalmaqdan ehtiyat edən Eylə hökmdarı Yuhanna ibn Rubə hədiyyələrlə Rəsulullahın hüzurna gəlir və cizyə vermək əvəzində saziş bağlayıb geri dönür.[21]

İnsanlarla dialoq qurulmasına xüsusi əhəmiyyət verən Allah Rəsulu (s.ə.s.) Yuhannaya yazılı təminat verir və onunla birlikdə Şam, Yəmən və Bahr istiqamətində yaşayan əhalini də bu təminata daxil edərək mal və can təhlükəsizliyini öhdəsinə götürdüyünü bildirir.[22] Təbukda Bizansla yaxın təmas baş verməsə də, məqsəd hasil olur, insanlar bu vəsilə ilə İslamın xoşgörülü üzü ilə yeni-yeni tanış olurlar. Belə ki, bu ərəfədə Yəhudi xalqlarından Cərba və Əzruh qəbilələri də gəlmiş, Allah Rəsulu ilə müqavilə bağlamışdılar. Müqaviləyə görə, onlar hər il rəcəb ayında illik yüz dinar cizyə ödəyəcək və bununla İslamın himayəsinə girmiş olacaqdılar. Allah Rəsulu (s.ə.s.) belə bir seçim nəticəsində onların da can və mal təhlükəsizliyini öz üzərinə götürdüyünü ifadə edir və buna müqabil onların mükəlləfiyyətlərini də bu mətndə qeyd edirdi. Hətta Cərba və Əzruh xalqı həmin ilin cizyəsini Rəsulullah (s.ə.s.) Təbuku tərk etməmiş gətirib Ona təslim edəcəkdi!

Bu vaxt Məkna xalqı da gəlib Rəsulullahla bir müqavilə imzalayır. Müqavilə şərtlərinə görə onlar da meyvə məhsullarının dörddə biri ilə toxuduqları qumaşın dörddə birini cizyə kimi verməyi qəbul edir və İslamın əmin-aman iqlimində yaşamağı üstün tuturlar.

Təbuk bəhrəsini vermişdi və Rəsulullah bir az da irəli gedib ordu ilə birlikdə Şam istiqmətində irəliləyib-irəliləməmək məsləsini  əshabı ilə müzakirə edir. Hz. Ömər:

– Ya Rəsulullah! Əgər Sənə bu da əmr edilmişsə, yoluna davam et! – deyir.

Ancaq O, əshabının fikrini öyrənmədən hərəkət etmək istəmirdi. Çünki Allah (c.c.) Ona işləri əshabla məsləhətləşməyin vacibliyini bildirmişdi və  O da:

– Əgər daha da irəliyə getmək əmrini alsa idim, bunu sizinlə müzkirə etməzdim, – buyurur.

– Ya Rəsulullah! Rumlular böyük xalqdır və aralarında da heç müsəlman yoxdur! Hal-hazırda onlara ən yaxın bölgədəyik və Sənin buraya qədər gəlməyin onların qorxusuna səbəb olmuşdur. Bundan sonrakı hadisələrin inkişafını izləmək və Allahın bu məsələdə Sənə verəcəyi hökmü  gözləmək şərtilə istərsən, bu il geri dönək, – deyir Hz.Ömər.

Əksəriyyət də Hz.Ömərlə  həmfikir olduğu üçün Allah Rəsulu Təbuk səfərini bitirməyi qərara alır. Artıq hədəf Mədinə idi.[23]

Təbuk tərk edilir

İyirmi günə yaxın idi, Təbukda idilər. Artıq buranı tərk etmək zamanı gəlib çatmışdı. Ordunun azuqəsi də, demək olar ki, tükənmişdi. Mədinəyə qayıtma qərarının verilməsindən görünürdü ki, yaxın zamanlarda döyüş ehtimalı yoxdur və bunu fürsət bilən səhabələr hüzura gəlib deyir:

– Ya Rəsulullah! Bizə izin versən, dəvələrimizi kəsib həm qida ehtiyacımızı ödəyər, həm də yağlarından istifadə edərdik!

Bu, onların öz istəkləri olduğuna görə məqbul görünürdü və hətta bir qismi çoxdan kəsim işlərinə başlamışdı... Bunu görən Hz. Ömər onlara:

– Kəsim işinə bir qədər ara verin, – deyib bir göz qırpımında Allah Rəsulunun hüzuruna gəlir:

– Ya Rəsulullah, – deyir, – yüklərini daşıyan dəvələri kəsib yemələri barədə icazəni Siz verdiniz?

Nə belə bir izində bir problem vardı, nə də hər kəsin öz dəvəsini kəsməsində! Ancaq sabahını düşünən Hz.Ömərin qənaəti tamam başqa idi. Onun bu təlaşını görən Allah Rəsulu:

– Mənə aclıqdan əziyyət çəkdiklərini elə dedilər ki, sanki, şikayət edirdilər. Mən də yerdə qalan dəvələrə növbə ilə minmək şərti ilə hər dəstənin yük üçün ayrılmış dəvələrdən bir-ikisini kəsməsinə icazə verdim. Onsuz da insanlar evlərinə dönürlər, – deyə cavab verir.