Səhabələr

İslamın xoşgörü zəmini

Mədinə

Artıq səfər başa çatmışdı, Mədinəyə girmək üzrə idilər. Bir aralıq üzünü əshabına  tutan Allah Rəsulu (s.ə.s.):

– Hal-hazırda Mədinədə elə insanlar var ki, getdiyiniz hər yerdə, addım atdığınız hər vadidə daim sizinlə birlikdə idilər, – buyurur.

Bununla Mədinədə qalıb Təbuk səfərinə gəlməyənlərin hamısının münafiq olmadığını demək istəyirdi. Çünki onların arasında Kab ibn Malik, Mürarə ibn Rəbi və Hilal ibn Ümeyyə kimi səmimi mömin olduğu halda, müxtəlif səbəblər üzündən gələ bilməyənlər də vardı. Ancaq bu bəyandan heyrətlənən səhabələr:

– Ya Rəsulullah! – deyirlər, – onlar Mədinədə olduqları halda, bizimlə birlikdə idilər, eləmi? – deyə təəccübünü dilə gətirir, səbəbini öyrənmək istəyirlər.

– Bəli, onlar Mədinədə olduqları halda sizinlə idilər, – buyurur, – çünki onları burada qalmağa məcbur edən üzrlü səbəblər vardı!

Deməli, yalandan bəhanələr gətirib Təbuka getməyənlərlə digərləri arasında fərq vardı və Rəsulullah da diqqəti bu fərqə yönəldir.

O gün Allah Rəsulu (s.ə.s.) başqa məqamları da vurğulayır. Mədinəni görər-görməz:

– Bax bu da Tabədir ki, Rəbbim Məni oraya yerləşdirdi. Körük dəmirin üstündəki kələ-kötürləri təmizlədiyi kimi, Mədinə də əhalisi arasında olan pislikləri silib atdı, – buyurur.

Bu vaxt gözləri Uhudu süzməyə başlayır:

– Uhud elə bir dağdır ki, o, bizi sevər, biz də onu!

Daha sonra şəxsən ənsara yönələn Allah Rəsulu (s.ə.s.) onlardan:

– Sizə ənsarın evləri arasında ən xeyirlilərini deyimmi? – soruşur.

– Bəli, ya Rəsulullah! – deyirlər.

– Ənsarın evləri arasında ən xeyirliləri Bəni-Nəccarın, sonra Abdullah ibn Əşhəloğullarının və sonra da Bəni-Səidənin evidir!

Xeyir sırasında axırıncı olan Bəni-Səidəoğulları bu təsnifatdan bir az kədərlənir. Hüzura gələn Hz.Sad:

– Ya Rəsulullah! – deyir, – ənsarın evlərini xeyir ardıcıllığı ilə sıraladın və bu sıralamada bizim evlərimizi ən axırda zikr etdin!

Təbii ki, belə bir sıralamada bəziləri arxada gəlməli idi və Allah Rəsulu:

– Adınızın ən xeyirlilər arasında çəkilməsi sizə bəs deyilmi? – deyir.

İki aya yaxın aralarında olmayan Allah Rəsulunu görən qadın və uşaqlar yollara tökülmüşdü. Vəda təpəsindən Mədinəyə doğan o bədilənmiş ayın aydınlığında şeir və gözəl sözlərlə sevinc hislərini izhar edir və Onu bayram havası ilə qarşılayırdılar.

Şəhərə girən Allah Rəsulu (s.ə.s.) birbaşa Məscidi-Nəbəviyə gedir və iki rükət şükür namazı qılır.

– Bizi bu səfərdə mükafat və yaxşılıqla ruzi verən Allaha həmd olsun! – deyir.

Təbuk dönüşündə əshab "artıq bundan sonra döyüş olmaz" düşüncəsi ilə əllərindəki silahları belə satmağa başlamışdı. Hicazda qarşılarına çıxacaq bir qüvvənin qalmadığını və bundan sonra nə qılınca, nə də qalxana ehtiyac olmadığını düşünürdülər! Onların bu hərəkətindən xəbər tutan Allah Rəsulu dərhal müdaxilə edir və:

– Ümmətim içindən bir dəstə Dəccalın zühur edəcəyi ana qədər daim haqq uğrunda cihad edəcəkdir, – buyurur.

Məscidi-Dirar

Təbuk səfərinin başlanğıcı ərəfəsində inşa edilən nifaq "məscid"i, bir bəhanə uydurub Təbuka gəlməyənlərin vəziyyəti və Mədinədə olmadığı müddətdə yığılıb qalmış bir çox həll olunmamış məsələlər Onun gəlişini gözləyirdi.

Rəsulullah Mədinəyə yaxınlaşarkən gələn Cəbrail Allahın qəti əmrini çatdırmış və Təbuk səfərinə çıxmazdan qabaq gələn namaz qıldırma istəyinə (Münafiqlər Rəsulullahdan yeni tikdikləri məsciddə namaz qıldırmağı xahiş etmişdilər) cavab olaraq "Bəlkə, geri döndükdə!" dediyi Dirar məscidində namaz qılınmaması zərurətini bəyan etmişdi. [25]

Məsələnin əsl tərəfini indi hər kəs görürdü. Allah Rəsulunun (s.ə.s.) belə bir xeyirli işə soyuq münasibətinə təəccüblə baxanlar ayənin gəlişi ilə Rəsulullahın atdığı hər addımda nə qədər hikmət olduğunu görüb Allaha həmd edirdilər! Çünki bu məscidi Allah və Rəsuluna qarşı mübarizin mərkəzi çevirməyə çalışırdılar. Və beləcə bu məkan Rəsulullahın (s.ə.s.) namaz qılması ilə müqəddəsləşəcək, bundan sonra adı "məscid" olsa belə, daim küfrə xidmət edəcəkdi. Əsl amac, əsl niyyət bu idi.

Ayə nazil olmuş, məsələnin iç üzü ortaya çıxmışdı, demək, indi növbə "gələcək" nifaq mərkəzinin ortadan qaldırılmasına gəlmişdi. Allah Rəsulu (s.ə.s.) bir neçə nəfər səhabəni hüzuruna çağırıb bu vəzifəni onlara tapşırır, onlar da tərəddüd etmədən gedir, binanı yandırıb yerlə-yeksan edirlər![26] Nifaq naminə atılan bir addım da nəticəsiz olmuşdu; hər bir həmlə, hər bir addım Hicazı küfr və nifaqdan təmizləməyə xidmət edirdi və Mədinə şəhəri bundan sonra münafiqlər üçün təzyiqin daha da artdığı məkana çevrilir.