Səhabələr

İslamın xoşgörü zəmini

Bəhanəyə sarılanlar və bir tövbə qəhrəmanı

İç üzləri surətlərində əks olunan bu üzsüzlər hər şeyə rəğmən, Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və Təbuka getməmələrini əsaslandırmaq və bunun doğru olduğunu göstərmək üçün müxtəlif bəhanələr uydururdular. Yenə də Allah Rəsulu (sallallahu əleyhi və səlləm) pərdəni saxlamaq üçün özünü bu bəhanələrlə razılaşmış kimi göstərir və etiraz etmir. Hamısı bir-birinin ardınca gəlib vəziyyəti ərz edirdi və növbə Rəsulullahın atılan hər addımda əshabla birlikdə olduğunu bəyan etdiyi səmimi möminlərə gəlir. Bir ramazan günü Allah Rəsulu  (s.ə.s.) səhabələrinə üz tutur, xəcalət içində hüzura gələn Hilal ibn Ümeyyə və Mürarə ibn Rəbi haqqında:

– Mən sizə izin vermədikcə heç biriniz onlarla danışmasın, – buyurur.

Kab ibn Malik eyni duyğular içində məscidə gəlib Allah Rəsuluna (s.ə.s.) salam verir, Rəsulullah əvvəlcə acı bir təbəssümlə onun üzünə baxır, üzünü çevirir. Sanki, dünyalar Kab ibn Malikin başına yıxılır. Allah Rəsulunun hal və hərəkətlə dedikləri ox olub ürəyinə sancılmışdı və:

– Ya Rəsulullah! – deyə səslənir, – niyə məndən üz çevirirsən? Vallah, mən nə münafiqəm, nə dinim barədə şübhə içindəyəm, nə də dinimi dəyişdirdim!

– Elə isə sən niyə gəlmədin? – deyə soruşur Allah Rəsulu, – halbuki hazırlıq da görmüşdün, elə deyilmi?

– Bəli, ya Rəsulullah! – deyə sözə başlayır Hz.Kab, – indi Sənin deyil, bir dünya əhlinin yanında olsaydım, bəhanə uydurub canımı onun qəzəbindən qurtarardım. Çünki məndə insanları inandırmaq qabiliyyəti vardır! Ancaq bilirəm ki, bu gün məni xilas edən bir yalan bəyanla halımı Sənə ərz etsəm, sabah Allah vəziyyəti mütləq Sənə xəbər verəcəkdir. Ancaq bu gün doğrunu – Səni mənə hirsləndirəcək sözləri desəm, o zaman Allahın məni əfv edəcəyini umaram. İşin doğrusu, budur ki, mənim bir üzürlü səbəbim yoxdur!...

Onun səmimiyyətini diqqətlə dinləyən Allah Rəsulu (s.ə.s.) əvvəlcə:

– Bu adama gəlincə, o, doğrunu dedi, – buyurur.

Əslində, sadəcə bu cümlə bu üç sahabədən əvvəl gəlib boş, uydurma bəhanələrlə özlərini qurtarmağa çalışan səksənə yaxın insanın halını anlatmağa bəs edirdi. Və əlavə edir:

– İndi qalx və Allah sənin haqqında dilədiyi hökmü verənəcən gözlə.[27]

İslama axın davam edir

Məkkə fəthindən sonra heyətlərin Mədinəyə axını Allah Rəsulunun Təbukdan dönməsi ilə yenidən sürətlənir və Mədinə, demək olar, hər gün yeni bir heyəti qonaq edirdi. Hələ dünənə qədər düşmənçilikdə yarışanlar və ya gedişatın nəticəsini gözləməyi üstün tutanlar Məkkənin fəthi, Huneyn və Təbuk kimi əhəmiyyətli dönüş nöqtələrində Allah Rəsulu və əshabın qazandığı müvəffəqiyyətləri görüncə təslim olmaqdan başqa bir yol qalmadığını anlayıb bir-bir hüzura gəlirdilər. Fərd-fərd gəlib İslamı qəbul edənlər olduğu kimi, heyətlər şəklində Mədinəyə varıb İslamın nurlu üzü ilə tanış olanlar da vardı və bu məqsədlə bir il içində Mədinəyə müxtəlif sayda, təqribən üç yüz əlli heyət[28] gəlir. Gəlir, əksəriyyəti də müsəlman olub qayıdırdı![29]

Gələnlərdə də, gəlib qəbiləsinin yanına qayıdanlarda da bambaşqa həyəcan vardı. Görüb eşitdiklərini öz adamlarına da çatdırmaq həyəcanı ilə coşur, yaxınları da İslama dəvət etməkdə, sanki, yarışırdılar!

Allah Rəsulu (s.ə.s.) Mədinəyə gələnlər üçün bəzən məscidin içində çadır qurdurur, günlərlə burada qonaq edib Quran dinləmələrini təmin edir, namazın gözəlliyinə şahid olmalarını istəyirdi. Onları qarşılamaq üçün yenə ənsar səxavəti "meydana atılır", gələn insanları qarşılamaqda bir-biri ilə yarışırdılar. Allah Rəsulu da əshabına qonaqları elə sərhəddə ikən qarşılamağı, Mədinəyə qədər onlara yol yoldaşı olmağı tapşırır, hər birini hədiyyələrlə yola salırdı.[30] Və məhz bu ilə "heyətlər ili" mənasında "Sənətül-vüfud" deyiləcəkdi.

Hər birinin özünəxas xüsusiyyətləri və istəkləri vardı. Bəziləri Rəsulullahdan müəllim və mürşid istəyir, bir qismi isə onları narahat edən suallara cavab almağa çalışırdı. Kimi sualları ilə Allah Rəsulunun sözündəki sədaqəti yoxlamağa çalışır, kimi də heç bir şey soruşmadan mütləq qurtuluşu Ona qeyd-şərtsiz itaətdə tapırdı!

Nəcran heyəti

Bunların arasında on dördü əyan-əşrəfdən olmaqla altmış nəfərlik bir heyətlə Mədinəyə gələn Nəcran heyəti fərqlənirdi. Peyğəmbərimiz (s.ə.s.) onlara məktub yazmış və: "Mən sizi qullara qulluq etməyi buraxıb Allaha ibadət etməyə, insanların vəlayətini (dostluğunu) buraxıb Allahın vəlayətinə (yaxınlığına, dostluğuna) dəvət edirəm. Əgər qəbul etməsəniz, cizyə verəcəksiniz. Bunu da qəbul etməsəniz, bilin ki, bu sizin üçün müharibəyə səbəbdir! Vəssalam!" – deyərək məqsədini bildirmişdi.

Məhz Allah Rəsulunun bu məktubundan sonra nəcranlılar məsələni öz aralarında müzakirə etmiş və bir heyət göndərib vəziyyəti aydınlaşdırmaq istəmişdilər. İndi isə onlar ipək paltarlar geyinib barmaqlarına da qızıl üzüklər taxaraq şair, vəzir və din adamları ilə  birlikdə Mədinəyə gəlmişdilər.

Məscidi-Nəbəviyə girərkən şərq tərəfə dönür və duaya durub namaz qılmağa başlayırlar. Əshaba görə bu yanlış hərəkət idi. Rəsulullahın məscidində yanlış qibləyə dönmək olardımı heç? Dərhal müdaxilə etmək istəyirlər. Bunu görən Allah Rəsulu isə:

– Onlarla işiniz olmasın, – buyurur.