Səhabələr

İslamın xoşgörü zəmini

İbadəti bitirir, sonra da gəlib Rəsulullaha (s.ə.s.) salam verirlər. Salamı alan Allah Rəsulu  onları İslama dəvət edir, onlar isə:

– Biz sizdən əvvəl, onsuz da Müsəlman idik, – deyib dəvəti qəbul etmirlər.

– Sizi üç şey müsəlman olmağa qoymur; xaça ibadət etməyiniz, donuz əti yeməyiniz və Allaha oğul istinad etməyiniz, – deyir.

Məscidi-Nəbəvidə bir gurultu qopur. Allah Rəsulunun ən təməl məsələləri dilə gətirməsi xoşlarına gəlməmişdi. Rəsulullah (s.ə.s.) onlara Quran oxuyur və yalan-yanlış düşüncələrini düzəltməyə çalışır.

Ortada Peyğəmbər səxavəti vardı və bu günlərlə davam edir. Allah Rəsulunu (s.ə.s.) sual atəşinə tuturlar. Nə sualları bir sual idi, nə də suala verilən cavaba münasibətlərini başa düşmək olurdu. Sualların ardı-arası kəsilmədiyini görən Rəsulullah da onlara sual verməyə başlayır və qarşılıqlı sual-cavab şəklində davam edən məclislər günlərlə davam edir.

– Necə olur ki, Sən bizim sahibimiz haqqında xoşagəlməz söz söyləyir və onun Allahın oğlu olmadığını dilə gətirirsən? – deyirlər.

Qəribə yanaşma idi və Rəsulullah (s.ə.s.) onlara:

– Bəli, həqiqətən, o, Allahın qulu və Rəsuludur, Allahın subay və iffətli Məryəmin bətninə yerləşdirdiyi  bir ruhdur, – deyə cavab verir.

– Atasız bir insan göstərə bilərsənmi? Əgər sözün həqiqətdirsə, bir misal göstər, – deyirlər. Yenə Cəbrail imdada yetişir, Rəsulullaha  bunları çatdırır: "Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "Ol!" – dedi, o da dərhal oldu. Şübhəsiz ki, bunlar sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!  Sənə göndərilən elmdən (məlumatdan) sonra buna dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü bura çağıraq! Sonra Allaha dua edib yalançılara Allahın lənət etməsini diləyək!"[31]

Hər şey açıq-aşkar ortada idi, amma onlar Quranın xəbələrinə inanmır və söylənilənlərin doğru olmadığını irəli sürürlər. Buna baxmayaraq, səbir edən Allah Rəsulu düşünmək üçün  onlara bir gün möhlət verir. Bir gün keçsə də vəziyyət dəyişməmişdi, buna görə də Rəsulullah başda Hz.Fatimə, Hz.Həsən və Hz.Hüseyn olmaqla əhli-beytini götürüb məscidə gəlir və onlara:

– Mən dua etdikcə siz də "amin" deyin! – buyurub Nəcran heyətinin qərarını gözləməyə başlayır!

Bu, açıq-aşkar meydan oxumaq idi və vəziyyəti anlayan nəcranlılar fikirləşmək üçün vaxt istəyirlər. Çünki məsələ sandıqlarından da ciddi idi. Öz rəhbərlərinə üz tutub:

– Nəbadə belə bir şeyi seçəsiniz. Çünki O, həqiqətən, bir Nəbidirsə, bu duanı oxuduğu zaman nə biz, nə də bizdən sonra gələnlər xilas ola bilər! Yer üzündə bizə aid ən xırda bir tük və ya dırnaq belə bunun təsiri ilə yox ola bilər, – deyirlər.

Bu qədər əlamət Onun gözlənilən Nəbi olduğunu göstərirdi! Belə idisə, bir inadkarlıq üzündən məhvə sürükləyən seçim etmək olmazdı və Rəsulullahın  (s.ə.s.) hüzuruna gəlib:

– Bizdən nə istəyirsənsə, Sənə onu verəcəyik, – deyirlər.

Müsəlman olmasalar da, təslim bayrağını qaldırır və İslamın hökmü altında yaşamaqla razılaşırdılar. Buna görə Allah Rəsulu onlarla rəcəb və səfər aylarında təhvil vermək şərtilə iki min hullə (geyim) və bir o qədər də gümüş cizyə təqdir edib, yeni bir müqavilə bağlayır. Geri dönərkən əllərində Allah Rəsulunun onlar üçün yazdığı "amannamə" (İslam dövlətlərində düşmənə təhlükəsizlik içində    olduğunu bildirmək üzrə verilən sənəd) vardı. Bu "amannamə" həm onlara verilən hüquqları, həm də onların Rəsulullah qarşısında daşıdığı mükəlləfiyyətləri ehtiva edirdi.

– Bizə sülh üçün lazım olan ödənişi təhvil verməyə etibarlı bir adam göndər, – deyirlər.

– Sizinlə birlikdə sözün əsl mənasında etibarlı adam göndərəcəyəm, – buyurur və:

– Ayağa qalx, ya Əba Ubeydə ibn Cərrah, – deyir.

Sonra da onlara tərəf dönüb: "Məhz bu, ümmətin əminidir! – deyir.

Saqif heyəti

Saqif qəbiləsinin başçısı Urvə ibn Məsud Taif səfərindən sonra gəlib müsəlman olmuşdu. Böyük bir həyəcan keçirir və tezliklə qövmünün arasına qayıdıb onları da İslama dəvət etmək istədiyini söyləyirdi. Ancaq Allah Rəsulu (s.ə.s.) onun keçirdiyi hisləri yaxşı anlayırdı, Saqif qəbiləsinin ümumi xarakterini də nəzərə alıb ona:

– Onlar səni öldürərlər, – deyə xəbərdarlıq edir.

Belə ki, təbliğin də müəyyən qayda-qanunları vardı. Təzə doğulmuş uşağa verilən qidalarda göstərilən həssaslıq qədər incə davranılmalı və insanları Allaha dəvət edərkən də müəyyən qaydalara əməl olunmalı, müxatəblər nəzərə alınmalı idi. Ancaq Hz.Urvənin həyəcanı ona gözlənilən təhlükələri görməyə mane olurdu.

– Ya Rəsulullah! – deyə səslənir, – mən onların ən sevimlisiyəm. Onların sözümdən çıxmayacağına inanıram!

Hz.Urvə öz mövqeyinə görə "heç kim sözündən çıxmaz  və hamısı dəvət etdiyi İslama müsbət cavab verər" düşüncəsi ilə yurduna qayıdır. Amma dəvəti etirazla qarşılanır və öz qövmü tərəfindən şəhid edilir. Vəziyyət üzücü, ağır idi: neçə illər başları üstündə tutduqları rəhbərlərini sırf müsəlman olduğu üçün amansızcasına öldürürlər!

Ancaq onlar üçün hadisələrin gedişatı heç də yaxşı görünmürdü. Məkkənin fəthi və Huneyndən sonra müsəlmanlar indi də Bizansa meydan oxumuş və Təbukdan mütləq zəfərlə dönmüşdülər! İslamiyyət genişləndikcə ətrafdakı halqa gündən-günə daralırdı və bir gün onlar da bu dairəin içində qalacaqdılar. Aradan bir neçə ay keçdikdən sonra bu düşüncələrlə oturub vəziyyəti müzakirə etməyə başlayır və Rəsulullahın hüzuruna bir nəfər göndərib razılaşma əldə etmək qərarına gəlirlər. Bu məqsədlə Abdiyaleyl ibn Amr məsləhət görülür. Vəziyyəti ona ərz edib qəbilə adından elçilik etməsini istəyirlər! Ancaq Abdiyaleyl Hz.Urvənin başına gələnlərin onun da başına gəlməsindən əndişələnərək bu işə təkbaşına gedə bilməyəcəyini bildirir. Buna görə də onlar Abdiyaleyli beş nəfərlik heyətlə Mədinəyə göndərmək qərarına gəlirlər. Bu ərəfədə Allah Rəsulu (s.ə.s.) Təbukdan yeni dönmüşdü: ramazan orucunu tuturdu.

Onların Mədinəyə gəldiyini görən səhabələr bu müjdəli xəbəri Allah Rəsuluna çatdırmaq üçün bir-birini qabaqlamağa çalışır. Çünki Allah Rəsulu çox istərdi ki, saqiflilər də müsəlman olsun!

Qonaqları bir anda qarşısında görən Allah Rəsulu Məscidi-Nəbəvinin bir küncündə onlar üçün çadır qurdurur və beləliklə, saqiflilərin Allah kəlamını eşidib ibrət almasına, namaz vaxtlarına bələd olub qulluqdakı dərinliyi görməsinə şərait hazırlayır.

Nəhayət, bir gün Abdiyaleyl Allah Rəsulunun (s.ə.s.) hüzuruna  gəlib:

– Bizə də bir "amannamə" yazsan,  yurdumuza qayıdardıq, – deyə xahiş edir.

– Yazaram. Amma bu vəziyyətdə olmaz. Çünki siz hələ müsəlman olduğunuzu bəyan etmədiniz! Belə bir vəziyyətdə aramızda nə bir sülh ola bilər, nə də "amannamə", – deyə buyurur Allah Rəsulu (s.ə.s.).

Ancaq onların bəzi istisnaları vardı. Müsəlman olarkən namaz kimi mükəlləfiyyətlər məsələsində imtiyaz istəyirdilər. Halbuki ibadət olmadan dindarlıq da olmazdı. Gəl gör ki, onlar öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş edir və ilin müəyyən günlərində bu bütlərin yanında qurban kəsirdilər! Rəsulullah onlara:

– Kökündə namaz olmayan bir dində xeyir yoxdur, – buyurur və son  nöqtəni qoyur.