Səhabələr

İslamın xoşgörü zəmini

Yenə də imdada yetişən Cəbrail onların bu sözlərini təkrarlayıb cəhənnəm odunun bundan daha şiddətli olması xəbərini gətirir.[4] Təbuk günü Allah davası uğrunda can qoyan səmimi möminlərlə bu işə barmaqarası baxan və içindəki nifaqı heç cür ata bilməyənlərin bir-birindən ayrıldığı gün idi. Bir tərəfdə Allah Rəsulunun çağırışına ürəkdən qoşulanlar yeni bir həyəcan yaşayır, digər tərəfdə isə bəziləri bu Nəbəvi çağırışı qulaq ardı edib orada-burada gizlənir,[5] Rəsulullahla Təbuka getməmək üçün ağlagəlməz bəhanələr uydururdular![6] Cədd ibn Qeys bir dəstə silahdaşı ilə Məscidül-Nəbəvidə olan Allah Rəsulunun hüzuruna gələrək:

– Ya Rəsulullah, – deyə səslənir, – mən yoxsul və xəstə adamam. Mənim üçün bunlar üzürlü səbəbdir. Ona görə burada qalmağıma icazə ver!

Əvvəlcə onu səbirlə dinləyən Rəsulullah (s.ə.s.):

– Hazırlığını gör, çünki sənin imkanların var, – buyurur.

Ancaq Cəddin fikri qəti idi. Qırmızı-qırmızı deyir:

– Gəl Sən mənə izin ver, məni fitnəyə salma! Vallah, mənim qövmüm də bilir ki, onların arasında mənim qədər qadına meyilli insan yoxdur. Əgər oraya getsəm, Bəni-Asfarın qadınlarını görər, dözə bilmərəm!

Bu sözləri eşidən Allah Rəsulu (s.ə.s.) üzünü çevirib:

– Sənə izin verdik, – buyurur. Cədd ibn Qeysin oğlu Abdullah atasının bu hərəkətini eşitcək narazılığını bildirir:

– Sən nə adla Rəsulullahın sözünə qarşı çıxırsan? Bəni-Səlimədə səndən varlısı varmı? Nəyə görə döyüşə çıxmaq üçün hazırlıq görmürsən? – deyir.

– Oğlum! Bu qıtlıqda, bu istidə və yandırıcı rüzgarda mən hara, Bəni-Asfara getmək hara! Hələ evimdə otura-otura Bəni-Asfardan çəkindiyim halda, hansı cəsarətlə onlarla savaşmağa gedəcəyəm? Bunu da bil ki, ey oğlum, nəticənin kimin xeyrinə olacağını indidən görürəm!

Oğul Abdullah, əlbəttə ki, bunlarla razılaşan adam deyildi. Atası ilə daha kəskin danışıb  bunun nifaqdan başqa bir şey olmadığını deyincə atası onun üzünə möhkəm bir şillə çəkir və səsini kəsməyə çalışır. Ancaq bir Məqamdan nida kəsilməzdi və çox keçməmiş Cəbrail gəlir, Cədd ibn Qeysin sözlərini nəzərə çatdırır və fitnəyə düşənlərin məhz onların özləri  olduğunu bildirir.[7]

Bu arada bir dəstə insan döyüşə getməmək üçün özlərindən yeni bir iş "icad edib" Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gəlirlər:

– Ya Rəsulullah, – deyirlər, – qaranlıq və yağışlı gecələrdə xəstə və yaşlı adamların namaza gələ bilməsi üçün bir məscid inşa etdik. İstəyirik ki, oraya gəlib bizə namaz qıldırasan!

İlk baxışda təqdirəlayiq işə bənzəyirdi, ancaq adamların niyyəti nə ibadət, nə də xəstə və yaşlıların qayğısına qalmaq idi. Əsl məqsəd İslam əleyhinə bir mərkəz qurmaqdı. Buna görə də  Allah Rəsulu (s.ə.s.):

– Hal-hazırda yol hazırlıqları ilə məşğulam, geri dönəndə, bəlkə, – cavabını verir.

Beləliklə, həm aradakı pərdəni saxlamış olur, həm də bu cür yanaşma ilə onlarda şübhə oyatmır. Bununla yanaşı, şərin mərkəzini müəyyən etmiş olurdu!

Təbuka getməmək üçün bəhanələr uydurub Allah Rəsulundan izin istəyənlərin sayı səksəni keçmişdi. Zahiri hallarına görə hamısına izin verən Allah Rəsulu onları niyyətləri ilə  Allaha həvalə etmişdi. Yalnız səmimi olanlarla hazırlıq işləri görürdü! Çünki Allah Rəsulu Bəni-Qıfardan gələn təqribən otuz nəfərlik bir dəstəyə bu cür izin verməyəcək və onların da Təbuka gəlmələrini istəyəcəkdi.[8]

Himmətə müraciət 

(Himmət – Qəlbin bütün varlığı ilə Cənabı-Haqqa və digər müqəddəslər yönəlməsi. Səmimi qəlbdən edilən ciddi cəhd)

Şərtlər ağır, düşmən güclü, yol uzun və imkanlar da az idi; Allah Rəsulu  (s.ə.s.) demək olar ki, hər gün minbərə çıxır və məşəqqət içində qıvrılanların əlindən tutmaq üçün imkanı olan səhabələri Allah yolunda verməyə təşviq edib:

– Allahım! Əgər bu insanların başına bir iş gəlib həlak olarlarsa, artıq Sənə yer üzündə ibadət edilməz, – deyir və əlində imkanı olmasa da, ürəyi imanla coşan bu insanların uğur qazanması üçün Allaha dua edirdi!

Çünki o gün döyüşə getməyi ürəkdən arzuladığı halda, imkansızlıq üzündən hazırlıq görə bilməyənlər neçə-neçə səhabə vardı. Onlar bir ümid, bir əlac deyib, Allah Rəsulunun hüzuruna gəlmiş, Ona müraciət etmişdilər.

Əshab Allah yolunda verməyi öyrənmişdi. Rəsulullahın (s.ə.s.) istəklərinə vaqif olan Hz.Əbu Bəkir evinə gedərək nəyi varsa, yığıb gətirir. Onun bu halını görüb:

– Evindəkilərə bir şey saxladınmı? – deyə soruşan Allah Rəsuluna:

– Onlara Allah və Rəsulunu saxladım, – cavabını verir.

O qədər səmimi və Allaha təvəkkülü o qədər tam idi ki, yoxsulluğa və çətinliyə düşməkdən belə çəkinmir və sabahını düşünmədən müsəlmanlara əl uzadırdı! Çox keçmədən Hz.Ömər onu təkrarlayır. O da həyacanla gəlir, gətirdikləri ilə Hz.Əbu Bəkri keçəcəyini zənn edir. Amma Hz.Əbu Bəkir Rəsulullahın istəyini dərhal yerinə yetirmişdi, onu keçmək mümkün deyildi.

O gün Hz.Osman, Hz.Talha, Hz.Abbas, Sad ibn Ubadə və Asım ibn Adiyy kimi öndər  səhabələr imkansızların əlindən tutmaq üçün sərvətlərini ortaya qoyur, Allah Rəsulunun ixtiyarına verirlər. Üç min nəfərlik ordunun üçdə birini Hz.Osman təchiz edir![9] Hz.Osmanın hər dəfə əli dolu hüzura gəldiyini görən Allah Rəsulu  (s.ə.s.) əllərini açacaq və:

– Allahım! Sən də Osmandan razı ol, çünki Mən ondan razıyam, – deyə dua edəcəkdi.

Bundan başqa önünə qoyduğu qızıl və gümüşləri ora-bura çevirərkən yanındakılara dönəcək və: "Artıq bundan sonra nə edərsə etsin, Osmana bir zərəri toxunmaz," – deyə onu öyəcəkdi.