Səhabələr

İslamın xoşgörü zəmini

Allah Rəsulu, ehtimal ki, Hz.Əlini özlərinə mərkəz inşa edən və gözünün içinə baxa-baxa yalan danışıb döyüşdən yayınan münafiqlərdən gələ biləcək təhlükələrə qarşı Mədinədə saxlayırdı və təlimatını alan Hz.Əli yenidən Mədinəyə qayıdır! Yolda geri dönən bir dəstə də vardı. Bunlar Uhudda da qarışıqlıq salan İbn Səlul və yoldaşları idi. Eyni taktikanı həyata keçirir və xüsusilə, Abdullah ibn Übeyy ibn Səlul:

– Məhəmməd bu gün elə insanlarla döyüşə gedir ki, imkansızlıq, istilik və bu qədər uzaqlıq səbəbindən onların öhdəsindən gələ bilməyəcək! Hər halda O, Bəni-Asfarla savaşmağı oyun sayır! Vallah, mən Onun yoldaşlarının dağ başlarında əsir alınıb bağlandığını görürəm, – deyirdi.

Bu bir təmizlənmə idi. Görünür, Allah nifaq içində olanların Rəsulullahla (s.ə.s.) birlikdə hərəkət etməsini murad etmirdi. O gün Peyğəmbimizə  Alqamə İbn Fəvğa bələdçilik edirdi.

Vadil-Quradan keçərkən qarşılarına bir bağ çıxır və səhabələr bu bağdan çıxacaq məhsulu təxmin etməyə çalışır. Əshabın bu həyacanına Allah Rəsulu (s.ə.s.) da qatılır:

– Təxmin edin, – buyurur. Hərə bir şey söyləyir, Allah Rəsulu da on vəsaq (Vəsaq əlavə etmək, yığıb toplamaq, yığıb yüklənmək mənasınadır. Altmış sa (altmışbin dirhəm) ağırlığındakı bir dəvə yükünə "vəsaq" deyilər) dəyərində təxmin edib bağça sahibinə:

– Bu bağçanın nə qədər məhsul verəcəyini yaxşı hesabla, çünki qayıdarkən yenə də buradan keçəcəyik və səndən soruşacağam, – buyurur.[13]

Rəsulullah Vadil-Qurada ikən orada məskunlaşmış yəhudilərdən Aridoğuları Ona yemək gətirir və o da qırx vəsaq verməklə bu payı qəbul edib əshabı ilə yeyir.

Xalicədən keçib Zil-Mərvə çatanda əməlli-başlı yorulan səhabələr:

– Ya Rəsulullah! Bura əsil fasilə veriləsi yerdir. Həm su, həm də kölgəlik var, – deyirlər.

– Bura kimlərinsə əkin tarlasıdır. Burada dincəlmək düzgün olmaz, – buyurur Allah Rəsulu və yenə də dəvəsinin yüyənini buraxdırır. Çünki dəvənin bir məmur olduğunu, istirahət yerini onun da biləcəyini dilə gətirir. Həqiqətən, dəvə gedib böyük bir ağacın altında dayanır. Allah Rəsulu burada əshabı ilə namaz qılır və bir qədər dincəlir.

Səmud xarabalıqları və Hicr

Yenə də hərəkətə başlayıb Səmud qövmünün xarabalıqları yerləşən Hicr adlı yerə çatanda əshab Səmud xarabalıqlarında dayanır, quyularından su çəkib tuluqları doldurur. Halbuki Allah Rəsulu (s.ə.s.) buranı görən kimi dəvəsinin sürətini artırmış və üzünü də örtərək yoluna davam etmişdi. Səhabələrini xarabalıqlarda dayandığını görüb çağırır:

– Özlərinə zülüm edənlərin qoyub getdiyi xarabalıqlarda gəzərkən onların başına gələnlərin sizin də başınıza gəlməməsi üçün ibrət nəzərləri ilə baxın. Habelə nə onların suyundan için, nə də namaz üçün burada dəstəmaz alın! Yoğurduğunuz xəmirləri də dəvələrə verin, – deyir.

Sonra da əshabı ilə birlikdə Saleh əleyhissəlamın dəvəsinin çıxdığı qayanın yanına gəlir. Keçmişdə baş vermiş qeyri-adi bir hadisəni onlara danışıb nəsihət edir:

– Durduğunuz yerdə möcüzə istəməyin. Qövmü də Saleh əleyhissəlamdan bunu istəmişdi. Ancaq istədiyi möcüzə baş verib buradan bir dəvə çıxdığı zaman davranışını dəyişmişdi. Belə ki, Allah (c.c.) onlara bir dişi dəvə ehsan edir. Bu dəvə hər gün bu yolla suya gedər, suyunu içdikdən sonra da geri qayıdardı! Onlar buna dözməyib Rəblərinə qarşı üsyan etdilər və həmin dəvəni boğazlayıb kəsdilər! Halbuki dəvə bir gün bu sudan içir, o biri gün isə hamıya yetəcək qədər süd verirdi! Allah (c.c.) yer üzündə bütün Səmud xalqını qorxunc bir səslə  cəzalandırdı: Harəmə sığınan bir kişidən başqa onların hamısı məhv oldu! – söyləyir.

Bu adamın kim olduğunu soruşanlara da Taifə gedərkən məzarını göstərib:

– O, Əbu Riğaldır, – deyir və əlavə edir:

– Ancaq Harəmdən çıxan kimi fəlakət onu da yaxaladı. Elə isə siz də ilahi qəzəbə düçar olmuş bir qövmün yanına getməyin! Allah Rəsulu bunları danışarkən səhabələrdən biri:

– Nə qədər də maraqlıdır, – deyir. Allah Rəsulu (s.ə.s.):

– Sizə bundan da maraqlısını xəbər verimmi? – soruşur, – "Sizin aranızda olan bir Zat sizdən əvvəlki dövrlərdə olanları da, sizdən sonrakıların başına gələnləri də sizə xəbər verir. Elə isə doğru insanlar olun və ən doğrunun arxasınca gedin! Çünki siz istəsəniz, Allah (c.c.) da sizə əzab göndərməkdən çəkinməz! Allah (c.c.) elə bir topluluq da meydana gətirəcək ki, onlar başına gələcək bəlalarla bağlı heç bir şey edə bilməyəcəklər![14]