Səhabələr

İslamın xoşgörü zəmini

Allah Rəsulu (s.ə.s.) Hicr quyularından su götürməyi qadağan etmişdi. Çox keçməmiş yolun məşəqqəti və havanın istisi əshabı taqətdən salır. İnsanlar susuzluqdan yanır; buna görə də dəvələrini kəsib, hörgücünü sıxıb suyunu içməklə yanğılarını yatırmaq istəyirdilər! Nəhayət, Rəsulullahın hüzuruna gəlib Onu vəziyyətdən xəbərdar edirlər. Nəbəvi şəfqətin qapısını döyən yenə də Əbu Bəkir olur:

– Ya Rəsulullah, Allah Sənə dua kimi bir bərəkət ehsan edib. Bizim üçün Ona dua edərsənmi?

– Bunu, doğrudan da, istəyirsənmi? – deyə soruşur Rəsulullah (s.ə.s.).

– Bəli, – deyir Hz.Əbu Bəkir.

Allah Rəsulu (s.ə.s.) əvvəlcə iki rükət namaz qılır, ardınca əllərini səmaya qaldırıb dua etməyə başlayır. Bu necə dua idi ki, dodaqlarını tərpədər-tərpətməz göydə bir gurultu qopur. Bu vaxt buludlar da görünməyə başlayır: şarhaşar yağış yağır!

Gözlər gülmüşdü; onlara bəxş edilən ilahi ehsandan doyunca içir, tuluqları doldururlar. Bu lütfü münafiqlərə də hiss etdirmək lazım idi. Bəzi səhabələr onların yanına gedib, bütün bunlara rəğmən, yenə də tərəddüd edib-etmədiklərini öyrənmək istəyir. Ancaq iman bambaşqa bir şeydi! Belə ki, həmin insan bir az əvvəlki çətinlikləri görməmiş kimi bu ehsanın təbii bir hadisə olduğunu söyləyir və:

– Bizə bu yağışı buradan gəlib keçən filan bulud endirdi, – deyərək Müsəbbibül-Əsbabı (Bütün səbəbləri meydana gətirən Allah) görüb Ona şükür etməkdənsə, bütün bunlara səbəb axtarırdə.

Yenə hərəkətə gəlib bir qədər yol getdikdən sonra bir az əvvəlki yağışın yalnız ordunun dayandığı yerə yağdığına şahid olurlar: imanları bir qat da artır, Allaha ürəkdən şükür edirlər.

Bir tərəfdən də həyat davam edirdi: insanlar arasında zaman-zaman ixtilaflar meydana gəlir və onlar da bu ixtilafların həlli üçün Peyğəmbərimizin (s.ə.s.) hüzuruna tələsirdilər! Bir əsgərlə köləsi arasında mübahisə olur, əsgər də köləsinin əlini dişləyir. Ağrının şiddətindən əlini çəkən kölənin barmaqları ilə birlikdə kişinin də qabaq dişləri düşür. Və bu da yeni bir mübahisəyə səbəb olur. Nəhayət, məsələni Allah Rəsuluna  çatdırıb həll etməsini və hökm verməsini xahiş edirlər. Tərəfləri dinləyən Rəsulullah  (s.ə.s.) əvvəlcə:

– Sizin biriniz dəvənin dişlədiyi kimi, qardaşını dişləməyəmi başladı? – deyə reaksiya verir, – o dəvə kimi dişləyəsən deyə əlini sənin ağzına qoydu?! – deyərək gözlədiklərinin əksinə tökülən dişlərlə bağlı hər hansı bir qan pulu təqdir etmir.

Artıq Təbuka yaxınlaşmışdılar. Üzünü əshabına tutub:

– İnşallah, sabah Təbuk bulaqlarına çatacağıq. Sabah ancaq quşluq (Sabahla günarta arası) vaxtı orada olarsınız! Əgər biriniz Məndən əvvəl ora çatsa, nəbadə o sulardan içə! – deyir.

Çünki yenə su qıtlığı vardı. Allah Rəsulu (s.ə.s.) da orada olan sulardan maksimum dərəcədə düzgün istifadə etmək, əshabı arasında bərəkətə vəsilə olmaq istəyirdi. Ona görə də carçılar vasitəsilə əshabına  səslənir,  bu məsələdə diqqətli olmağı tələb edir.

İslam ordusu Təbukda

Ertəsi gün Təbuka çatanda iki əsgərin bulağın yanında olduğunu görürlər. Allah Rəsulu  (s.ə.s.) onlardan:

– Bulaqların suyuna toxundunuzmu? – deyə soruşur.

– Bəli, – deyirlər.

Rəsulullah cəlallanır, çünki bu qədər xəbərdarlığa baxmayaraq, Peyğəmbər əmrinin yerinə yetirilməməsi doğru deyildi və belə hallarda bir daha səhvə yol verilməməsi üçün həmin iki nəfəri danlayır. Quyuların suyu qurumuşdu, yalnız birindən çox az su çıxırdı.

Rəsulullah (s.ə.s.) yavaş-yavaş suyun üzündən götürüb bir tuluğun içinə yığır. Sonra həmin su ilə əl-üzünü yuyub ağzını yaxalayır. Artıq  qalan suyu isə quyuya tökür, Rəbbinə dua etməyə başlayır. Bu zaman bulaq fışqırıb qaynayır. Hamının gözü qarşısında bir möcüzə də beləcə gerçəkləşir!