Səhabələr

İslamın xoşgörü zəmini

Həmin gün Allah Rəsulu (s.ə.s.) əshaba uzun xütbə oxuyur, xeyir və şər arasında bir çox mövzulara toxunur, insanları qarşıya çıxacaq məsələlərdən agah edir. Təhlükəsizliyin təmin edilməsini yenə Abbad ibn Bişrə tapşırır, bir dəstə adamı da onun sərəncamına verir. Gecə vaxtı arxa tərəfdən təkbir səsləri eşidən Hz.Abbad Peyğəmbərimizin hüzuruna gələrək:

– Ya Rəsulullah, yoxsa Sən bizdən əlavə də keşikçilər təyin etmisən ki, gecə vaxtı arxa tərəfdən təkbir səsləri eşidirik!

– Xeyr, təyin etməmişəm. Ancaq ola bilər ki, bəzi müsəlmanlar bunu könüllü etsin!

Bu söhbətə şahid olan Silkan ibn Sələmə irəli çıxaraq:

– Ya Rəsulullah, biz on nəfər müsəlmanla birlikdə atlanıb gecə növbəsini çəkmək üçün arxa tərəflərə getmişdik!

Yenə məsələ Allah Rəsulunun təxmin etdiyi kimi idi. Üzünü xeyir işlərdə bir-biri ilə yarışan camaatına tutub:

– Allah yolunda keşik çəkənlərə Allah mərhəmət etsin. Sizə növbəsini çəkdiyiniz insan və ya heyvanların hər birinə görə bir qırat[15] mükafat vardır!

Təbukda olarkən bir Yəhudi qadın Rəsulullaha pendir gətirəcəkdi. Əlinə bıçaq götürüb pendiri kəsən Rəsulullah (s.ə.s.) "bismillah" deyəcək, sonra da onu əshabına ikram edəcək, özü də bu pendirdən yeyəcəkdi!

Mədinədə qalan səmimi könüllər

O gün Mədinədə: "İndi çıxaram, bir azdan  çıxaram!" – deyərək gecikib Rəsulullahla birlikdə Təbuk səfərinə çıxa bilməyən Kab ibn Malik, Hilal ibn Ümeyyə, Mürarə ibn Rəbi, Əbu Haysəmə və Əbu Zərr kimi səmimi insanlar da vardı. Ürəkdən inanan insanlardı və heç kim onlar haqqında şübhə etməzdi, inancları əsla sorğu-sual olunmazdı! Ancaq gecikmişdilər! Bəlkə də, Allah (c.c.) onların şəxsində ilahi əmrə və Rəsulullahın tələblərinə səhlənkarlıq üzündən geçikməsi ehtimal olunan möminlərə nida edir və belə bir xətanın düzəldilməsi üçün necə davranmağı göstərirdi!

Bəzi səhabələr zaman-zaman:

– Ya Rəsulullah! Filankəs geri qalıb,  gəlməyib, – deyincə Rəsulullah (s.ə.s.):

– Onunla işiniz olmasın, çünki əgər onda bir xeyir varsa, Allah mütləq onu sizə çatdıracaq, – buyurur, Mədinədə ola-ola orduya yetişməyən bu insanların gəlib çatacağına işarə edirdi.

Əbu Zərrin gəlməməsindən danışılarkən də eyni cavabı vermiş və onun gəlib çatacağını  müjdələmişdi. Çünki Hz.Əbu Zərr zəiflikdən üzülən dəvəsini bir neçə gün bəsləyib sonra çıxmaq istəmiş və buna görə də yola düşən ordudan geri qalmışdı.

Həqiqətən də, Əbu Zərr arxadan gəlirdi. Zil-Mərvə adlı yerə çatanda dəvənin taqəti kəsilmiş, "bəlkə, yeriyər" deyə bir gün başı üstündə gözləmiş, ümidini tamam kəsdikdən sonra da yükünü çiyninə alıb pay-piyada yola düzəlmişdi. Qızmar səhra və od ələyən günəşin altında haldan düşmüş, bir tərəfdən susuzluqdan dodaqları çatlarkən, digər yandan da aclıqdan addım atmağa taqəti qalmamışdı.

Ancaq Əbu Zərrin bitib-tükənməyən əzmi vardı və nəhayət, bir gün Allah Rəsulu və  əshabına yetişir. Günorta vaxtı arxadan bir adamın tək-tənha gəldiyini görənlər:

– Ya Rəsulullah, – deyirlər, – baxın gələn var!

Həmin istiqamətə baxan Allah Rəsulu (s.ə.s.) sonradan da olsa, tanıdığı insanları yanında görmək istəyirdi və:

– Əbu Zərr ol! – buyurur.

Həqiqətən də, gələn Hz.Əbu Zərr idi və Allah Rəsulunun (s.ə.s.) təmənnasını da bilənlər dərhal qaçıb:

– Ya Rəsulullah! O gələn, həqiqətən də, Əbu Zərr imiş, – deyə müjdə verirlər. Bunun cavabında Sultanlar Sultanı yorğun və halsız olsa da, sağ-salamaat onlara yetişən Əbu Zərri nəzərdə tutaraq deyir:

– Allah Əbu Zərrə mərhəmət etsin, həqiqətən də o, yalqız yürüyəcək, yalqız öləcək və o biri dünyada da yalqız dirilidiləcək!

Yol məşəqqətlərini geridə qoyub özünü Rəsulullahın (s.ə.s.) hüzuruna yetirən Hz.Əbu Zərr yol boyu başına gələnləri Allah Rəsuluna  danışır. Bunun müqabilində Rəsulullah Əbu Zərrə:

– Allah səni mərhəməti ilə qucaqlasın, ey Əbu Zərr! Unutma ki, həm Mənə çatana qədər atdığın hər addıma bir savab verilmiş, həm də hər addımın müqabilində bir xətan silinmişdir, – buyurur.

O gün arxadan yetişənlərdən biri də Əbu Haysəmə idi. Allah Rəsulunun Mədinədən çıxmasından bir neçə gün sonra xanımlarının yanına gəlmiş və böyük ehtiramla qarşılanmışdı. Ləziz yeməklər, buz kimi sular və ətrafında pərvanə kimi dolanan insanlarla qarşılaşınca, əshabı ilə birlikdə Təbuka gedən Allah Rəsulunu xatırlamış və:

– Sübhanallah! Bu anda Rəsulullah – halbuki keçmişdə günah nədir bilmədiyi kimi, gələcəkdə də bilməsi mümkün deyildir, – çovğun, qızmar günəş və yandırıcı istilər altında çiynində silah iztirab çəkir. Sərin kölgəlikdə açılmış süfrə ətrafında, mal-mülkü içində xanımları ilə səfa sürmək heç Əbu Haysəməyə yaraşarmı? Bu hansı insafa sığar?! – demişdi.

Bu, Rəsulullah rəhbərliyində yetişən bir səhabənin öz-özünü sorğu-sual etməsi idi. Və  "Mənə nə!" deyə bir kənara çəkilmir. Üzünü xanımlarına tutub:

– Gedib Rəsulullaha yetişmədikcə, heç birinizə iltifat göstərməyəcək, dəvətinizə "Bəli" deməyəcəyəm. Siz atımı hazırlayın, – deyə əmr edir.