Səhabələr

İsra və Merac

Hərçənd, bu, Uca Allahın bir ehsanı idi və məsələni tamamilə dərk etmək üçün güclü iman lazım idi. Allaha olan etimad və güvənc tam olmasa, bunu dərk etmək olmazdı. Amma gördüklərindən savayı, hər şeyə şübhə və tərəddüdlə yanaşan adamların başa düşəcəkləri dildə danışmaq lazım idi. Buna görə də, Allah Rəsulu (s.ə.s.):

− Bunun sübutu filan qəbilənin filan vadidəki karvanıdır, − buyurur. Sonra da bu məsələni onlara başa salır:

− Məni görəndə dəvələrdən biri hürkdü və karvanı tərk edərək qaçmağa başladı. Mən də dəvənin getdiyi yeri göstərib onu tapmaqda sahibinə kömək etdim. İstiqamətim Şam tərəfə idi və sonra qayıdıb Dacinana doğru yönəldim. Burada filan şəxslərə aid başqa bir karvana rast gəldim, karvandakılar istirahət etmək üçün fasilə verib yatırdılar. Hətta üstünü bir parça ilə örtdükləri su tuluğundan su da içdim və yenə üstünü örtüb yerinə qoydum. Bunun sübutu da həmin karvandır. Hazırda Tənimdə Beyda adlı yerdən Məkkəyə girmək üzrədirlər, ən öndə də boz rəngli bir dəvə var. Dəvənin üstündə isə biri qara, biri rəngarəng iki çuval var.

Həqiqətən də, bunlar heyrətamiz idi. Gözqamaşdırıcı sirlərlə dolu bir səfərdə bu qədər incə detalın fərqinə varmaq və heç nəyi də unutmadan qarşısındakılara danışmaq necə mümkün olmuşdu? Əcəba, bütün bunlar, həqiqətən də, doğru idimi? Yox, yox... Bu qədər də ola bilməzdi. Məhəmmədül-Əminin dedikləri bu dəfə əsla düz çıxmayacaq və xəcalət çəkəcəkdi. Onların əlinə isə böyük fürsət düşmüşdü və Məhəmmədin danışdıqlarını bir daha dinləməmək üçün bu dəftəri bağlayacaqdılar.

Həyəcan içində göstərilən yerə baxıb gözləməyə başlayırlar. Görəsən, Beyda təpəsindən ilk gələn dəvənin rəngi necə olacaqdı və üstündəki yük, həqiqətən, Məhəmmədül-Əminin dediyi kimi idimi?

Çox keçmədən Tənimdəki bir təpənin üstündən yavaş-yavaş karvan görünür. Ən öndə isə, həqiqətən də, Məhəmmədül-Əminin (sallallahu əleyhi və səlləm) dediyi kimi, boz bir dəvə var idi. Məəttəl qalırlar. Ancaq hələ də qəbul etmək istəmirlər. Çünki onların fikrincə, bu, bir təsadüf də ola bilərdi. Buna görə də karvanın yaxınlaşmasını gözləyirlər. Dəvənin üstündəki çuvalların rəngini də görmək istəyirlər. Aman Allah! Həqiqətən də, ən öndəki boz dəvənin üstündə iki çuval var idi və onlardan birinin rəngi qara, digərininki isə alabəzək idi. Məkkəlilər məğlub olurlar.

Ancaq yenə də geri çəkilmək niyyətində deyildilər. İkinci bir karvandan da bəhs edilmişdi və Məhəmmədül-Əminin dediklərinə inana bilmək üçün bunu da yoxlamalı idilər. Tez Məkkəyə qayıdıb karvanı taparaq yad bir insanı görüb hürkən dəvə haqqında və su tuluğunun aqibətini soruşurlar:

− Bəli, düzdür. Biz yolda gedərkən birdən dəvənın biri hürkdü və karvandan uzaqlaşaraq gözdən itdi. Sonra da dəvəmizin yerini göstərən bu adamın səsini eşitdik və dəvəmizi tapıb bağladıq. Yatmamışdan əvvəl su tuluğunun da ağzını bağlayıb örtmüşdük, oyananda su içmək istədik. Amma üstü açılmadığı halda içində su qalmamışdı. Həqiqətən də, buna bir məna verə bilmədik, − deyirlər.[13]