Səhabələr

İsra və Merac

Deməli, Allah bu günə kimi yaşanan müqəddəs hüznün əvəzində bir  ikram lütf edirdi... Vicdanı ilə duyub hiss etdiyi həqiqətləri gözləri və qulaqları ilə də müşahidə etməsi üçün Allah (c.c.), qulu Məhəmməd Mustafanı Məkkədən götürəcək və kim bilir, necə sirli bir səyahətə çıxaracaqdı.

Amma bu səyahətdən əvvəl süd anası Həlimeyi-Sadiyənin yanında yaşadığı hadisəyə oxşar bir əməliyyat lazım idi. Buna görə də, Cəbrail Peyğəmbərimizin (s.ə.s.) sinəsini yarır və içini Zəmzəm suyu ilə yuyur. Sonra da qızıl bir kasanın içində əlində tutduğu iman və hikmətlə mübarək sinəsini doldurub bağlayır. Daha sonra isə səmanın Əmini Cəbrail bəşərin Əmini Hz. Məhəmməd Mustafanın əlindən tutaraq təsviri mümkün olmayan bir səyahətə başlayır.

İsra

Üstünə mindiyi Buraq sürətlə hərəkət edir, hər dəfə addımını üfüqdə görünən axırıncı yerə atır və ildırım sürəti ilə məsafələr qət edir­di. Miniyin üstünə minməsi ilə bir anda məkan dəyişmiş və bir göz qırpımında Məscidül-Əqsaya gəlib çatmışdılar. Buraqı əvvəlki peyğəmbərlərin bağladığı yerə bağlayır. Sonra da namaz qılmaq üçün məscidə tərəf gedir.