Səhabələr

İsra və Merac

Bu günə kimi peyğəmbərlik vəzifəsini yerinə yetirən Allahın ən seçilmiş bəndələri bura yığışmış və peyğəmbərliyin möhrü olan Şəxsi gözləyirdilər. Gəlişini görən kimi salam və dualarla qucaqlayırlar Son Peyğəmbəri (s.ə.s). Sonra dünyanın ən önəmli məsələsi üçün yenidən cərgələrini düzəldirlər; bütun peyğəmbərlər eyni cərgədə dayanıb iki rükət namaz qılacaqdılar. Peyğəmbərlik aləminin imamını gözləyirdilər. Demək ki, İbrahim silsiləsi Məhəmmədlə yekunlaşacaq və bundan sonrakı mərhələni bütün peyğəmbərlərin adından sona qədər O davam etdirəcəkdi. Onsuz da bu məkanın seçilməsində belə bir məna var idi: görünür, Haqqı təmsil etmək məsələsi peyğəmbərlərə dayəlik etmiş bu məkandan alınır və üzlər bundan sonra Məkkəyə çevrilirdi. Məsələyə merac müddətində qarşılaşdığı peyğəmbərlər baxımından nəzər yetirəndə də eyni mövzu diqqəti çəkəcək və bu ümmətlər arasında yaşanacaq birlik və bərabərlik naminə gələcəyə yönəlmiş bir ümid olacaqdı.

Bu vaxt Allahın Sevgili Peyğəmbəri (s.ə.s.) səflərin ən önündəki yerini alır. Bu, vaxtı çatanda insanlığın yenidən Allahın ilk yaratdığı həmin xətdə səf tutacağının simvolu idi. Bu, eyni zamanda, Adəmin övladlarının Hz. Adəm torpağında yenidən qaynaşacaqlarının təsviri, tövbə edərkən şəfaətini dilədiyi Şəxsin imamlığının da təsdiqi idi... Peyğəmbərlər Onun arxasında səf bağlamışdı − deməli, gün gələcək, həmin peyğəmbərlərin ümmətləri də Onun arxasında namaza duracaqdı!

Namazdan sonra qarşısına üç kasa qoyulmuşdu. Birində süd, digərində su və o birisində də içki var idi. Bunlardan birini seçmək tələb olunurdu Allah Rəsulundan! Peyğəmbərimiz (s.ə.s.) tərəddüd etmədən içində süd olan kasanı götürür. Bu seçim Cəbraili də həyəcanlandırır və O :

− Bunu seçməklə Sən hidayəti seçdin və Sənin ümmətin də hidayət yolunda olacaq! − deyir. Çünki bu, reallığı düzgün qiymətləndirməyin nəticəsi idi; seçim də fitrəti ifadə edirdi. Bu əsnada ucalan bir səs də eyni şeyləri söyləyirdi:

− Əgər su seçilsəydi, ümməti də, özü də boğulardı. İçki seçilsəydi, ümməti də, özü də yolunu azardı. Südü seçdiyinə görə, ümməti də, özü də hidayət yolunda olacaq![2]