Səhabələr

İsra və Merac

− Ağlayıram, çünki bu gənc məndən sonra peyğəmbər göndərildi, amma Onun ümmətindən cənnətə girənlərin sayı mənim ümmətimdən cənnətə girənlərin sayından daha çoxdur, − deyir.

Merac sirlərlə dolu bir səyahətin adı idi və bu səyahətdə hələ müşahidə ediləsi çox şeylər var idi. Hz. İbrahimin kürəyini söykəyib yanında dayandığı Beyti-Məmur gözoxşayan rəng və naxışları və bütün möhtəşəmliyi ilə Peyğəmbərimizin (s.ə.s.) qarşısında idi. Belə ki, bura hər gün yetmiş min mələk daxil olur və bir də geri qayıtmırdı. Çünki bura yer üzündə həmişə təvafla bəzənilən Kəbənin bir proyeksiyası  idi.

Cənnət

Bu səyahət əsnasında Allah Rəsulu (sallallahu əleyhi və səlləm) cən­nət və cəhənnəmə aid mənzərələrə də şahid olacaq və dünyada ikən hansı əməlin necə əvəz gördüyünü nümunələri ilə ümmətinə də danışacaqdı.

Bir anda cənnət bütün gözəlliyi ilə qarşısında açılmışdı. Cənnət inci-mərcana bənzər hər çeşid qiymətli daşlarla və təsəvvür edilməz al-əlvan rənglərlə təchiz edilmiş, göz oxşayan naxışlarla bəzədilmişdi. Heç bir gözün görmədiyi və görə bilməyəcəyi, heç bir qulağa əks-sədası çatmayan, heç bir faninin də xəyalına belə gətirə bilməyəcəyi neçə-neçə gözəlliklər, qarşısında sərgilənirdi. Necə də göz qamaşdıran, necə də ürək yandıran mənzərələr idi... Cənnətin zümrüd yamacları, qarşısında pərdə-pərdə açılmışdı və O da meh kimi gəlib üzünə dəyən əsintidən məst olub heyrət edirdi.

Bu vaxt qulağına xoş bir səda gəlir:

− Bu səs nə səsidir? − deyə Cəbraildən soruşur.

− Cənnətin səsidir, − deyir sadiq rəhbər Cəbrail. Bir az diqqətlə qulaq asanda gələn səsin bunları dediyi eşidilir:

− Ey Rəbbim! Mənə vəd etdiyin şeyləri lütf et! Budur, artıq öhdəliyimdə olan otaqlarım, ipək və qiymətli paltarlarım, naxışlı ipək qumaşlarım və inci-mərcanlarım, gümüş və qızıllarım, yumşaq oturacaqlarım və döşəmələrim, qab-qacaqlarım, minik və içkilərim, bal, süd və sularım çoxaldıqca çoxaldı. Artıq vəd etdiyin şeyi yerinə yetir və mənə gələcək olanları buraya bir az tez göndər!

Onun bu səmimi diləyinə cavab olaraq başqa bir səs eşidilir:

− Bəli, hər mömin kişi və mömin qadın, müsəlman kişi və müsəlman qadın, Mənə iman gətirən və Rəsulumu da təsdiq edərək dəstəkləyən, həmişə müsbət hərəkət edərək saleh iş görən və qətiyyən Mənə şərik qoşmayan və Allahdan başqa digərinin qarşısında belini əyib boynunu bükməyənlər çox keçməmiş Sənə qovuşacaqlar!

Hər kim Məndən qorxub çəkinər və qoyulan ölçüyə uyğun hərəkət edərsə, o, əmindir. Məndən kim nə istəsə, onu verərəm. Kim Məndən əvvəlcədən borc kimi nəsə istəyərsə, onun da istəyini yerinə yetirərəm. Kim mənə təvəkkül edib işini Mənim öhdəmə buraxarsa, mütləq onun işini tamamlayar və axıra çatdıraram. Çünki şübhə yoxdur ki, Mən özündən başqa ilah olmayan Allaham! Sözümdən dönmərəm. Şübhəsiz ki, ancaq mömin olanlar nicat tapar. Allah necə də mükəmməl və mübarək bir yaradandır.

Mərhəmətli Rəbbindən gələn bu nidanı eşidən cənnət sakitləşəcək və:

− Razı oldum, ey Rəbbim! − deyəcəkdi.[3]