Səhabələr

İsra və Merac

İçəriyə bir az da diqqətlə baxır. Çayların üstündə qurulmuş saraylarda oturub söhbət edən insanlar var idi... Xidmətçilər başlarına fırlanır, istədikləri, arzu etdikləri hər şey dərhal yerinə yetirilirdi. Huri-qılmanlarla əhatələnmişdilər. Ağıla-xəyala gəlməyən nemətlərdən istifadə edərkən üzlərində nə bir bezginlik, nə də hər hansı yorğunluq sezilirdi. Çünki hər yediklərində rənglər fərqli, naxışlar rəngarəng, dadlar müxtəlif idi və ətirlər də bir-birinə bənzəmirdi. Bununla da hər dəfə yeni zövq imkanı doğurdu.

Bir yerə toplanmış adamları görür. Hər gün əkin əkir, elə həmin gün də biçin işlərinə başlayır və məhsulu yığırdılar. Allah Rəsulu (s.ə.s.) Cəbraildən soruşur:

− Bunlar kimdir?

− Bunlar Allah yolunda səy göstərənlər, Allahın adını ucaltmaq naminə malları və canlarını ortaya qoyanlardır. Bunların etdiyi yaxşılığın əvəzi yeddiqat məhsul verən sünbüllər kimi yeddi min qatdır. Allah üçün xərclədiklərinin əvəzində də Allah dərhal yenisini verər və yerini də əbədi edər. Çünki O, ruzi verməkdə ən xeyirli yolu seçəndir, − deyə cavab verir Cəbrail.[4]

Dörd bir tərəfə qol-budaq salmış çaylar var idi. Su əvəzinə bəzilərindən süd, bəzilərindən də bal axırdı. Bunların arasında daha məşhur olanlara Nil və Fərat deyirdilər. Bəlkə də, bu, yaxın dövrdə İslami bəyanın çatacağı sahəni ifadə edir, gələcəyin şəklini göstərir və meracda Rəsulullaha müjdə verilirdi.

Bundan başqa, kim bilir, cənnətdə necə nemətlər müşahidə etmiş, necə iltifatlarla qarşılanmışdı. Belə bir lütfü dadmış hər hansı­ bir­ insanın oradan ayrılaraq yenə sıxıntıların ağuşuna qayıtması qey­ri-mümkün idi. Ancaq Onun məqsədi ilk öncə bütün insanları mərhəmət və şəfqətlə qucaqlayıb ümməti arasında tövhid kəlməsinin ikinci yarısını söyləməkdən çəkinib Onu qəbul etməsələr də, “Lə iləhə illəllah” deyən hər bir adamı bura gətirmək idi. Çünki O: “Hər kim “lə iləhə illəllah” deyərsə, cənnətə girər,” – deyə buyuracaqdı.[5] O (sallallahu əleyhi və səlləm), hələ başlanğıcdan bunun üçün yaradılmış və bunun üçün də ilk yaradıldığı halda, zühuru ən sona münasib bilinmiş, peyğəmbərlik bəndinə qafiyə qoyacaq Son Sultan olduğu üçün də bədəni ilə ruhunun bütövləşməsi peyğəmbərlik baxımından ən sona saxlanmışdı.

Cəhənnəm

Əlbəttə, hər yer cənnət kimi deyildi. Oradan uzaqlaşıb başqa vadiyə gələndə tükürpədici dəhşət saçan səslər eşidir. Bu səslərin mənbəyini soruşur:

− Cəhənnəmin səsidir, − deyir Cəbrail. Allah Rəsulu diqqətlə dinləyir. Cəhənnəmdən səs gəlir:

− Ey Rəbbim! Artıq mənə vəd etdiyin şeyləri ver! Bir baxsana, buxov və kəndirlərim, od və alovlarım, irin və qanlarım çoxaldıqca çoxaldı. Dibimdəki dərinlik əlçatmaz oldu və atəşimin hərarəti də dözülməz dərəcədədir! Mənə vəd etdiyin şeyləri tez göndər!

Cənnətdə eşidilən eyni səsin əks-sədası eşidilir:

− Bəli, Mənə şərik qoşan hər müşrik kişi və müşrik qadın, Məni inkar edən hər bir kafir, hesaba və kitaba inanmayan hər bir zalım Sənə gələcəkdir, tələsmə!