Səhabələr

İsra və Merac

Qayıdışın əks-sədası

Bütün bunları arxada qoyub yenidən çilə və möhnət yurduna qayıtmaq ancaq Onun kimi bir Peyğəmbərin edə biləcəyi bir iş idi. Gördüklərini ümmətinə də göstərmək üçün gəlirdi, eşitdiklərini ruhlarımıza eşıtdirmək üçün aramıza qayıdırdı. Ruyət üfuqünə qədər o biri aləmə məxsus olanları görmüşdü. Gözləri qamaşdıran həmin gözəllik harmoniyalarını arxadan gələnlərlə bölüşüb qapını da oyanıq ruhlar üçün açıq buraxmaq məqsədilə ümmətinin yanına qayıdırdı. Əslində, Allah Rəsulu (s.ə.s.) oralara özü kimi getmiş, özü kimi görüb eşitmişdi və yenə də özü kimi qayıdırdı. Gedişi hamıya açıq bir dərs olduğu kimi, gəlişində də başqa bir məna var idi.

Və... Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) gecənin bir anında çıxdığı bu qədər uzun bir səyahəti başa vurmuş, baş verən bu qədər hadisəni çox qısa bir vaxta sığışdırıb yenə geri qayıtmışdı. Təbii ki, hadisəni ilk danışdığı adamlar da ən yaxınları idi. Səhər namazını qılandan sonra gecənin bir anına sığan bu qədər hadisəni ev əhlinə danışmağa başlamışdı.

Məsələdən xəbərdar olan Ümmü Hani anamız çox narahatlıq keçirir və bunları heç kimə danışmamasını istəyir. Hətta ayağa durub gedən Peyğəmbərimizin (s.ə.s.) xirqəsindən  (rida) tutaraq Ona mane olmağa çalışır. Onsuz da fürsət axtaran can düşmənlərinin bu məsələni əllərində alət edib Allah Rəsuluna qarşı istifadə edəcəklərindən narahat idi:

− Ey Allahın Peyğəmbəri! Bunları başqalarına danışma, çünki onlar Sənə inanmayacaq və Sənə əziyyət verəcəklər, − deyir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) isə:

− Allaha and olsun ki, bunları mütləq danışacağam, − deyir və Allahın açıq-aşkar ikramını insanlardan gizlətməmək zərurətini söyləyir.

Heç nəyə baxmayaraq, hadisəni danışmaq üçün Onun (s.ə.s.) evdən çıxdığını görən Ümmü Hani xidmətçisini yanına çağırır:

− Get, Allah Rəsulunun ardınca düş, hadisəni danışanda insanların bunu necə qarşılayacağını gəl mənə xəbər ver, − deyə tapşırıq verir. Ümmü Hani bu hadisənin Məkkədə necə əks-səda verəcəyi ilə maraqlanırdı.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Kəbəyə gəlir və orada rastlaşdığı adamlara isra və merac hadisəsini danışmağa başlayır. Eşidənləri heyrət bürüyür; bu necə ola bilərdi? Bir adam, həm də gecənin sadəcə bir anında Məkkədən necə çıxa, əvvəlcə Məscidül-Əqsaya gələ və buradan da səmalar aləminə sirli bir səyahət edib yenidən Məkkəyə necə qayıda bilərdi? Bir də buna mücərrəd bir səyahətdən başqa, hər bir dayanacaqda rast gəldiyi hadisələr də əlavə ediləndə məsələ onların nəzərində çıxılmaz şəklə düşürdü. Bütün bunlar bir bəşər kimi heç bir insanın öhdəsindən gələ bilməyəcəyi bir məziyyət idi.

İki karvanın şahidliyi

Halbuki, Allah hər şeyə qadirdir və peyğəmbərliklə vəzifələndirdiyi ən sevgili bəndəsini belə bir səfərə çıxararaq həm qüdrətini insanlar da göstərir, həm də iç-içə keçən aləmlərin arasında əslində çox incə bir pərdənin olduğunu bildirirdi. Allah (c.c.) istəyəndən sonra heç bir məsələ qeyri-mümkün deyildi və O, aləmlərə mərhəmət kimi göndərdiyi Son Peyğəmbərini, baş verən bütün neqativ hallara baxmayaraq, müzəffər etmək istəyirdi. Bununla da həm Nəbisinə heç bir peyğəmbərə qismət olmayan neçə-neçə nübarlar və doyulmaz həzz yaşatmış, həm də ümməti üçün Onun Haqq dərgahındakı mövqeyini bildirmiş olurdu.

− Yaxşı, bəs bunun əlaməti nədir, ey Məhəmməd? − deyə soruşurlar. “Bu günə kimi biz belə bir şeylə heç vaxt qarşılaşmamışıq”, − deyirlər.