Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Mələklərin qüsl etdiyi səhabə

Tarix: 02.05.2013 | Bu məqalə 608 dəfə oxunub.

Hanzala ibn Amir Bədir döyüşünə gedəndə evli deyildi. Bədir döyüşündən bir müddət sonra Abdullah ibn Übeyin qızı Cəmilə ilə ailə qurdu. Ertəsi gün isə Uhuda düşmənlə vuruşmağa gedəcəkdi.

Hanzala Mədinədə bir gecə xanımının yanında qalmaq üçün Allah Rəsulundan (s.a.s.) icazə istədi. Rəsulullah icazə verdi. Hanzala da həmin gecə Cəmilə ilə yaxınlıq etdi. Şənbə günü Uhud döyüşünə yetişmək təşvişi ilə qüsul etməyə imkan tapmadı.

Hanzala yola çıxanda Cəmilə dörd qohumunu çağıraraq, Hanzala ilə evliliyinə şahid tutdu. Şahidlər: “Buna nə ehtiyac vardı?” – dedilər Cəmilə belə cavab verdi: “Yuxuda səmanın açıldığını, Hanzala içəri girəndən sonra da bağlandığını gör­mü­şəm”.

Peyğəmbərimiz (s.a.s.) Uhudda cərgələri düzəndə Hanzala özünü yetirib səhabələrin arasına qarışdı. Və döyüş başladı. Həzrət Hanzala müşriklərin üstünə atıldı, şəhidlik zirvəsinə yüksəlmək üçün dayanmadan döyüşdü. Şəddad ibn Əsvəd arxadan Həzrət Hanzalaya yaxınlaşıb ona nizə zərbəsi endirdi. Hanzala cavab vermək istədi, ancaq müşrik ikinci bir zərbə ilə onu şəhid etdi. Hanzala şəhid olanda Peyğəmbərimiz belə buyurdu: “Mən mələklərin Hanzalanı göylə yer arasında gümüş bir qabda yağış suyu ilə yuduğunu gördüm”.

Əbu Üseyd Said belə deyir: “Hanzalaya baxanda başından su damcısı gördüm. Gedib Rəsulullaha dedim. Peyğəbərimiz də Cəmilədən bunun səbəbini soruşdu. Cəmilə Hanzalanın qüsul almağa imkan tapmadan Uhuda getdiyini dedi.

Mərhum Hanzala bu hadisədən sonra “Qasilül-Məlaikə” ünvanını aldı.