Möminlərin anası Həzrət Aişə (r.a.) rəvayət edir: “Allah Rəsulu (s.a.s.) oturmuşdu, ayaqları dizdən aşağı açıq idi. Əbu Bəkir içəri girmək üçün izn istədi, Rəsulullah ona icazə verdi. Sonra Ömər gəlib icazə istədi. Peyğəmbərimiz ona da icazə verdi. Axırda Həzrət Osman gələrək icazə istədi. Allah Rəsulu ayaqlarının üstünü örtdü. Onlar gedəndən sonra soruşdum ki, ey Allahın Rəsulu, Əbu Bəkir və Ömər gəldi, ayaqlarını örtmədin, amma Həzrət Osman izn istəyəndə ayaqlarını örtdün. Rəsululah (s.a.s.) buyurdu: “Allaha and olsun ki, mələklər belə ondan həya edir, mən etməyimmi?!”[1]
Bu rəvayəti şərh edən məşhur alim Zürkani yazır: “Allah Rəsulunun (s.a.s.) Osman gələndə ayaqlarını örtməsinin bircə səbəbi var, o da mələklərin ondan həya etməsidir”.
Mələklərin Həzrət Osmandan həya etməsi ilə bağlı iki hadisə var: Birincisi, Rəsulullah (s.a.s.) Həzrət Ənəsin evində mühacirlərlə ənsar arasında qardaşlıq əhdi-peyman bağlayanda Həzrət Osman sinəsi açıq halda irəli çıxır. Allah Rəsulu mələklərin uzaqlaşdığını deyir. Peyğəmbər ona sinəsini örtməyi əmr edəndən sonra mələklər geri qayıdırlar. Allah Rəsulu (s.a.s.) mələklərdən niyə getdiklərini soruşur, onlar bu cavabı verirlər: “Osmandan həya edirik”.
İkinci hadisə: İki cahan Sərvəri Rəsulullah (s.a.s.) buyurur: “Osman yanıma gəlmişdi. Bu vaxt yanımda bir dəstə mələk vardı. Osmanın gəldiyini görüb mənə belə dedilər: “Şəhid..Qövmü onu öldürür… Biz ondan həya edirik”.[2]
[1] Əhməd ibn Hənbəl, Müsnəd, 6/62; Heysəmi, Məcməüz-zəvaid, 9/81-82. Müslimin (Fədailül-səhabə 26) rəvayətində “iki baldırı” ifadəsi keçir.
[2] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 16/132; Heysəmi, Məcməüz-zəvaid, 9/82.