- Səhabələr - https://sehabe.meneviyyat.az -

Misir fatehi

Amr ibn As ağıllı, biliyi və siyasi dühası ilə tanınan və “Misir Fatehi” ünvanı ilə yad edilən səhabədir.

Amr ibn As müsəlman olandan sonra ağlını, düşüncəsini, bacarığını və cəsarətini İslam yolunda sərf etmiş, ömrünü döyüş meydanlarında keçirmişdir.

O Misirin fəthinin strateji baxımdan zəruri olduğuna inanırdı. Buna görə də xəlifə Həzrət Ömərə Fələstin və Suriyada məğlub olan Bizans qoşun və sərkərdələrinin Misirə qaçdığını və bunun təhlükəli olduğunu bildirmişdi. Nəhayət, xəlifəni Misirə hərbi səfər çıxmağa inandırdı. Miladi 640-cı ildə dörd min nəfərlik qoşunla sərhəd qəsəbəsi olan Fərəmanı fəth etdi. Zübeyr ibn Avvamın başçılığı altında gələn 5000 nəfərlik əlavə qüvvə ilə Aynişəmsdə güclü Bizans ordusunu məğlub etdi. Sonra İsgəndəriyyəni alıb Misirə hakim oldu. Bu zəfərlərinə görə də, “Misir fatehi” ünvanını aldı. Daha sonra da Misrin valisi oldu.

Həzrət Ömər onun idarəçilik qabiliyyətini təqdir edərək belə demişdi: “Nə qədər ki onun canında can var, idarəçi olmalıdır”.

Son günlərini yaşayan Amr ibn As ziyarətinə gələnlərə belə deyərdi: “Mən müsəlman olmamışdan əvvəl böyük xətalar işlədim. Rəsulullaha qarşı düşmənçilik etdim. Allah Rəsulu (s.a.s.) əfv etməsəydi, mütləq cəhənnəmlik olardım. Allaha çox şükür ki, beyət edib müsəlman oldum. İslamiyyət məni əvvəlki əməllərimə görə qınamadı”.