- Səhabələr - https://sehabe.meneviyyat.az -

Muaz ibn Cəbəl (r.a.)

Ey Muaz, vallah, mən səni çox sevirəm.

Hədisi-Şərif

Muaz bin Cəbəl (r.a.) Əqəbə beyətində hələ 18 yaşındaykən müsəlman ol­muşdu. Mədinəli olub, Xazrəc qəbiləsinin Bəni-Sələmə qoluna mənsub idi.

Rəsulullahın dili ilə desək, ümmətə qarşı ən mərhəmətli olan Hz. Əbu Bəkir, Al­lahın əmrini yerinə yetirməkdə sərt davranışları ilə seçilən Hz. Ömər, səhabələr arasında həyalı olması ilə tanınan Hz. Osman (r.a.), fəraizi (miras hüququnu) ən yaxşı bilən Zeyd ibn Sabit, Quranı ən yaxşı bilən Übey ibn Kab olduğu kimi, haram və halalı ən yaxşı bilən də Muaz ibn Cəbəl idi.[1]

Muza ibn Cəbəl Rəsulullahın dövründə ənsarın arasında fitva verməkdə məşhur olan üç səhabədən biri idi. Digər ikisi də Übey ibn Kab və Zeyd ibn Sabit idi.

Muaz ibn Cəbəl həmçinin Qurani-Kərim müəllimi idi. Rəsulullah: “Quranı dörd nəfərdən: Abdullah bin Məsud, Übey bin Kab, Muaz bin Cəbəl və Əbu Huzeyfədən öyrənin”, ‒ buyurmuşdur.[2]

Hicrətdən sonra Rəsulullah Hz. Muazı Abdullah bin Məsudla (r.a.) qardaş etmişdi. Bədir, Uhud və Xəndək döyüşləri ilə yanaşı, bütün döyüşlərə qatılıb ön cərgələrdə vuruşdu. Peyğəmbərimiz Huneyn döyüşünə yollananda onu əmir vəzifəsinə təyin edib Mədi­nədə saxladı. İnsanlara Qurani-Kərim öyrətməsini və dini məsələləri izah etməsini əmr etdi.

Təbük qəzvəsi əsnasında Rəsulullahın parlaq möcüzəsi­ni müşahidə edənlərdən biri də Hz. Muaz idi…

Bir bulağa rast gəlmişdilər. Su az gəlirdi. Bu bulağın suyu orduya kifayət etməzdi. Rəsulullah sudan bir az gətirməyi əmr etdi. O su ilə əlini və üzünü yuduqdan sonra bulağa axıtdı. Bulağın gözündən bol su gəlməyə başladı. Rəsulullah Hz. Muaza belə dedi:

‒ “Əgər sənə nəsib olsa, görəcəksən ki, bu bulağın ətrafında yaşıllıq əmələ gəlib”.

Həqiqətən də, Muaz illər sonra oraların yaşıllaşdığını görüb Rəsulullahın müba­rək su möcüzəsini bir daha təsdiq etdi.[3]

Hz. Muaz bir gün:

‒ Ya Rəsulullah, mənə cənnəti qazandıran və cə­hən­nəmdən uzaqlaşdıran bir əməl de! ‒ dedi. Peyğəmbərimiz belə buyurdu:

‒ Məndən çox mühüm və böyük məsələni soruşdun! Ancaq Allah bir kimsəyə asanlıq lütf etsə, onu yerinə yetirmək çətin olmaz. Allaha ibadət et, Ona şərik qoşma. Namazı layiqincə qıl, zəkat ver, ramazan oru­cunu tut və həcc ibadətini yerinə yetir.

Sənə xeyir qapılarını göstərim? Oruc qalxandır. Su alovu söndürdüyü kimi, sədəqə də xətaları “söndürər”. Gecə qılınan namaz saleh qulların əlaməti­dir.[4] 

Başqa bir gün Peyğəmbərimiz Hz. Muazın əlindən tutub belə buyurdu: “Ey Muaz, vallah, mən səni çox sevərəm! Sənə bunu tövsiyə edərəm: hər bir na­mazdan sonra “Əllahummə əinni alə zikrikə və şukrikə və husnu ibədətikə  ‒ Ya Rəbbi, Səni zikr etmək, Sənə şükür etmək və gözəl şəkildə ibadət etmək üçün mənə kömək et” deməyi unutma”.[5]

Peyğəmbərimiz (s.ə.s) müsəlmanlara dinlərini öyrətmək üçün Yəmənə bir nəfər göndərmək istəyirdi. Bir gün sübh namazından sonra insanlara üz tutub: “Kim Yəmənə getmək istəyir?”, ‒ deyə soruşdu. Hz. Əbu Bəkir: “Mən gedim, ya Rəsulullah”, ‒ dedi. Peyğəmbərimiz susdu. Hz. Ömər dilləndi. Peyğəmbərimiz yenə susdu. Sonda Muaz (r.a.): “Mən gedim, ya Rəsulullah”, ‒ deyincə Rəsulullah (s.ə.s.):

 “Ey Muaz, bu vəzifə sənindir”, ‒ dedi. Sarığını Hz. Muazın başına sarıdı.

Hz. Muaz Yəməndə hakimlik edəcək, insanlara İslamı və Quranı öyrədəcək, yığılan zəkatı məmurlardan təhvil alacaqdı. Vəzifəsi ağır idi. Ona görə də Peyğəmbərimiz Hz. Muaza bəzi məsələlərdə tövsiyələr etdi:

‒ “Sən Əhli-Kitabdan olan bir qövmlə qarşılaşacaqsan. Onların yanına gedəndə əvvəl onları Allahdan başqa ilah olmadığını, Məhəmmədin Allahın Rəsulu ol­duğunu təsdiq etməyə çağır. Əgər bunu qəbul etsələr, onlara Allahın beş vaxt namazı fərz etdiyini xəbər ver. Bunu da etdikləri təqdirdə Allahın varlılardan alınıb yoxullara zəkat verməyi əmr etdiyini bildir. Bunu da qəbul etsələr, zəkat alarkən malların ən yaxşılarını seçmə! Məzlumun ahını almaqdan çə­kin, çünki onun ahı ilə Allah arasında heç bir maneə yoxdur!”, ‒ dedi.

Sonra da Rəsulullah Muazdan:

‒ “Səndən kimsə gəlib nəsə soruşsa, nəyə əsaslanıb hökm verəcəksən?” ‒ deyə soruşdu. Muaz (r.a.):

‒ “Allahın Kitabına”, ‒ dedi. Rəsulullah:

‒”Onda tapa bilməsən, nəyə əsaslanacaqsan?”, ‒ deyə yenidən soruşdu. Hz. Muaz:

‒ “Rəsulullahın sünnəsinə”, ‒ deyə cavab verdi. Rəsulullah (s.ə.s.):

‒ “Orada da tapa bilməsən?…” deyəndə Hz. Muaz belə cavab verdi:

‒ “O zaman öz fikrimə əsaslanıb ictihad edər, ona görə hökm verərəm”.

Onun bu cavabı Peyğəmbərimizi çox sevindirdi. Peyğəmbərimiz: “Rəsulullahın elçisini razı salan Allaha həmd olsun!”, ‒ buyurdu.

Muaz (r.a.) yola çıxmamışdan əvvəl Peyğəmbərimizdən bir az məsləhət almaq istəyirdi: “Ya Rəsulullah, mənə tövsiyə et”, ‒ deyə xahiş etdi. Peyğəmbərimiz belə tövsiyə etdi: “Hansı vəziyyətdə və harada olursansa, ol, Allahdan qorx! Günah edəndə arxasınca bir xeyir əməl işlə ki, onu yox et­sin. İnsanlarla da gözəl şəkildə rəftar et”.

Sonda Peyğəmbərimiz Hz. Muaza hicran yüklü bir xəbər verdi: “Ey Muaz, şübhəsiz, bundan sonra mənimlə artıq görüşə bilməyəcəksən, bəlkə də, geri qayıdanda bu məscidə və qəbrimə baş çəkəcəksən!”, ‒ buyurdu. Bunu eşidən Hz. Muazın gözlərindən yaş axmağa başladı. Peyğəmbərimiz xahiş etdi ki, ağlamasın. Sonra da bir-birindən ayrıldılar.

Muaz ibn Cəbəl (r.a.) Rəsulullahın vəfatına qədər Yəməndə qaldı və orada haqq uğrunda xidmət etdi. Bunun nəticəsində Yəməndə gündən-günə müsəlmanla­rın sayı artırdı. Yeni müsəlmanlar əvvəl ona beyət edir, sonra da Mədinəyə gedib Rəsulullahı ziyarət edirdilər. Bir dəfə yalnız Nəha qə­biləsindən 100 adam onun vasitəsilə Müsəlman olmuş, sonra da Mədinəyə gedib Rəsulullahı ziyarət etmişdi.[6]

Muaz (r.a.) Hz. Əbu Bəkrin xilafəti dövründə cihada qatılmaq üçün Şama getməyə niyyət etdi. Hz. Ömər isə Mədinədə Müsəlmanların ona olan ehtiyacını bildiyi üçün Hz. Əbu Bəkirdən onu göndərməməsini xahiş et­di. Hz. Əbu Bəkir Hz. Ömərə belə cavab verdi:

‒ Şəhidlik arzulayan və ona ni­yyət edən bir insana mən necə mane ola bilərəm?! [7]

Cabir bin Abdullaha (r.a.) görə, Hz. Muaz zahirən çox gözəl, əxlaqca çox üstün və çox comərd idi.

Elmə çox əhəmiyyət verərdi. Ona görə də Muaza “ümmətin içində ha­ram və halalı ən yaxşı bilən kimsə” ləqəbini vermişdilər. Onun elm haqqında dediyi kəlamlardan bəziləri belədir:

Elm öyrənin, çünki Allahdan çox qorxacaqsınız. Elm istəmək ibadətdir. Elmi mü­zakirələrdə iştirak etmək Allahı zikr etməkdir. Elmdən bəhs etmək cihaddır. Elmi bilməyənlərə öyrətmək sədəqədir. Elmi layiq olanlara öyrətmək insanı Allaha yaxınlaşdırar, çünki elm haram və halalın qədərini öyrədir”.

“Elm cənnət əhlinin gedəcəyi yolda şam, təklikdə dost, qürbətdə və tənhalıqda yoldaş, şad və kədərli günlərdə bələdçi, düşmənə qarşı silah və dostlar yanında üstünlükdür”.

Elm cəhalətdən qaralan qəlbləri işıqlandırar, qaranlıqda görməyən gözlərə şam olar”.

“Bəxtiyarlar elmdən ilham alırlar, bədbəxtlər isə ondan məhrum qalarlar”.[8]

Muaz (r.a.) bəzən insanlara nəsihət edərdi. Bir dəfə öyüd istəyən bir insana belə dedi:

Sənə iki şeyi tövsiyə edəcəyəm: harada olursansa, ol, dünyadakı qismətin səni axtarıb tapacaq. Ona görə də axirətdəki payına daha çox möhtacsan. O halda axirətdəki payını dünyadakından üstün tut.

Bir dəfə də oğluna belə demişdi:

‒ Oğlum, namaz qılanda (axirətə getməkdə olan) vidalaşan bir insanın qıldığı kimi namaz qıl.

Ondan nəsihət istəyən bir nəfərə Hz. Muaz belə dedi:

‒ Oruc tut, lakin hər gün deyil. Namaz qıl, lakin yuxuya da vaxt ayır. Ruzi üçün işlə, lakin “ruzimi qazanım” deyib düzgünlükdən ayrılma. Müsəlman olaraq ölməyə ça­lış. Məzlumun ahından çəkin.

Hz. Muaz təqvalı bir insan idi. Gecələr təhəccüd namazına qalxar və belə dua edərdi: “Ya Rəbbi! Gözlər yuxuya getdi, ulduzlar itdi. Amma Sən Hayy və Qayyumsan, ya Rəbbi! Qiyamət günü mənə qaytarmaq şərti ilə dərgahından bir hə­diyyə et. Sən verdiyin sözdən dönməzsən, ya Rəbbi!”

Hz. Muaz Şama getdi və Hicrətin 18-ci ilində 38 yaşındaykən vəba xəstəliyindən vəfat etdi. Ölümünün yaxınlaşdığını hiss edəndə belə deyirdi: “Mərhaba, ey ölüm! Mərhaba, yoxsulluq vaxtımda gələn sevimli ziyarətçi! Ya Rəbbi! Mənim Səndən qorxduğumu Sən bilirsən. Dünyadan zövq almaq və sonsuz arzularıma  qovuşmaq istəmədim. Çayların axışı, yarpaqların xışıltısı mənim nəzərlərimi cəlb etmədi. Bunları Sən bilirsən, ya Rəbbi!

Hz. Muaz bu sözlərindən sonra ağlamaya başladı. Ətrafındakılar:

‒ Sən ki Rəsulullahın bir səhabəsisən, sən ki bu qədər fəzilətə sahibsən, niyə belə ağlayırsan?! ‒ dedilər. Onlara belə cavab verdi:

Siz mənim ölümdən qorxduğum və ya dünyanı tərk etdiyim üçün ağladığımı zənn edirsiniz? Mən öləndən sonra hansı tərəfə (cənnətə və ya cəhənnəmə) gedəcəyimdən əmin ola bilmədiyim üçün ağlayıram![9]  

Hz. Muaz bu sözlərdən sonra vəfat etdi. Onun Hz. Ömərin yanında xüsusi hörməti vardı. Vəfat edərkən Hz. Ömərdən: “Özündən sonra kimi xəlifə təyin edirsən?” ‒ deyənlərə belə cavab verdi:

‒ Əgər Muaz ibn Cəbəl sağ olsaydı, onu xəlifə təyin edərdim. Rəbbimə qovuşanda Rəbbim mənə: “Kimi xəlifə təyin etdin?” ‒ deyincə mən: “Sənin qulun və Rəsulun Məhəmmədin “Muaz qiyamət günü alimlərin qarşısında təkbaşına bir ümmətdir” buyurduğu kimsəni təyin etdim”, ‒ deyərdim.[10]

Hz. Muaz Peyğəmbərimizdən bir çox hədislər rəvayət etdi. Bunlardan bir neçəsi belədir:

“Rəsulullah məndən “Allahın qulları üstündəki haqqı nədir, bilirsənmi?” ‒ deyə soruşdu. “Allah və Rəsulu daha yaxşı bilər”, ‒ dedim. “Qulların Ona ibadət etmələri və şərik qoşmamalarıdır”, ‒ buyurdu. Sonra yenə: “Qullar bu vəzifələri yerinə yetirəndə Allahın onlara nələr vəd etdiyini bilirsənmi?” ‒ deyə soruşdu. Mən: “Allah və Rəsulu daha yaxşı bilər”, ‒ de­yincə o: “Onlara əzab verməməyi”, ‒ buyurdu.[11]

“Bir insan dəvəsinə minib üstündə düşmənlə vuruşsa, cənnət ona vacib olar. Bir insan ixlasla şəhid olmağı istəsə, sonra ölsə və ya öldürülsə, o, şəhid savabını qazanar. Bir insan Allah yolunda yaralansa və ya bir zəhmət çəksə, qiya­mət günü üzü zəfəran rəngli olar, ondan müşk ətri gələr”.[12]

Allah ondan razı olsun!


[1] Tirmizi, Mənaqib, 33.

[2] İbn Əsir, Üsdül-Ğabə, IV, 377-378.

[3] Məktubat, s. 112.

[4] Əhməd ibn Hənbəl, Müsnəd, V, 231; Tirmizi, Mənaqib, 8.

[5] Əbu  Davud, Vitr, 36.

[6] İbn Sad, Təbəqat, III, 584; Hilyə, I, 346; Hz. Məhəmməd və İslamiyyət, X, 35-40.

[7] Təbəqat, I, 346.

[8] Təbəqat, II, 347.

[9] Üsdül-Ğabə, IV, 377-378.

[10] Təbəqat, III, 590.

[11] Əhməd ibn Hənbəl, Müsnəd, V, 228.

[12] Əhməd ibn Hənbəl, Müsnəd, V, 231.