Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Təbii ki, ömür boyu düşmənçilik etdiyi və indi də qapısının ağzına qədər gələn insanlardan  yardım diləmək elə də asan iş deyildi və Hind bu qədər qısa vaxtda dəyişən ərini qınayırdı. Hamının gözü qarşısında ərlə arvad arasında münaqişə başlamışdı. Ərini itirdiyini – yəni müsəlman olduğunu düşünən Hind hirsindən özünə yer tapa bilmirdi. Çünki o, hələ Əbu Sufyanın gördüklərinə şahid olmamış və hislərindən arınaraq sağlam ağılla düşünməmişdi. Ancaq yenə də insanlara təsir etmə gücü vardı. Belə ki, o, məkkəlilərin etibar etdiyi Utbənin qızı idi! Buna görə Əbu Sufyan əli ilə xanımı Hindi işarə edərək məkkəlilərə:

– Təəssüflər olsun! – deyir.

O gün əksinə hərəkət etmə imkanı və ehtimalı yox idi. Əsəbiləşmişdi. Dünənə qədər çiyin-çiyinə mücadilə etdiyi yoldaşlarına üz tutur:

– Nəbadə bu qadının dediyinə uyub bir xətaya yol verəsiniz! Çünki Məhəmməd yenilməz  ordu ilə qapınızın ağzındadır! – deyir.

Tələyə düşmüş ov kimi idilər. Nə hirslənməyin faydası var idi, nə də müqavimət göstərməyin... Bu əsaslı dəyişikliyi hiss edən Hind bir neçə gündür, gördüyü yuxuları xatırlamağa başlayır. Üç gün idi dalbadal Məhəmmədül-Əmini yuxuda görürdü: Rəsulullah onu qurtuluşa çağırırdı. Son dəfə isə Allah Rəsulu onu cəhənnəmin kənarından çəkib qurtarmışdı. Dəhşətli mənzərələrdi və oyansa da, yuxunun təsirindən çıxmamışdı:

– Görəsən, bu, nə deməkdir? – deyə öz-özünə soruşur, gördüklərinə izah etməyə çalışırdı.

Əksəriyyəti gözləməyi və nəticəyə görə hərəkət etməyi üstün tutsa da, İkrimə ibn Əbi Cəhil, Süheyl ibn Amr və Safvan ibn Ümeyyə kimi insanlar müqavimətə hazırlaşır. Öz aralarında:

– Məhəmmədin asanlıqla Məkkəyə girməsinə imkan vermərik, – deyə insanları müqavimət göstərməyə çağırırdılar.

Müqavimət həvəsinə düşən Hüzeyl, Əsləm, Bəni-Bəkir və qureyşlilərdən bəziləri artıq hazırlıqlara başlamışdılar. Ətraf qəbilələrin müsbət cavab verməsi işlərinin xeyrinə idi. Çünki nəticə etibarilə çox riskli olan belə bir müqavimətdə əvvəlcə səhra bədəvilərini irəli çıxarmağı düşünür və onların göstərəcəyi müqavimətdən asılı olaraq davam edib-etməmə nöqtəsində  qərar vermək istəyirdilər.

Böyük fəth başlayır

Bir tərəfdə əshab Mərrüz-Zəhrandan hərəkətə başlamış və Zi-Tuva adlı yerə çatmışdı. Burada toplanaraq böyük fəthin ilk addımlarını atmaq istəyirdilər. Ramazan ayının on üçü, cümə günü idi. Günəş doğmadan Allah Rəsulu (s.ə.s.) Qasvaya minmiş, tərkinə də Usaməni alaraq yaşıl birliyinə qoşulmuşdu. Hər kəs Onun ətrafında toplanmaq və neçə il bundan əvvəl çıxarıldığı şəhərə girərkən yanında olmaq istəyirdi.

Əshab arasında indidən zəfər əhvali-ruhiyyəsi hökm sürürdü. Məkkənin fəth edilməsi qarşıda duran bir vəzifə idi və Allah Onun adına bir zəfər də yazdırmaq üzrə idi. Ancaq O, təvazödən ikiqat olmuşdu. O qədər əyilmişdi ki, saqqalı-şərifi az qala Qasvanın yəhərinə  dəyirdi.

– Allahım, ən vacibi axirət yurdunun həyatıdır! – deyirdi.

Bəlkə də, bununla O: "Dünyada nə cür uğurlar əldə edilir-edilsin, əsas müvəffəqiyyət axirət üçün faydalı olan addımlardır," – demək istəyirdi. Başına uzun sarıq sarımış və ucunu da çiynindən aşağı sallamışdı.

Qan tökülməsini qətiyyən istəmir, tez-tez əshabına xəbərdarlıq edirdi. Yalnız  müqavimət göstərənlərlə döyüşmək izni vardı. Ona görə də Məkkəyə girişi də gözlənilməz şəkildə olur. Əshabını yenə dəstələrə ayıraraq Məkkəyə müxtəlif istiqamətlərdən girməyi əmr edir.