Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Məkkəyə üst tərəfdən daxil olurdu Allah Rəsulu! Bu vaxt qadınlar əllərindəki örtükləri atların boyunlarına vurmaqla sevinclərini izhar edirdilər. Bunu görüb Hz.Əbu Bəkrə müraciət edərək:

– Hassan nə demişdi? – deyə soruşur.

Arifə işarə bəs idi və o anda gördüyü mənzərəni tərənnüm edən şeir oxuyur Əbu Bəkir! Bu şeiri hələ Məkkə fəthindən öncə Hassan ibn Sabit yazmışdı. Şeirdə Məkkəyə Kədadan girdikləri zaman qadınların sevincdən baş örtüklərini atların boyunlarına vurmaları təsvir olunurdu.

Allah Rəsulu (s.ə.s.) özü ilə gələn dəstəa:

– Məkkəyə Hassanın göstərdiyi yerdən girin, – deyir.

Bu vaxt Hz. Zübeyri də hüzuruna çağırır, bayrağı Hacuna sancıb Onu gələnə qədər gözləməyi əmr edir. Belə ki, Məkkənin fəthi kimi mühüm dönüş nöqtəsində Allah Rəsulu (s.ə.s.) iyirmi beş il bir yastığa baş qoyduğu və hicrətdən əvvəl Hacuna əmanət etdiyi Xədicə validəmizin məzarını ziyarət edir, başı üstə durub dualarla Rəbbinə yalvarır.

Bu vaxt eyni anda dörd tərəfdən böyük fəth başlamışdı. Allah Rəsulu (s.ə.s.) səkkiz il əvvəl iki nəfərlə tərk etdiyi Məkkəyə indi yolda qoşulanlarla birlikdə on iki min insanla girirdi. Əzahır adlı yerə gələndə gözünə sağa-sola qaçışan insanlar və qılınc parıltıları sataşır və:

– Bu qılınclar nədir belə! Məgər mən sizə döyüşməyi qadağan etməmişdimmi?

– Ya Rəsulullah, bunlar Xalid ibn Vəlid və onun yoldaşlarıdır! – deyə cavab verirlər, – məkkəlilər onun girdiyi tərəfdə müqavimət göstərdilər. Əgər məcburiyyət qarşısında qalamasydı, vallah, döyüşməzdi! Ya Rəsulullah! O, nə Sənin əmrinə qarşı çıxmaq, nə də əmrini pozmaq istəmişdir! Sadəcə ona qarşı çıxanlarla döyüşür!

Üzülür, amma başqa çarə də yox idi. Bu qədər tədbir görülməsinə baxmayaraq,  məkkəlilər yenə problem çıxarmış və Xalid də bu problemi həll etmək üçün qılınca sarılmışdı. Hətta bu əsnada Hakim ibn Hizam Məkkə müşriklərini döyüşdən vaz keçməyə çağırır, onlara Allah Rəsulunun aman fərmanını xatırladaraq evlərinə girib qapılarını da möhkəm bağlamağı tövsiyə edir. Bu vaxt Allah Rəsulu (s.ə.s.):

– Allahın təqdiri xeyirlidir, – deyir.

Əzahiri aşıb Məkkə evlərini görəndə dayanır və minnət hisləri ilə Allaha həmd etməyə başlayır. Sonra da üzünü Hz.Cabirə  tutub:

– Ey Cabir, biz burada qalacağıq. Burada bir vaxtlar Qureyş küfr naminə birləşib bizə qarşı mövqeyini müəyyənləşdirirdi![12]

Allahın qüdrəti böyükdür. O gün məkkəlilərin Allah Rəsulu və əshabı haqqında verdiyi hökmlə bu gün Rəsulullahın onlar üçün verəcəyi hökmə eyni məkan şahidlik edirdi. Aradakı fərqi isə sabah hamı görəcəkdi.

Qasvanın üzərində irəliləyərkən "Fəth" və "Nəsr" surələrini oxuyur:

– Məhz bu, Allahın Mənə vəd etdiyi şeydir! – deyirdi.

Həmin gün Ona yaxınlaşıb:

– Ya Rəsulullah! Sabah harada qalacaqsan? – deyə soruşanlar da olur.

Öz evinə gedəcəyini təxmin etmiş, təxminlərini təsdiqləmək istəyirdilər. Çünki bu, digər mühacirlər üçün də bir yol olacaqdı. Ancaq Allah Rəsulu (s.ə.s.):

– Aqil bizə ev-eşik saxladı ki? – deyir.

Belə ki, Əbu Talibin böyük oğlu Aqil Allah Rəsulunun (s.ə.s.) evi də daxil olmaqla qalan hər şeyini başqasına satmışdı. Qalmaq üçün digər təklifləri də qəbul etmir və Məkkəni tərk edənə qədər yalnız Hacundakı çadırında qalır.

Artıq fəth sona çatmışdı. Hz. Xalidin girdiyi tərəfdən başqa, heç yerdə müqavimət olmamış və ortaya qoyulan strategiya nəticəsində Məkkə asanlıqla təslim olmuşdu. "Aman" elanında da ifadə edildiyi kimi, böyük əksəriyyət evlərinə çəkilmişdi. Əbu Sufyan və Hakim ibn Hizamın evləri ilə Kəbəyə sığınanlar da vardı. Həyəcan və maraqla gözləyirdilər. Görəsən, Allah Rəsulu məkkəlilərlə necə davranacaqdı? Xüsusən, o günə qədər Allah Rəsuluna düşmənçiliyi ilə tanınanlar, küfrə bayraqdarlıq edənlər də vardı. Öldürüləcəklərinə şübhələri yox idi, buna görə qaçmağa yer axtarırdılar.