Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Kəbəyə giriş

Artıq ortalıq sakitləşmiş, Məkkədə dərin səssizlik hökm sürürdü. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) çadırında qüsl alır, Allahın lütfünə bir şükür olaraq əvvəlcə səkkiz rükət namaz qılır və ardınca da dəvəsini gətirməyi əmr edir. Qasva çadırın qapısına qədər gətirilir, ancaq Rəsulullah zirehi və dəbilqəsini geyinmək üçün yenidən çadıra girir. Silahına da qurşanaraq yaraq-yasaqlı Kəbəyə yönəlir.

Bu əsnada əshab Handəmə ilə Hacun arasında gedib-gəlir və Allah Rəsulu üçün təhlükəsiz  yol hazırlamağa çalışırdılar. Kəbə bayrama hazırlaşırdı.

Rəsulullahın getdiyi yolun hər iki tərəfinə düzülmüş uşaqlar Onu sevinclə salamlayır. Xüsusən də, qız uşaqları əllərinə götürdükləri baş örtüklərini atlılara doğru yelləyirlər.

Allah Rəsulunun (s.ə.s.) yolu Kəbəyə idi. Peyğəmbərimiz əhlullahın (Allah əhli) Ona əkiz olaraq qəbul etdiyi və andığı məkana – Kəbəyə doğru irəliləyir. Bu vaxt yolu Hz. Xalidlə kəsişir və ona:

– Mən döyüşməyi qadağan etdiyim halda, sən niyə qılınc işlətdin? – deyə soruşur.

– Döyüşü əvvəl onlar başladılar, – deyir Hz.Xalid, – bizə ox yağdırıb qılınc çəkdilər! Halbuki mən mümkün qədər savaşdan uzaq olmağa çalışırdım. Onları insanların girdiyi dinə – İslama dəvət etdim, amma bunu rədd etdilər. Bu vəziyyətdə onlarla vuruşmaqdan başqa çarəm qalmadı. Onsuz da bu döyüşdə uca Allah bizə zəfər qazandırdı və onlar qaçıb dağıldılar, ya Rəsulullah!

– Onda onları təqib etməkdən vaz keç! – buyurur Allah Rəsulu, sonra da əshabına:

– Silahlarınızı yığışdırın, – deyə səslənir.

Bu ümumi əmrdən yalnız huzalılar istisna təşkil edir. Belə ki, onlara da iyirmi üç adamını öldürən Bəni-Bəkirlə haqq-hesab çəkmək üçün əsrə (ikindi vaxtı) qədər vaxt verilir.

Artıq Mədinədəki minbər (Rəsulullah) Məkkədəki mehrabla (Kəbə) qovuşmuşdu – Allah Rəsulu Kəbəyə gəlmişdi. Rəsulullah onu görcək əlindəki əsası ilə uzaqdan salamlayır və ardından da təkbir gətirməyə başlayır. Allah Rəsulunun (s.ə.s.) təkbirini eşidən hər kəs avazı çıxdıqca təkbir gətirir. Məkkədə yer-göy titrəyir. Bu sırada dağlara qaçan müşriklər Məkkədəki bu təkbir səslərindən diksinir, bu mənzərədən olduqca təsirlənirlər. Hər dəqiqə maraqları daha da artır və hadisələri daha yaxından izləmək istəyirlər. Nəhayət, Allah Rəsulu mübarək barmağını dodağının üstünə qoyub:

– Susun, – deyir.

Təvaf başlayırdı. Qasvanın yüyənini Məhəmməd ibn Məsləmə tutmuşdu, çünki Rəsulullah dəvəsinin üstündə təvafa başlayırdı. Əvvəlcə Allah Rəsulu Həcərül-Əsvədin yanına gəlir və yenə onu uzaqdan istilam (İstilam – Kəbəni təvaf edərkən əlləri Həcərül-əsvədin üstünə qoyub onu öpmək deməkdir. Ancaq həcc mövsümündəki izdihamda bu o qədər də mümkün olmur. Buna görə də Həcərül-əsvədə uzaqdan işarə edib sağ əlin içini öpürlər.) etdikdən sonra da təvafa başlayır.

O gün Kəbənin ətrafında hər birinin üstü qurğuşunla örtülmüş üç yüz altmış ədəd büt var idi. Müşriklər qurbanlarını bunların yanında kəsər, bu bütlərin qarşısında diz çöküb istəklərini dilə gətirərdilər. Kəbə artıq İslamla bütünləşmişdi, buna görə də onun Hübəl, İsaf və Nailə adlı bütlərdən də təmizlənməsi lazım idi. Necə ki Allah Rəsulu bütlərin yanından keçərkən əlindəki yayla işarə edir, işarə etdiyi büt də üzü üstə yerə aşırdı. Bunu edərkən də "Artıq haqq gəldi və batil də ortadan qalxdı. Onsuz da batil yoxluğa məhkumdur"[13] məallı ayəni oxuyurdu.

Hər şaftda  (təvaf dövrəsində) Həcərül-Əsvədi salamlayırdı. Və nəhayət, Kəbəni yeddi dəfə təvaf edir.