Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Dəvəsindən düşmək istəyir. Ayağını qoyub düşməyə bir yer tapa bilmir və əshabı əlləri ilə Onun düşməsinə kömək edir. Düşən kimi Məqami-İbrahimə yönəlir. Zirehi və dəbilqəsi hələ də əynində idi. Burada iki rükət namaz qılır və sonra da Zəmzəm tərəfə gedir.

– Əgər Abdulmuttaliboğulları mənə basqın etməsəydi, buradan bir tuluq su çəkərdim, – deyir.

Hz.Abbas[14] dərhal bir qab su çıxardıb Rəsulullaha verir. Allah Rəsulu (s.ə.s.) sudan içir və dəstamaz alır. Bu vaxt əshab Allah Rəsulunun ətrafında halqalanmış, dəstamaz suyundan götürməyə çalışırdılar. Suyu üz-gözlərinə sürtür, bundan savab umurdular.

Daha sonra Allah Rəsulu Hubəlin dağıdılmasını əmr edir. Məkkəlilərin "ilah" deyib qarşısında müntəzir dayandığı Hubəl artıq daş parçaları yığınından ibarət idi. İndi də hüzuruna Hz.Əlini çağırır. Dərhal özünü hüzura yetirib əmr gözləyən Hz.Əliyə:

– Yerə çömbəl! – deyə səslənir.

Hz.Əli Allah Rəsulunun dediyi kimi yerə çöməlir. Rəsulullah Hz.Əlinin çiyinlərinə çıxır. Sonra ona:

– İndi ayağa qalx, – buyurur.

Hz.Əli ayağa qalxmağa başlayırdı ki, Rəsulullah şəfqəti buna razı olmur.

– Otur! – deyə əmr edir.

Hz.Əli yenidən yerə çömbəlib oturur. Bu dəfə Allah Rəsulu özü yerə çömbəlir və Hz.Əliyə:

– Əli! İndi sən Mənim çiynimə çıx, – deyir.

Bu da bir əmr idi və Hz.Əli artıq Allah Rəsulunun çiyinlərində idi. Peyğəmbərimiz onu yuxarı – Kəbənin üstünə tərəf qaldırır.

Nəhayət, Hz.Əlini Kəbənin üstünə çıxarır və bir kənara çəkilərək:

– Onların ora qoyduğu böyük bütü aşağı at, – deyərək orada olan bütlərin təmizlənməsini əmr edir.

Ancaq Allah Rəsulunun (s.ə.s.) göstərdiyi mis büt dəmirlərlə Kəbənin üstünə bərkidilmişdi, heç cür tərpənmirdi. Bu dəfə Allah Rəsulu Hz.Əliyə ilə necə sökməyi öyrədir:

– Onu belə söküb at, – buyurur.

Bundan sonra Hz.Əli üçün bütü söküb atmaq asanlaşır.

İndi Kəbə əsl görkəmini, əsl halını alırdı və burada ibadət edilməsini felən göstərən Allah Rəsulu artıq bir kənara çəkilərək oturmuşdu. Hz.Əbu Bəkir hər ehtimala qarşı əlində qılınc Onun keşiyini çəkirdi.

Bütün bunları diqqətlə seyr edən məkkəlilər heyrət içində idilər:

– Bu vaxta qədər biz belə göz üstündə tutulan bir rəhbəri nə gördük, nə də eşitdik, – deyir, bir tərəfdən də bunu edənləri ağılsız adlandırırdılar.

Bu əsnada Rəsulullahın gözü yaxında duyanan Əbu Sufyana sataşır və ona səslənir:

– Sən Hinddən: "Sən bu işin, həqiqətən, Allah tərəfindən olduğunu düşünürsənmi?" – deyə soruşdun, o da: "Bəli, həqiqətən də, bunlar Allah tərəfindəndir," – deyə cavab verdi. Belə deyilmi?

Həqiqətən də, belə olmuşdu. Hind də dalbadal yaşadığı sarsıntılar nəticəsində ağlını başına yığıb yumşalmış və əri Əbu Sufyan kimi təslim olmaq qərarına gəlmişdi. Hətta bir anlıq evlərində olan və üstünə yaylıqlar bağladığı bütə yaxınlaşmış, əlindəki kəsərlə ona vuraraq bu günə qədər onları necə aldatdığını soruşmağa başlamışdı. Bütün bunlar barədə fürsət düşdükcə öz aralarında danışırdılar, amma bunu bir Hind, bir də Əbu Sufyan bilirdi. Sanki, Allah Rəsulu (s.ə.s.) Əbu Sufyanı kamil imana çatması üçün yaxından izləyirdi və onun hər hərəkətindən xəbərdar olduğunu göstərirdi. Əbu Sufyan:

– Mən şəhadət edirəm ki, Sən Allahın qulu və Rəsulusan, – deyə səslənir, – adına and olsun ki, mənim bu sözümü bir Allah və bir də Hind eşitmişdi.