Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Süheyl ibn Amrdan gələn xəbər

Bu əsnada Süheyl ibn Amrın müsəlman olduğu üçün illərlə işgəncə verdiyi böyük oğlu Abdullah Rəsulullahın hüzuruna yaxınlaşır:

– Ya Rəsulullah, – deyir, – bu gün atam Süheyl ibn Amr da gəlsə, onu da əfv edərsənmi?

Allah Rəsulu illərdir, Süheyl ibn Amrın gəlişini gözləyidi. Hələ Məkkəyə girməzdən bir neçə gün əvvəl dörd nəfərin İslamı qəbul etməyə hazırlaşdığını xəbər vermişdi ki, biri də o idi. Halbuki o dəqiqələrdə Süheyl İkrimə ibn Əbi Cəhil və Safvan ibn Ümeyyə ilə birlikdə Allah Rəsuluna qarşı mübarizə aparma planını cızmaqla məşğul idi.

Nəhayət, qarşılarına Hz.Xalid kimi bir igidin çıxdığını görüncə müqavimətin mənasızlığını anlayıb dağılışmışdılar. İkrimə ibn Əbi Cəhil və Safvan ibn Ümeyyə Məkkə kənarına çıxsa da, Süheyl ibn Amr Məkkədə gizlənmək qərarına gəlir. Ancaq onun kimi daim öndə olan bir insan belə əhəmiyyətli bir gündə gizlənməməli idi və məhz Süheyl ibn Amr bu mərdliyi seçib oğlu Abdullaha: "Mənim üçün Məhəmməddən aman istə. Çünki mən bu gün əmin deyiləm ki, öldürülməyəcəyəm," – deyə xəbər göndərərək, Rəsulullahın qənaətini öyrənmək istəyir.

Hz.Abdullahın gətirdiyi xəbərlə təbəssüm edən Allah Rəsulu (s.ə.s.) ətrafdakıların da eşidəcəyi səs tonu ilə:

– Süheyl ibn Amr da Allahın amanı ilə təhlükəsizlikdədir! – buyurur.

Danışdıqlarının burada qalmayacağını bilirdi və illərdən bəri gələcəyini gözlədiyi Süheyl haqqında bu sözləri də əlavə edir:

– Bu gün kim Süheyl ibn Amrla qarşılaşarsa, ona pis nəzərlə baxıb incitməsin. Həyatıma and olsun ki, Süheyl ağıllı və şərəfli insandır. Onsuz da Süheyl kimi insanların İslamdan uzaq olub cahil qalması yolverilməzdir. Görünür, indiyə qədər qəbul etdiyi məfkurənin ona heç bir fayda vermədiyini çoxdan anlamışdır!

Bunları eşidən Abdullahın sevinci yerə-göyə sığmır. Dərhal atasının yanına gəlir və eşitdiklərini bir-bir danışır.

Süheyl aradakı fərqi çox aydın görürdü. Nəbəvi iltifat qarşısında mum kimi əriyirdi. Bu  sözlər tökülür dodaqlarından:

– Vallah, O, böyük və kiçik, bütün yaxşılıqların sahibidir!

Bir müddət irəli-geri gəzişir və sonra da qərarını verib dəvətin gəldiyi yerə – Kəbəyə yönəlir. Gələcək və o əngin Rəsulullah şəfqətini daha yaxından görüb hüzurda silahını təslim edəcəkdi.

Kəbənin içi

Bu arada Allah Rəsulu (s.ə.s.) Hz.Bilalı hüzuruna çağırır. Tapşırır ki, Osman ibn Talhanın yanına getsin və Kəbənin açarlarını alıb gətirsin. Açarı çox çətinliklə anasından alan[15] Hz. Osman dərhal Kəbəyə qaçır. Rəsulullahın hüzuruna çatanda sürüşüb yıxılır və anasından zorla aldığı açar bir kənara düşür. Ancaq bunda da bir xeyir var idi. Belə ki, indiyə qədər Kəbənin açarlarını özlərində saxlayan Bəni-Talha ailəsi özlərindən savayı heç kimin Kəbəni aça bilməyəcəyini düşünür və ailələrini bir növ müqəddəs sayırdılar. Və indi Rəsulullahın bir hərəkəti ilə bu yanlış fikir də yerlə-yeksan olur.

Rəsulullah (s.ə.s.) açarın düşdüyü yerə gəlir və onu libasının ucu ilə yerdən götürür. Sonra da gedib şəxsən özü Kəbənin qapısını açır: bununla Kəbə ilk dəfə Sahibinin üzünə açılırdı.

Ancaq Kəbənin içi rəsmlərlə dolu idi və Allah Rəsulu (s.ə.s.) Hz.Ömərə bunların hamısını yox etməyi tapşırır, Kəbə şirk əlamətlərindən tamam-kamal təmizlənməmiş içəri girmir. İndi əshabda da xoş bir təlaş vardı. Kimi Zəmzəm suyu daşıyır, kimi də əlinə bir parça alıb Kəbənin içini təmizləyirdi.