Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Təmizlik işi qurtarınca içəri girən Allah Rəsulu (s.ə.s.) Hz.İbrahim, Hz.İsmayıl və Hz.Məryəmə aid edilən rəsmləri görür. Bəlkə də, əshab onlara ehtiramlarına görə toxunmamışdı. Ancaq Allah Rəsulu (s.ə.s.) qərarlı idi və dərhal Hz.Ömərə müraciət edir:

– Ya Ömər, Mən sənə buradakı bütün rəsmləri yığışdırmağı əmr etmədimmi? Allah onların canını alsın. Hz.İbrahimi ox çəkən ixtiyara bənzədiblər. Allah onları qəhr etsin, halbuki onların hamısı Hz.İbrahimin də, Hz.İsmailin də fal oxu çəkmədiyini çox yaxşı bilirlər. Buradakı bütün rəsmləri təmizləyin. Yaradıb hərəkət etdirməyə gücləri çatmaya-çatmaya rəsmlərini çəkən bu insanları Allah qəhr etsin!

Rəsulullahın bu həssaslığı əshabı da hərəkətə gətirir və əyinlərindəki paltarlarla Kəbəni təmizləməkdə bir-birilə yarışırlar.

Bu dəfə hər şey qaydasında idi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz.Üsamə, Hz.Bilal və Osman ibn Talha ilə birlikdə Kəbənin içinə girir. Rəsulullahla birlikdə Kəbəyə girmək yalnız bu üç səhabəyə nəsib olmuşdu. Artıq peyğəmbərin əmri ilə qapı içəridən bağlanmışdı.

Bu arada Allah Rəsulu (s.ə.s.) orada uzun xurma budaqlarından düzəldilmiş göyərçin heykəli tapmış və onu da öz əlləri ilə qırıb atmışdı. Allah Rəsulu (s.ə.s.) Kəbənin hər küncünü gəzərək təkbir gətirir, Allaha şükür edir. Sonra isə iki dirəyin arasında dayanıb iki rükət namaz qılır.

Bayırda isə əshab maraqla gözləyirdi: görəsən, Rəsulullah içəridə nə edir? Vaxt keçdikcə maraqları artır, səbirləri tükənirdi. Bu zaman Xalid ibn Vəlid kimi səhabələr hər hansı qarşıqlığ və izdihamın olmaması üçün əshabı Kəbə qapısından uzaqlaşdırmağa çalışır. Haqlı idilər, çünki qapı açılan kimi hamı ora yönəlmək istəyir. İndi maraqla Rəsulullahla Kəbəyə girənlərdən soruşurdular:

– Rəsulullah içəridə nə etdi? Namaz qıldımı? Namazını harada qıldı?

Bir tərəfdə Hz.Bilal ilə Hz.Üsamə bu sualları cavablandırmaqda olsun, Allah Rəsulu əlində açarlar Kəbədən çıxıb həyətə enir və orada da üzü Kəbəyə iki rükət namaz qılır və sonra da:

– Bax qiblə budur, – buyurur.

Beləliklə, qiblə mövzsunda zehinlərdə yarana biləcək suallara da cavab vermiş olur.

Artıq günorta namazının vaxtı girmiş və Rəsulullah da Hz.Bilalı yenə hüzuruna çağırmışdı. Kəbəni üstünə çıxaraq azan oxumasını istəyirdi. Eyni zamanda bu, Məkkə haqqında deyiləcək son söz mənasına gəlirdi. Artıq Hz.Bilalın səsi illərlə "Əhəd! Əhəd" deyib inlətdiyi Faran dağlarında əks-səda verir, bir ox olub hələ də bunu həzm edə biməyən məkkəlilərin ürəyinə işləyirdi. Hətta bu vaxt Kəbənin həyətində olan Haris ibn Hişam və Attab ibn Əsid bir dəstəla oturub söhbət edirdilər. Atası Əsidi nəzərdə tutan Attab:

– Allah Əsidə nə böyük lütf etmişdir. Bax indi bu səsi eşitsəydi, hirsindən dəli olardı, yaxşı ki, eşitmir.

– Vallah, bilsəm ki, O, haqq yolundadıdır, gedib Ona tabe olardım, – deyə Haris də dillənir.

Süheyl ibn Amr da Harislə razı olduğunu deyəndə bir başqası söhbətə qoşulur:

– Bu zənci kölənin Kəbə damına çıxıb belə çığırdığını görməkdən qabaq Allah Səidin canını almaqla nə böyük lütf etmişdir, – deyir.

– Bəni-Cumeyhə mənsub olan bir kölə Əbu Talhanın binasının üstünə çıxıb belə çığıra bilərmiş, həqiqətən, çox böyük hadisədir, – deyə Hakəm ibn Əbil As etirazını dilə gətirir.

Onları dinləyən təcrübəli Əbu Sufyan təmkinli idi:

– Mən bu məsələdə heç bir şey deyə bilmərəm. Çünki mən bir şey desəm, bu daşlar belə gedib Ona xəbər verər! – deyir.

Həqiqətən, Əbu Sufyanın dediyi baş verir. Cəbrail gəlir və məsələdən Allah Rəsulunu xəbərdar edir. Bundan sonra Rəsulullah üzünü onlara tutub:

– Sizin filan-filan sözlər danışdığınızı bilirəm, – deyə səslənir.

Sanki. ildırım vurur onları. Əbu Sufyan haqlı çıxmışdı. Xüsusən də, Attab və Hişam özündə deyildi:

– Biz də şəhadət edirik ki, Sən, həqiqətən, Rəsulullahsan, – deyirlər, – bu dediklərimizi bizdən başqa heç kim eşitməmişdi ki, gəlib sənə xəbər versin!