Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

– Ey insanlar! Allah (cəllə cəlaluhu) səmanı və yeri, günəşi və ayı, bu iki dağı yaratmazdan öncə Məkkəni haram qılmışdır (yəni burada qan tökmək haramdır), onu insanlar haram qılmamışdır. Əksinə haram buyuran Allahdır və bu haramlıq da qiyamət gününə qədər davam edəcək! Allah və axirət gününə iman edən bir insana burada qan tökmək, ağac kəsmək əsla halal deyildir. Bunlar Məndən öncə də heç kimə halal deyildi ki, Məndən sonra da kiməsə halal olsun! Yalnız istisna olaraq Mənə bir saatlıq (o da məkkəlilərə ilahi qəzəb səbəbi ilə) halal edildi! İndi bu haramlıq dünən olduğu kimi, yenə əvvəlki vəziyyətinə qayıtdı. Bütün bunları burada olanlar burada olmayanlara da çatdırsın! Hər kim: "Burada Rəsulullah da döyüşdü," – desə, siz də onlara: "Allah-taala Rəsuluna bunu müvəqqəti halal etdi, ancaq bu halal sizin üçün yoxdur!"  – deyin.

Ey insanlar! İnsanlar arasından Allah haqqına qarşı ən çox təcavüzkar olanlar Hərəmdə adam öldürən və ya qatilindən başqasının həyatına qəsd edən, yaxud da cahiliyyə hisləri ilə intiqam həvəsinə düşüb insanları öldürmə yarışına girənlərdir!

Əgər Mənim bu xitabımdan sonra kim bir başqasını öldürərsə, ölənin valideyni bu iki yoldan birini seçmək ixtiyarına malikdir; ya istəsə, diyətini tam şəkildə alar, ya da qatili qisas olaraq öldürər!

Allah Rəsulu (s.ə.s.) bu xütbəsi ilə insan hüququnu heç sayan anlayışa qarşı mövqeyini açıq şəkildə ortaya qoyur və sonrakı mərhələdə günah işləyənlərə toplumun əmin-amanlığı naminə daha sərt cəzalar tədbiq edəcəyini elan edirdi. Və Rəsulullah özünə aid olmadığı halda, sözügedən cinayətin diyətini yüz dəvə ilə ödəyəcək, beləcə qəbilələr arasında ehtimal olunan qan davalarının qarşısını almış olacaqdı.

Hətta o gün Allah Rəsulu buna bənzər ehtiyacları ödəmək üçün Abdullah ibn Əbi Rəbiə, Safvan ibn Ümeyyə və Huveytib ibn Abdiluzzadan borc istəyəcək, onlar da üst-üstə otuz min dirhəm borc verəcəkdilər. Halbuki o gün onların heç biri hələ müsəlman olmamışdı. Buna baxmayaraq, Allah Rəsuluna etibar edirdilər: borcun geri qaytarılmasına zərrə qədər şübhə etmirdilər. Abdullah ibn Əbi Rəbiə ilə Huveytib ibn Abdiluzza dörd yüz, Safvan ibn Ümeyyə də beş yüz dirhəm borc vermişdi Könüllər Sultanına![19]

Ənsara səsləniş

Bir ara Səfa təpəsinə çıxır. Beytullaha bir az da yüksəkdən baxır, əllərini açıb Allaha təzim edir, Rəbbinə yalvarırdı həmdü-səna ilə! Bir müddət beləcə dua edən Peyğəmbərimizin simasında yeni vəhyin əlamətləri görünməyə başlayır: yeni bir ilahi bəyan gəlirdi! Nəhayət, vəhy halı keçincə Rəsulullah:

– Ey ənsar camaatı, – deyə səslənir.

Xüsusilə, ənsara müraciət edirdi. Görünür, gələn vəhy birbaşa ənsarla əlaqədar idi. Onlar da bu vaxt Allah Rəsulundan (s.ə.s.) bir az aşağıda oturmuş, Onun yenidən Mədinəyə dönüb-dönməyəcəyi barədə danışırdılar. Ənsar Rəsulullahın nidasını eşitcək:

– Ləbbeyk (baş üstə), ya Rəsulullah, – deyib hüzura tələsir.

– Siz: "Artıq bu adam öz yurduna gəldisə, bizimlə qayıtmayıb yaxınları ilə qalacaq," – deyirsiniz, elədirmi?

Həqiqətən, elə demiş, bununla Allah Rəsulunun öz doğma yurdunda – fəth edilmiş Məkkədə qalacağı əndişəsini dilə gətirmişdilər. Heç könül istərdimi, Rəsulullahı Məkkədə qoyub  Onsuz Mədinəyə dönsün! Boyun büküb:

– Bəli, dedik, ya Rəsulullah, – deyirlər.

Allah Rəsulu (s.ə.s.):

– Mənim adım yoxdur ki, Mənə "Adam" deyə səslənirsiz? Xeyr, xeyr! Mən Allahın qulu və Rəsuluyam. Sizə və Allaha hicrət etdim! Mənim həyatım sizin həyatınız, ölümüm də sizin ölümünüzdür! – buyurur.

Ənsarın içini titrətmişdi Rəsulullahın sözləri! Hıçqırtı içinə boğulur, ağlayırdılar. Sultanlar Sultanına yaxınlaşır:

– Vallah, ya Rəsulullah, – deyirlər, – o sözləri yalnız Allaha və Rəsuluna hədsiz sevgimizdən söylədik!

Başqa cür də düşünülə bilməzdi; Məkkənin fəthi ilə sevinərkən səkkiz ildir, onlarla bir olan Könüllər Sultanından ayrı qala bilməz, Rəsulullahı dünənəcən canına qəsd edənlərlə bölüşə bilməzdilər! Bu ifadələr səmimiyyətdən qaynaqlanırdı və Sərvəri-Kainat da:

– Həqiqətən, Allah da, Rəsulullah da sizin halınızı üzrlü görür və dediklərinizi təsdiq edir, – buyurur.

Fəthin möminləri 

Məkkənin fəthi ilə birlikdə İsalmiyyət bir çox insanın qəlbinə nüfuz etmişdi; böyük bir mənəvi fəth yaşanırdı. Belə ki, o gün, demək olar, bütün Məkkə gəlib müsəlman olmuşdu. Hətta elələri də vardı ki, heç kim onların müsəlman olacağını ağlına da gətirmirdi. Çünki onlar lap əvvəldən həyatlarını Allah Rəsuluna düşmənçilik üstündə kökləmiş, fürsət düşdükcə İslama bəslədikləri nifrəti dilə gətirməkdən belə çəkinməmişdilər. Hələ elələri də vardı, əks təbliğatın mərkəzində dururdu və onların müsəlman olması düşmən cəbhənin tamamilə məhvi demək idi. Çünki onların qərəzli düşüncələri İslama gəlmələrini əngəlləmiş, həsəd və qısqanclıqdan Rəsulullahın hüzuruna gəlib ilahi bəyanları anlama fürsəti əldə edə bilməmişdilər. Bu məqamda fəth onlar üçün, İslamı tanımada belə bir ab-havanı hazırlayan önəmli dönüş nöqtəsi idi.

Fədalə ibn Ümeyr Allah Rəsulunu Kəbəni təvaf edərkən sui-qəsd təşkil edib öldürmək istəmişdi. Müsəlman kimi görsənir və niyyətini gizli saxlayırdı. Bu məqsədlə Allah Rəsuluna yaxınlaşarkən Rəsulullah (s.ə.s.):

– Sən Fədaləsənmi? – deyə səslənir. Sanki, nə etmək istədiyini anlamışdı. Məcbur qalan Fədalə: "Bəli!" – cavabını verir. Allah Rəsulu (s.ə.s.) yenidən soruşur:

– Yaxşı, bu an ürəyindən nə keçir? Nəyin hesabını aparırsan?

Fədaləni təşviş bürüyür:

– Heç bir şey, – deyir, – Allahı zikr edirdim. Onu yaxşı tanıyan Rəsulullah təbəsüm edir və:

– Əstağfürullah, – deyib mübarək əlini Fədalənin sinəsinə qoyur. Bu, hər adama nəsib olmayan bir lütf idi və o andan Fədalənin qəlbində tamam başqa hislər göyərməyə başlayır. Artıq o, Allah Rəsuluna sui-qəsd hazırlayan Fədalə deyil, Rəsulullah sevgisi ilə dolu, kamil  bir mömin idi. Qəlbində nə qədər mənfi hiss varsa, silinib getmiş, onların yerini Allah və Rəsuluna məhəbbəti doldurmuşdu.

Rəsulullah (s.ə.s.) Kəbədə ikən Hz.Əbu Bəkir atasını qucağına alıb hüzura gəlir. Saç-saqqalı ağarmış, beli bükülmüş, gözləri görməz olan Əbu Kuhafə oğlunun Allah Rəsulu ilə birlikdə səkkiz il sonra yenidən Məkkəyə gəlişini həyəcan və həsrətlə gözləmiş və ata ilə oğulun yolu Kəbədə kəsişmişdi. Həsrətin vüslətə döndüyü dəmlər idi və Hz.Əbu Bəkir sevincindən onu qucağına götürüb Allah Rəsulunun hüzuruna gətirmişdi! Onların gəlişini görən Allah Rəsulu:

– İxtiyarı evdə qoysaydın, Mən ona evində baş çəkərdim, – deyir.