Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Allah Rəsulunun (s.ə.s.) mövqeyi

Bu tərəfdə, Mədinədə Allah Rəsulu deyilənləri dinlədikdən sonra:

– Sənə yardım ediləcək, ey Amr ibn Salim, – buyurur və Huza başçısını  arxayın edir.

Ancaq çox üzgün idi. Əksəriyyəti qadın, uşaq və qoca olan iyirmi üç nəfərin qəfil gecə basqını ilə xaincəsinə öldürülməsinə necə dözmək olardı? Hələ üstəlik bunu edənlər: "Sizinlə və sizin müttəfiqlərinizlə on il müddətində müharibə etməyəcəyik," – deyə söz verən, qarşılıqlı şəkildə anlaşaraq atəşkəsə imza atan insanlardırsa?!

Görünür, Qureyş bu cür əməllərdən əl çəkmək niyyətində deyildi. Bu vaxt səmada bir bulud peyda olur və göy gurultusu qopur. Vəhydən başqa bir bəyana iltifat etməyən Allah Rəsulu bu hadisədən bir məna çıxarır və:

– Bu bulud Bəni-Kabın zəfər müjdəsini verir, – buyurur. Kainatda təsadüfün yeri yox idi, demək ki, bu, ilahi qəzəbin bir göstərcisi idi.

Daima Hicazda sülhün bərqərar olmasına çalışan Rəsulullah digər sahələrdəki talançılığın qarşısını almaq məqsədilə səriyyələr təşkil edib əshabını müxtəlif bölgələrə göndərərkən Məkkənin  gözlənilməz şəkildə belə bir addım atması və nəticə olaraq baş verən hadisə barədə:

– O insanlara mütləq yardım edəcəyəm. Əgər bu gün Bəni-Kaba kömək etməsəm, Allah da Mənə yardım etməz! And olsun ki, Mən onları özümü, ailəmi və evimi qoruduğum kimi qoruyacağam, – deyir və hər kəsin qarşısında qərarlı olduğunu bildirirdi.

Onlara sığınan bu insanlara mütləq əl uzatmaq lazım idi. İlk növbədə hücum edən insanların kimliyini dəqiqləşdirmək lazım idi. Buna görə də Rəsulullah (s.ə.s.) Amr ibn Salim və yoldaşlarından soruşur:

– Siz bu işdə kimdən şübhələnirsiniz və bunu kimin edə biləcəyini düşünürsünüz?

– Bəni-Bəkr, – deyə cavab verirlər.

– Yaxşı. Onların hamısı?

– Xeyr! Əsasən, Bəni-Nüfasənin başçısı Nəvfəl ibn Müaviyə, – deyirlər.

Rəsulullah (s.ə.s.):

– Bunlar Bəni-Bəkrin bir qoludur. Mən indi Məkkəyə bir adam göndərib bu hadisə barədə soruşacağam və onları üç variantdan birini seçmək məcburiyyətində qoyacağam.

Daha sonra Damra adlı bir səhabəni hüzuruna çağırır və bu hadisə haqqında onun da fikrini öyrənir.[3]Rəsulullahın təlimatını alan Hz.Damra Məkkəyə gəlib Qureyşlə danışacaq, onlar da son söz olaraq:

– Biz Ona qarşılıqlı olaraq müqaviləni ləğv etdiyimizi elan edirik, – deyəcək, bununla yenə də müharibəni seçən tərəf olacaqdı.