Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Qureyşin peşmanlığı

Qureyş zahirdə: "Bizim bu işdə əlimiz yoxdur," – deyib qəbul etməsə də, içinə qor düşmüş, işin içindən daha az ziyanla çıxmaq üçün yollar axtarırdı.

Haris ibn Hişam və Abdullah ibn Əbi Rəbiə əndişə içində Əbu Sufyanın yanına gəlirlər:

– Bu xətanı necə olursa-olsun, düzəltmək lazımdır. Əgər məsələni yoluna qoyub sülh bağlamasaq, Məhəmməd əshabı ilə mütləq buraya gələcək və belimizi bükəcək!

Onları dinləyən Əbu Sufyan dərin düşüncələrə dalır:

– Vallah, bu elə bir işdir ki, nə mən onun içindəyəm, nə də kənarda qala bilərəm – deyə sözə başlayır.

Bu vaxt qureyşlilərin digər əyan-əşrəfi də bura toplaşır. Əbu Sufyan lider olaraq ən kritik anlardan birini yaşayırdı və üzünü məkkəlilərə tutub çarəsizlik içində sitəm dolu sözlərinə davam edir:

– Bu yalnız mənim üzərimə yüklənəsi bir məsuliyyət deyildir! Vallah, bu məsələdə nə mənimlə danışıb məsləhət ediblər, nə də onu təsdiq etmişəm! Allaha and olsun ki, əgər hislərim məni aldatmırsa, Məhəmməd mütləq bizə müharibə elan edəcək. Çox təəssüf ki, hislərim həmişə doğru çıxmışdır! Məhəmmədin yanına gedib Onunla danışaraq müqavilənin təzələnməsini və müddətinin də uzaldılmasını istəməkdən başqa çarəmiz yoxdur.

Qureyşi peşmanlıq bürümüşdü. Dünənə qədər işi-peşəsi meydan oxumaq olan və bundan başqa bir yol düşünməyən insanlar məsələnin ciddiliyini dərk etdikcə sustalır, Əbu Sufyanın dedikləri ilə razılaşırlar.

– Vallah, düz deyirsən, – deyirlər və nəhayət, Əbu Sufyanı Allah Rəsulu ilə danışıb müddəti uzatması və müqaviləni də təzələməsi üçün Mədinəyə göndərmək qərarına gəlirlər. Çox keçmədən Əbu Sufyan köləsi ilə birlikdə Mədinə yolunu tutur.[4]

Bu tərəfdə isə Allah Rəsulu (s.ə.s.) Mədinədə üzünü əshabına tutub:

– Hal-hazırda Əbu Sufyan müqaviləni yeniləmək və müddəti uzatmaq məqsədilə buraya gəlir. Ancaq əliboş və qəzəbli dönəcək, – deyir. Vəziyyət çox gərgin idi. Burada tərəflərə çatdırlan məlumatlar hadisələrin istiqamətləndirilməsində mühüm faktor idi. Allah Rəsulu da əshabına məhz bu məlumatları verirdi.

Əbu  Sufyan Mədinədə

Əbu Sufyan artıq Mədinədə idi. Dünənə qədər düşmənçilik etdiyi, canlarına qıydığı insanlara indi xahiş-minnət edəcək və gərginliyi yumşaltmağa çalışacaqdı. Bunun üçün əvvəlcə qohumluq əlaqələrindən istifadə etmək istəyir. Qızı Ümmü Həbibə validəmizin yanına gəlir. Rəsulullahın döşəkçəsinə oturmaq istəyəndə gözləmədiyi halda Ümmü Həbibə validəmiz döşəkçəni atasının altından çəkir. Doğmaca qızı idi, amma açıq-aydın Rəsulullahı atasından üstün tuturdu. Əbu Sufyan təəccüblə  soruşur:

– Ay qızım! Sən məni o döşəkçəyə layiq görmədin, yoxsa o döşəkçəni mənə qısqandın?

Ümmü Həbibə validəmizin cavabı Əbu Sufyanı daha da sarsıdır:

– Əksinə, səni ona layiq görmədim, çünki o, Rəsulullahın oturduğu döşəkçədir! Sən isə müşriksən! Ona görə də Rəsulullahın döşəkçəsinə oturmağını istəmədim!

Əbu Sufyan hələ də sarsıntı içində idi:

– Qızım, məndən ayrılalı çox dəyişmisən.

– Tam əksinə. Allah məni İslamla şərəfləndirdi. Sən isə görüb eşitməyən bir daşa təmənna edir, qarşısında baş əyirsən!

Əbu Sufyan üçün qızının qapısı bağlı görünürdü. Peyğəmbərimizin hüzuruna getmək istəyir. Məsciddə idi və yaxınlaşır:

– Ya Məhəmməd, mən Hudeybiyyə müqaviləsində yox idim. Sən indi gəl bu sazişi təzələ və müddətini də uzat.

Heç nə olmamış kimi birbaşa müqavilənin təzələnməsi və müddətin uzadılma təklifini eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona:

– Həqiqətən, sən bunun üçünmü gəldin, ey Əba Sufyan?

– Bəli!

– Bundan əvvəl bir hadisə çıxarmamısınız ki?

– Allah eləməsin, – deyir Əbu Sufyan, – biz hələ də Hudeybiyyədə imzalanmış müqaviləyə sadiqiq, onu nə pozar, nə də dəyişdirərik.

Məsələni o üzə-bu üzə çevirir və bu cümlələrdən başqa bir söz demirdi. Huza müsibətini dinləyincə yoldaşlarını danlayan, Məkkədə yoldaşları ilə vəziyyəti götür-qoy edən, sonra da son sözlərini deyib Rəsulullahın elçisi Hz.Damrəni Mədinəyə yollayan və ardınca da müqavilənin pozulmasından əndişəyə düşərək Mədinəyə sırf sazişi bərpa etmək üçün gələn, elə bil, həmin Əbu Sufyan deyildi. Müqaviləni pozduqları halda, hələ də Hudeybiyyə anlaşmasına sadiq olduqlarını deyirdilər. Allah Rəsulu (s.ə.s.):

– Əslində hələ ki biz Hudeybiyyə müqaviləsinə sadiqiq. Onu nə dəyişdirdik, nə də pozduq, – deyir

Dəqiqədə bir Hudeybiyyə müqaviləsindən bəhs edən və huzalılara etdiklərini dilinin ucuna da gətirməyən Əbu Sufyanın bu davranışını bəyənməmişdi və daha artıq danışmağı faydasız hesab edir. Məsələni daha da uzatmamaq üçün məscidi tərk edir Rəsulullah.

Qapılar Məkkənin qüdrətli lideri Əbu Sufyanın üzünə bağlanırdı. Dərhal Hz.Əbu Bəkrin yanına gəlir. Eyni şeyləri ona da söyləyir və Rəsulullahı  bu işə razı salmasını istəyir. Ancaq bu qapı da bağlı idi. Həmin gün Əbu Sufyan Hz.Ömər, Hz.Osman, Hz.Əli, Sad ibn Ubadə başda olmaqla ənsar və mühacirlərin böyükləri ilə də danışır, amma istəyinə nail ola bilmir.[5]