Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Sonuncu dəfə yenə Hz. Əlinin yanına gəlir:

– Ya Əbal-Həsən, görürəm ki, bu işlərin öhdəsindən gələ bilməyəcəyəm, işlər getdikcə qarışır! Barı sən mənə bir yol göstər!

– Vallah, sənin üçün bir çıxış yolu görmürəm, – deyə Hz.Əli sözlərinə başlayır. Sonra da onun Bəni-Kinanənin rəhbəri olub-olmadığını soruşur:

– Bəli, mən onların rəhbəriyəm, – deyir. Buna cavab olaraq ona məsləhət görür:

– Onda, haydı, qalx və insanlara Bəni-Kinanəni himayənə aldığını elan et və sonra da öz yurduna qayıt!

– Bunun mənə bir faydası olacaqmı? – soruşur Əbu Sufyan.

Ümidsiz idi, amma başqa çarəsi də yoxdu. Çıxılmaz vəziyyətdə idi. Hz.Əli də bunu anlayırdı:

– Xeyr. Ancaq sənin üçün başqa bir yol görmürəm! – deyə cavab verir.

Uhudda meydan oxuyan, Allah Rəsulunu öldürmək üçün planlar quran və Xəndəkdə Rəsulullhaın üstünə hücum çəkən Əbu Sufyan çökmüşdü. Bir ümid deyib yenə məscidə gəlir:

– Ey insanlar, xəbəriniz olsun ki, mən insanların arasını düzəltmək üçün onları himayəmə aldım. Və bu məsələdə heç kimin əhdimi pozacağını sanmıram! – deyir.

Ardınca da sonuncu dəfə Allah Rəsulunun hüzuruna gəlir:

– Ya Məhəmməd, insanların arasını düzəltmək üçün onları himayəmə aldım!

Bu gün bunları deyirsə, o demək deyil ki, gələcəkdə sözünün arxasında duracaqdı. Sözünün ağası olmayan bir adama bundan sonra etibar etmək müşkül məsələ idi. Lap Əbu Sufyan sözünün üstündə dursa belə, məkkədəkilərə etibar yox idi. Ona görə də Allah Rəsulu (s.ə.s.) üzünü ona tutub:

– Bunu yalnız sən söyləyirsən, ey Əba Hanzala, – deyir. Bu, Rəsulullahın son sözü olur.

Sabahkı hadisələrin ağırlığı altında ikiqat olan Əbu Sufyanın geri dönməkdən başqa çarəsi yox idi və dəvəsinə minib Məkkə yolunu tutur.[6]

Xəbərə hakimlik və Rəsulullahın müşavirələri

Əbu Sufyanın gedişindən bir müddət sonra Rəsulullah (s.ə.s.) üzünü  Aişə validəmizə tutaraq:

– Yola çıxmaq üçün hazırlığa başla və bunu da gizli saxla, – deyə tapşırıq verir.[7]

Dönüş nöqtəsi idi və hər hansı yanlışılığa yol verməmək üçün diqqətli olmaq lazım gəlirdi. Allahın vəd etdiyi Məkkəyə gedəcəkdi Rəsulullah. Bu zaman qan tökülməsini istəmirdi; Məkkəyə elə getməyi planlaşdırırdı ki, düşmən qarşı çıxa bilməsin. Bu amacla bütün yolları bağlayacaq və Mədinədən bir xəbərin də məkkəlilərə çatmasına imkan verməyəcəkdi. Çünki müharibədə xəbərləşmə ən vacib məsələ idi. Ən çətin savaşlarda belə kiçik bir xəbər işin gedişini tamamilə dəyişdirir, imkansızı mümkün edirdi. Ona görə də Məkkəyə girənə qədər xəbərə, xəbələşməyə hakim olmalı idilər. Bununla bağlı əhəmiyyətli keçidlərin hamısına adamlarını yerləşdirmiş və bunlara ümumi nəzarəti də Hz.Ömərə tapşırmışdı.

Hz.Ömər keşikçilərə baş çəkir, yolda qarşılarına çıxan hər kəsi sorğu-sual etməyi və məqsədini öyrənmədən yol verməməyi tapşırır, əldə etdiyi bütün məlumatları Rəsulullaha çatdırırdı.

Bu qədər həssas tədbirlər görən Allah Rəsulu (s.ə.s.) bu məxfiliyi təmin etməsi üçün  Müsəbbibül-Əsbab olan Allaha dua edirdi:

– Allahım! Qureyşin qulaqlarını və gözlərini bağla ki, onlar bizi heç gözləmədikləri bir vaxtda və qəflətən görsünlər! Qapıya qədər gəldiyimizi qarşılarına çıxarkən anlasınlar!

Nəhayət, bir gün evindən çıxıb qapısının qarşısında oturur. Belə vaxtlarda özü çağırmayınca heç kim yaxınlaşmaz və ehtiramla gözləyərdi. Fikirli görünürdü və birdən:

– Əbu Bəkri çağırın, – deyir.

Görünür, onunla nəsə müzakirə edəcəkdi. Çox keçmədən Əbu Bəkir gəlir və xeyli söhbət edirlər. Sonra da sadiq dostuna sağ tərəfində yer göstərir. Bu dəfə də:

– Öməri çağırın, – deyir.

O da bir göz qırpımında özünü yetirir və Hz.Əbu Bəkrin yanında oturur. Hz.Ömərlə də xeyli söhbət edir. Ancaq Hz.Ömər təbiətcə daxili həyəcanını səsində əks etdirən adam idi:

– Ya Rəsulullah! – deyir, – onlar küfrün başçılarıdır! Həm də onlar Səni sehirbaz, kahin, yalançı və iftiraçı deyə damğalamaq istəyən adamlar deyilmi?!

Nəhayət, Allah Rəsulu ona da sol tərəfində yer göstərir. İndi sağında Hz.Əbu Bəkir, solunda Hz. Ömər dayanmışdı. Sonra əshabına müraciət edir:

– Sizə bu iki yoldaşınızın vəziyyətindən danışımmı?

– Bəli, ya Rəsulullah! Danış, – deyə cavab verirlər.

Əvvəlcə  üzünü Hz.Əbu Bəkrə tutub:

– Şübhəsiz, Hz.İbrahim Allaha qarşı ən yumşaq yağdan daha da yumşaq idi, – deyir.