Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Sonra da Ömərə baxaraq:

– Şübhəsiz ki, Hz.Nuh Allah haqqı məsələsində daşdan da sərt idi. Ancaq iş Ömərin dediyi kimidir! Bunun üçün də çiyin-çiyinə verib hazırlaşın!

Bəli, qarşıda yeni bir cihad görünürdü, amma əshab bu cihadın kimlə və haraya qarşı ediləcəyini və Rəsulullahın  Hz. Əbu Bəkir və Hz.Ömərlə nə barədə danışdığını öyrənmək istəyirdi. Ona görə də Allah Rəsulu gedən kimi Hz.Əbu Bəkrin yanına gəlirlər:

– Ya Əba Bəkir, biz Rəsulullahın sizinlə nə danışdığını Ömərdən soruşmağa çəkinirik. Nə barədə danışdığınızı bizə də deyə bilərsən?

Əbu Bəkir danışmağa başlayır:

– Məndən: "Məkkə ilə döyüşmək barədə nə düşünürsən?" – deyə soruşdu. Mən də: "Ya Rəsulullah, onlar sənin qövmündür," – dedim və mənim fikrimlə razılaşacağını düşündüm.

Ancaq O (s.ə.s.), Öməri çağırdı və ona da eyni sualı verdi. Ömər isə: "Onlar  küfrün başçılarıdır," – deyib Məkkə müşriklərinin Allah Rəsuluna indiyə qədər söylədiklərini bir-bir sadalamağa başladı. Sonra da: "Allaha and olsun ki, məkkəlilərin burnu ovulmadıqca ərəblər boyun əyməzlər!" – dedi və sizə də məkkəlilərlə döyüşməyi əmr etdi.

O vaxta qədər yalnız döyüşə hazırlaşdıqlarını bilən, ancaq bu müharibənin kimlərlə aparılacağı mövzusunda müxtəlif fikirlər səsləndirən və geniş məlumatı olmayan səhabələr də  işin mahiyyətini anlayır. Demək ki, artıq Hudeybiyyədən dönərkən Cəbrailin gətirdiyi müjdə həyata keçəcəkdi. Bu xəbər, xüsusilə, mühacirləri sevindirir. Evlərinə, uşaqlıq xatirələrinə, qohumlarına, vətənlərinə, ən  əsası isə bir daha ayrılmamaq üzrə Beytullaha  dönəcəkdilər!

Fərdi təşəbbüs

Peyğəmbərimizin Məkkəyə yürüş edəcəyi məlum olandan sonra Xatib ibn Əbi Bəltəa on dinar müqabilində bir qadınla Məkkədəki yaxınlarına məktub göndərir. İşin maraqlı tərəfi isə bunu Rəsulullah və əshabdan gizli tutur:

– Mümkün qədər gizli saxla, – deyə tapşırır və xəbərdarlıq edir, – əsas yollarla getmə, çünki oralarda keşikçilər var.

Bundan sonra məktubu Hz.Xatibdən alan Sarrə əvvəlcə onu saçlarının arasında yerləşdirir. Daha sonra da yola çıxır və Hz.Xatibin xəbərdarlığını da nəzərə alaraq ikinci dərəcəli yollardan istifadə etməklə Məkkə istiqamətinə hərəkət edir. Mahaccanın solundan Füluka, oradan da Aqiqa doğru irəliləyir.

Belə baxanda hər şey yolunda idi, kimsə görməmişdi. Ancaq heç kimin Allamül-Ğuyubdan – hər şeyi bilən Allahdan gizlənmə imkanı yoxdu. Yenə Mədinə Cəbrailin gəlişi ilə şərəflənir, məktubun xəbərini gətirirdi Allahın mələyi.

Məsələni bütün təfərrüatı ilə Hz.Cəbraildən öyrənən Allah Rəsulu dərhal Hz.Əli və Hz.Zübeyri çağırır:

– Dərhal yola düşün, – deyir, – Xatibin verdiyi məktubu və bizim Məkkəyə hücum məqsədilə bir yerə toplanmağımızın xəbərini Qureyşə çatdırmaq üçün yola çıxan o qadına çatın!

Allah Rəsulu bununla kifayətlənməyib həmin qadının Xah bağçalarında tapa biləcəklərini də deyir.

Əmri alan Hz.Əli və Zübeyr tələsik yola çıxır və qadını Allah Rəsulunun təsvir etdiyi yerdə yaxalayırlar. Çətinliklərin geridə qaldığını zənn edən Sarrə özünü bir anda yetirən atlıları görən kimi təşvişə düşür. Çatan kimi məktubu soruşurlar. Ancaq qadın, elə bil, ağzına su almışdı. Bunu görən Hz.Əli və Hz.Zübeyr qadını minikdən düşürdür və yükünü yoxlamağa başlayırlar, ancaq bir şey tapa bilmirlər. Hər yeri ələk-vələk edirlər, amma məktubdan əsər əlamət yox idi. Bu vaxt Hz.Əli çox ciddi şəkildə qadına səslənir:

– Allaha and olsun ki, Rəsulullah olmayan sözü deməz, biz də yalan söyləmirik! Buna görə də sən gəl öz xoşunla bu məktubu bizə ver, ya da biz nəyin bahasına olur-olsun, onu axtarıb tapacağıq!

Qadının ürəyi ağzına gəlir. Ətrafda ona kömək edəsi bir insan da yox idi, məsələ düşündüyündən də ciddi idi. Məktubu öz xoşu ilə verməsə, mütləq ortalığa çıxacaqdı! Əvvəlcə:

– Məndən uzaq durun, – deyir və saçlarının arasında gizlətdiyi məktubu çıxarıb Hz.Əliyə verir.

Məktubu götürən kimi Mədinəyə yollanan Hz.Əli və yoldaşları birbaşa Rəsulullahın hüzuruna gəlir. Məktubu alan Allah Rəsulu (s.ə.s.) əvvəlcə onu oxudur. Orada Rəsulullahın məkkəlilərin üstünə gələcəyi barədə xəbər var idi. Dərhal Hz.Xatibi hüzuruna çağırtdırır və ona:

– Ya Xatib, – deyə səslənir, – səni bu işə nə vadar etdi?